PDF Oxu

Əsas

  • 42

“Dövlət bilavasitə maraqlıdır ki, Azərbaycanda müstəqil mətbuatın bazası möhkəm, iqtisadi durumu, sosial həyat şəraiti yaxşı olsun”

“Dövlət bilavasitə maraqlıdır ki, Azərbaycanda müstəqil mətbuatın bazası möhkəm, iqtisadi durumu, sosial həyat şəraiti yaxşı olsun”

"90-cı illərin əvvəllərində senzura, hərbi senzuranın mövcud olması, mətbuat üzərində ciddi nəzarət mexanizmlərinin, jurnalistlərə, redaksiyalara müəyyən təpki və təzyiqlərin olması ilk illərdə Milli mətbuatın inkişafına çox pis təsir edirdi.

Amma 1993-cü il ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də kifayət qədər uğurlu addımlar atılıb". SİA-nın xəbərinə görə, bunu "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O bildirib ki, müstəqil mətbuatın təməl prinsipləri məhz ulu öndərin Azərbaycanda xalqın tələb və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün olub. Onun sözlərinə görə, 1998-ci il avqustun 6-da senzuranın aradan qaldırılması, 1999-cu il KİV haqqında mütərəqqi bir qanunun qəbul edilməsi, 2001-ci ildə bu qanuna əlavə və düzəlişlərin olması həm mətbuatın hüquqi bazasının təkmilləşməsinə, həm də bütövlükdə mətbuatın müstəqil şəkildə fəaliyyət göstərməsinə böyük zəmin yaradıb. V.Rəhimzadə vurğulayıb ki, artıq 2003-cü ildə mətbuat üzərində dövlətin hər hansı bir nəzarət mexanizmi yox idi.

"Mətbuat yalnız öz-özünü tənzimləyirdi. Azərbaycanda kifayət qədər müstəqil mətbuat orqanları fəaliyyətə başlayıb. 2005-ci ildən Prezident İlham Əliyev jurnalistlərə fəxri adların verilməsi, qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması, redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılması üçün mühüm qərarlar verib. 2008-ci ildə Azərbaycanın mətbuat tarixində böyük bir hadisə baş verib. 2008-ci il Azərbaycanda KİV Haqqında Dövlət Konsepsiyası Prezident tərəfindən təsdiq olunub, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Mayın 22-də fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin olunub. Bununla da qəzetlər maliyyə imkanlarını yaxşılaşdırmaq imkanı əldə ediblər, eyni zamanda bu, qəzetlərin texniki imkanlarının yaxşılaşması, fərdi jurnalistlərin peşəkarlığının artırılması baxımından mühüm addım idi. 2 ilə yaxındır fəaliyyət göstərən fond uğurlu layihələr keçirib. Bundan əlavə, jurnalistlərə evlərin tikilməsi ilə bağlı 5 milyon manat vəsaitin ayrılması dünyada analoqu olmayan addım idi. Bu kimi hallar bu gün də çox uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyev digər sahələrə olduğu kimi, mətbuata da xüsusi önəm verir və diqqət yetirir. Dövlət bilavasitə maraqlıdır ki, Azərbaycanda müstəqil mətbuatın bazası möhkəm, iqtisadi durumu, sosial həyat şəraiti yaxşı olsun", - deyə o əlavə edib.

Digər xəbərlər