PDF Oxu

Əsas

  • 31

Milli mətbuat 136 il xalqa ximət yolunda

Milli mətbuat 136 il xalqa ximət yolunda

Dünya jurnalistikası və informasiya sektoru hazırda yüksəliş dövrü keçirir və bu proses Azərbaycana da sirayət edir. Azərbaycan dünya ölkələri arasında mətbuatın yaranma tarixi və inkişafına görə ön yerlərdən birini tutur. Ona görə də, istərdim ki, öncə Azərbaycan mətbuat tarixinə qısa bir səyahət edək.


"Əkinçi"nin səpdiyi toxumlar


Milli mətbuatımızın tarixi 1875-ci ildən Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başladı. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir vaxtda baş verdi. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin yaratdığı qəzet o dövr üçün böyük hadisə idi. "Əkinçi"yə qədər də bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür.

Təsadüfi deyil ki, Zərdabi özü "Kəşkül" qəzeti ilə "Şərqi-Rus" arasında keçən 13 ili- mətbuatsız keçən dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırmışdı. Azərbaycanın maarifçi-demokrat jurnalistləri, xüsusilə, milli problemlərin mətbuatda qoyulması zamanı ciddi təzyiqlərlə üzləşsələr də, onlar geri çəkilməyiblər.

İlk dövrlər azərbaycançılıq və maarifçilik ideyalarının ifadəsi mühüm mərhələ təşkil edirdi. M.Şahtaxtlının "Şərqi-Rus"u, Ə.Hüseynzadə, Ə.Ağaoğlunun "Həyat" qəzeti məhz azərbaycançılıq ideyalarının genişlənməsi, təbliği, aydınlaşdırılması məqsədilə yaradılmışdı. Lakin bu mətbuat orqanları xalq tribunasına çevrilə bilmədilər. Bu missiyanı öz üzərinə "Molla Nəsrəddin" jurnalı götürdü.


Ulu Öndər mətbuatımızın inkişaf konsepsiyasını yaratdı

Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu Fərmanla Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") ləğv edildi.

Bundan əlavə, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması Nazirlər Kabinetinə həvalə edildi. Ümumiyyətlə, senzuranın ləğvi barədə Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafını, cəmiyyətin həyatında onların səmərəli rolunun artmasını təmin etdi.

2001-ci ilin 18 dekabrında aparıcı KİV rəhbərləri ilə görüşən Ümummilli Liderimiz Heydər Əliyev ölkə jurnalistikasının üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün müvafiq saziş və fərmanlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" Nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülən Ulu Öndər Heydər Əliyev hər zaman ölkədə söz və mətbuat azadlığının qarantı kimi çıxış edirdi.


Milli mətbuata dövlət qayğısı güclənib


Ulu Öndərin başladığı siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir.

O, 2003-cü ildə Prezident seçildikdən sonra KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalayıb, qanunvericilik aktları təsdiq edib. 2003-cü ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində "Televiziya və radio yayımı haqqında" qanunun qəbul edilməsi və elektron KİV sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən müstəqil dövlət orqanı kimi Milli Televiziya və Radio Şurası yaradılması, Azərbaycan Dövlət Televiziyası və Radiosunun QSC-yə çevrilməsi, 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında" qanunun qəbul edilməsi, 2005-ci ildə isə AzTV- 2-nin bazasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlaması Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatların davamlılığını təsdiq edən addımlardır. Jurnalistlərin müvafiq strukturlardan informasiya almaq hüquqlarını rəsmiləşdirən "İnformasiya əldə etmək haqqında" qanun da məhz İlham Əliyevin prezidentliyi dövründə qəbul edilib. Prezident 2005-ci il sentyabrın 30-da bu qanunu təsdiq edib. Jurnalist təşkilatları, ATƏT və Avropa Şurasının ekspertlərinin iştirakı ilə hazırlanmış həmin sənəd bu gün də Avropa məkanında ən mütərəqqi qanunvericilik aktlarından hesab olunur.

Heç də təsadüfi deyildir ki, "Ruh" Jurnalistlərin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğuda jurnalistlər bu reallığı yüksək qiymətləndirərək cənab Prezidenti "Jurnalistlərin dostu" mükafatına layiq gördülər. Bu sorğunun nəticələri bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev ölkədə azad sözün və mətbuat azadlığının qarantıdır. Məlumdur ki, mətbuatın müstəqilliyinin ən mühüm şərti isə onun iqtisadi cəhətdən özünü yaşada bilməsindədir. Bu məqsədlə də Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Dövlət mediaya öz dəstəyini qrantlı layihələrin gerçəkləşdirilməsi, jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrinin təşkili və qaliblərin mükafatlandırılması yolu ilə həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyon manat, 2010-cu ildə 2 milyon manatdan çox ayrılıb.

Həmçinin, 2005-2010-cu illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden və medallarla təltif edilib, fəxri adlar alıb, Prezident təqaüdünə layiq görülüb. Təqdirəlayiq haldır ki, fəxri adlara layiq görülən jurnalistlər arasında "Səs" qəzetinin əməkdaşları da var.

Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamı əsasında 5 milyon manat vəsait ayrılıb. Bu vəsaitlə jurnalistlər üçün yeni binaların tikintisinə başlanıb. Bütün bunlar onu göstərir ki, jurnalistlər Prezident İlham Əliyevi özlərinin dostu seçməkdə heç də yanılmayıblar. Biz jurnalistlər cənab Prezidenti özümüzün əsil dostumuz sayırıq. İnanırıq ki, Onun diqqət və qayğısı şəraitində Azərbaycan mətbuatı daha da inkişaf edəcək, dünya informasiya məkanında öz layiqli yerini tutacaq.


Elçin Bayramlı

Digər xəbərlər