Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da Polşa Xəbər Agentliyinin (PAP) İdarə heyətinin sədri Yerji Pasiorkovski ilə görüş olub. Görüşdə AzərTAc ilə PAP arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirib ki, agentliklər arasında əməkdaşlıq haqqında sənədin imzalanması, qarşılıqlı əlaqələrin genişlənməsi, heç şübhəsiz, Polşa-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə layiqli töhfə verəcək. A.Aslanov deyib ki, Azərbaycan və Polşanın milli informasiya agentlikləri Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində fəal əməkdaşlıq edirlər. Agentliklər arasında əməkdaşlığın indiki səviyyəsindən razı qaldığını bildirən Yerji Pasiorkovski vurğulayıb ki, qarşılıqlı əlaqələri möhkəmləndirmək üçün böyük potensial vardır.
Polşa agentliyinin başçısı əməkdaşlıq imkanlarını genişləndirmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə AzərTAc-ın nümayəndə heyətini Varşavada qəbul etməyə hazır olduğunu bildirib. Görüşdə agentliklər arasında informasiya və jurnalist mübadiləsi məsələlərinə də toxunulub