PDF Oxu

Əsas

  • 29

Zaman Azərbaycanın xeyrinə işləyir...

Zaman Azərbaycanın xeyrinə işləyir...

"Bu hadisə ilə əlaqədar Yeni Azərbaycan Partiyası xüsusi bir açıqlama verib. Bu açıqlama partiyanın internet saytında yerləşdirilib. Açıqlamada ermənilərin törətdiyi bu vəhşiliklər qətiyyətlə pislənilib, həmçinin beynəlxalq təşkilatlara ermənilərin törətdiyi bu vəhşiliklərə münasibət bildirmək çağırışı var". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Tovuzun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın əlində ermənilər tərəfindən Tovuz çayına atılmış partlayıcı maddə yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həlak olması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, ermənilərin bu hərəkətləri birinci dəfə deyil və onlar Azərbaycana qarşı təcavüzü həyata keçirdiyi vaxtdan müxtəlif səviyyəli cinayətlər törədiblər, müharibə qanunlarını pozublar. M.Qurbanlının sözlərinə görə, ümumilikdə götürdükdə ermənilərin bizə qarşı həmişə soyqırımı siyasəti yeritdiyini görmüşük.

"Tarixi prosesə də diqqət yetirəndə belə cinayətlərin əvvəllər də törədildiyini müşahidə etmişik. Məsələn, Quba məzarlığına gedərkən orada azərbaycanlıların vəhşi üsullarla qətlə yetirildiyini görürük. Həmin məzarlıqda aparılan araşdırmalar göstərir ki, hətta qadınlar, qocalar, uşaqlar küt alətlərlə qətlə yetirilib, hətta bəzilərinin başlarına mismar çalınıb. Ermənilərin Qarabağ müharibəsi dövründə törətdikləri vəhşiliklərdə hamının yadındadır. Xüsusilə Xocalının işğalı zamanı onlar əsir götürdükləri mülki vətəndaşlara qarşı törətdikləri cinayətlər, erməni snayperinin 9 yaşlı Fariz Bədəlova güllə atması hər kəsə bəllidir. Oyuncaqlara partlayıcılar quraşdırılaraq axar sular vasitəsilə Azərbaycan tərəfinə ötürülməsi, oyuncaqlara minalar yerləşdirərək Azərbaycan tərəfinə atılması faktı əvvəllər də olub", - deyə o əlavə edib.

Partiya rəsmisi vurğulayıb ki, Tovuzda baş verən son hadisə ermənilərin bütün vasitələr əl atdığını göstərir. Yəni, erməni tərəfinin müharibə qanunlarını tapdaladığını, beynəlxalq aləmdə mövcud olan müharibə ilə bağlı ənənələri pozduğunu deyən M.Qurbanlı qeyd edib ki, bütün bunlar erməni xislətinin, erməniçiliyin və erməniliyin mahiyyətini göstərən bir hadisədir. Ermənilər xəstə təxəyyülə malik olan bir millət kimi tanındığını bildirən millət vəkili bu gün belə bir hadisənin törədilməsini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aparılan danışıqlara arxadan vurulan zərbə hesab edib: "Prezidentimiz İlham Əliyev bu münaqişənin həll edilməsi üçün bütün səylərini ortaya qoyub. Azərbaycan tərəfi Rusiya, ABŞ və Fransa kimi aparıcı dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun iştirakı ilə Ermənistanla danışıqlar aparır və məsələni həll etmək istəyir. Ancaq belə bir danışıqların getdiyi bir dövrdə mülki vətəndaşlara qarşı ağır cinayətlərin törədilməsi nəticə etibarı ilə bu danışıqları pozmağa yönələn cəhdlərdən başqa bir şey deyil. Bu həmin danışıqlara qəsd etmək, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq, erməniliyin bütün hallarda bəşəriyyət əleyhinə cinayətlər törətdiyini göstərən fakt kimi sübut olunur. Ona görə də Yeni Azərbaycan Partiyası bu hadisəni qətiyyətlə pisləyir, həlak olan qızın ailəsinə başsağlığı verir və əminliklə bildiririk ki, ermənilərin törətdiyi bütün cinayətlərin cavabı veriləcək. Zaman Azərbaycanın xeyrinə işləyir. İqtisadi, siyasi, diplomatik üstünlüyümüz göz önündədir. Bu üstünlüklər gec və ya tez ermənilərin bizim şərtlər daxilində sülhə gələcəyini söyləməyə əsas verir".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan tərəfi bu hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib və bu proses bu gün də gedir: "Beynəlxalq hüquq və norma prinsiplərində "müharibə cinayətləri" deyilən anlayış var. 1945-ci ildə faşist Almaniyası məğlub olduqdan sonra onun törətdiyi cinayətləri tədqiq edən Nürnberq Tribunalı yaradılıb. Həmin tribunalın müəyyən etdiyi cinayətlər var. Bundan sonra, Beynəlxalq Haaqa Məhkəməsində də müharibə cinayətləri tədqiq olunur və bunları törədənlər cinayət məsuliyyətinə cəlb olunur. Təbii ki, bütün bu cinayətlə yığılır. Azərbaycan tərəfi bütövlükdə ermənilərin törətdiyi vəhşilikləri ümumiləşdirmiş qaydada bəşəriyyət əleyhinə törədilmiş cinayətlər kimi təqdim edir. Bu hadisə də bəşəriyyət, insanlıq əleyhinə törədilən cinayətlər sırasındadır. Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara müraciəti hesab edirəm ki, erməni tərəfinin bununla bağlı qınağa məruz qalacağına əsas verir. Sözsüz ki, ermənilər bununla bağlı beynəlxalq təşkilatlardan müəyyən qınaq bəyanatları alacaqlar. Ancaq indiki dünyamızda bəzi dairələrin hələ də erməniləri bu və ya digər formada müdafiə etdiyini görürük. Biz bundan çox təəssüflənir və beynəlxalq təşkilatların ikili standartlara son qoymasını istəyirik".

Digər xəbərlər