PDF Oxu

Əsas

  • 36

Beynəlxalq birlik rəsmi Yerevanın terrorçu mövqeyinə qarşı konkret addımlar atmalıdır

Beynəlxalq birlik rəsmi Yerevanın terrorçu mövqeyinə qarşı konkret addımlar atmalıdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi get-gedə davamlı xarakter almaqdadır. Lakin bu intensivliyə baxmayaraq, təcavüzkar və işğalçı Ermənistan dövləti bu çirkin, qəbuledilməz niyyətindən, siyasətindən əl çəkmir. Bir neçə gün öncə, Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı qızcığazın - Aygün Şahmalıyevanın ölümü bu çirkin niyyətin növbəti təsdiqi oldu.

Ermənilər tərəfindən gerçəkləşən bu kimi terrorçu aksiyalar bir daha sübut edir ki, onlar bölgədə nəinki sülh istəmirlər, eləcə də, regionun daim təhdid altında qalmasında xüsusi maraq göstərirlər. Məsələnin maraqlı məqamlarından digəri də ondan ibarətdir ki, hər dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar aktiv mərhələyə daxil olarkən, Ermənistan ənənəvi vəhşilik metodlarına əl ataraq, mövcud prosesi ilkin situasiyaya tərəf sürükləyir. Bunu etmək üçün isə, qana həris olan erməni ordusu ən çirkin yola baş vuraraq, məsum, günahsız uşaqları güllə və partladıcı qurğu hədəfinə götürürlər. Xatırladaq ki, cəmi 5 ay ərzində iki azərbaycanlı azyaşlı uşağı vəhşicəsinə qətlə yetirən ermənilər həyasızcasına bu əməli törətdiklərini qəbul edirək, bir daha dünyaya nümayiş etdiriblər ki, onlar nəinki sülh arzulamırlar, hətta dinc insanların, xüsusilə, uşaqların qatilidirlər.

Qeyd edək ki, bir neçə gün öncə 13 yaşlı azərbaycanlı qızın ölümünə səbəb olan partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq, Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün oyuncağı masanın üstünə vurub və nəticədə güclü partlayış baş verib. Xatırladaq ki, Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır və Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblərmiş. Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.


Terror ənənələrini davam etdirən Ermənistanın qaniçənliyi heç kimdə təəccüb doğurmamalıdır


Bu cür terror əməlləri hələ 70-80-ci illərdə Əfqanıstanda, Livanda, Fələstində həyata keçirilirdi və uşaq oyuncaqlarının vasitəsi ilə neçə-neçə körpələr ya həyatlarını itirib, ya da ömürlük şikəst qalıblar. Belə ki, terror əməlləri törədilərkən, bu olayları öz üzərlərinə götürənlər də məhz müxtəlif terror dəstələri olublar. Bu gün bu "ənənəni" Ermənistanın davam etdirməsi heç kimdə təəccüb doğurmamalıdır. Çünki Xocalı, Malıbəyli və digər bu kimi hadisələrdə yüzlərlə balalarımız erməni terrorunun qurbanına çevrilib, həyatlarını itiriblər.

Beləliklə, ermənilərin uşaq oyuncaqlarından istifadə edərək, terror aktı törətmələri, bir daha onu göstərir ki, onlar məxsusi olaraq, azərbaycanlı uşaqları hədəflərinə alıblar. Yəni, uşaqların oyuncağa münasibətini bilən erməni hərbçiləri qətlləri bu vasitə ilə həyata keçirməyi özləri üçün əlverişli üsul hesab edirlər. Ümumiyyətlə, erməni hərbçilərinin azərbaycanlı azyaşlı uşaqları qətlə yetirməsi təkcə partlayıcı oyuncaq vasitəsilə deyil, eyni zamanda, snayperdən də istifadə etməklə də həyata keçirilir. 2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi də heç kəsin yadından çıxmayıb. Yəni, 9 yaşlı uşaq təsadüfi deyil, tam şüurlu şəkildə, uzun müddət hədəfdə saxlanılaraq, dəqiq atəş vasitəsilə öldürülüb. 1994-cü və 2011-ci illərdə partlayıcı oyuncaqdan, bu ilin mart ayında isə snayperdən istifadə edərək, uşaqların ermənilər tərəfindən qətlə yetirilməsi faktları bir daha onu təsdiqləyir ki, Ermənistan hərbçiləri azərbaycanlı uşaqları öldürmək metodunu seçib və bu metoddan istifadəni "ənənə" halına salıb.


Terrorçular cinayət məsuliyyətinə cəlb edilməlidir


Bütün bunlarla birgə, uşaq qanına susamış ermənilər bu hərəkətlərilə beynəlxalq konvensiyalarda öz əksini tapmış prinsipləri pozub. Qeyd edək ki, həmin prinsiplərə əsasən, mülki şəxslərə, o cümlədən, uşaqlara atəş açılması qadağan olunur. Eyni zamanda, beynəlxalq hüquq səviyyəsində müharibə qanunları müəyyənləşdirilib ki, hərbçilər onlara mütləq riayət etməlidirlər. Əlbəttə ki, bu qanunları pozanlar, xüsusilə də, uşaqlara və qadınlara qarşı cinayətlər törədənlər artıq terrorçu adlandırılmalı, eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Erməni hərbçiləri tərəfindən azərbaycanlı azyaşlı uşaqların, həmçinin, mülki şəxslərin qətlə yetirilməsi isə məhz qəbul olunmuş hərbi qanunların və beynəlxalq konvensiyaların tələblərinin pozulması deməkdir. Bu səbəbdən də, Ermənistan dövləti beynəlxalq təşkilatlar tərəfindən təzyiqlərə məruz qalmalı və bu cinayət faktlarına görə cəza almalıdır.Azərbaycan tərəfinə tam aydındır ki, ermənilər bu cür əməllərlə sülh prosesini zərbə altında qoymağa çalışır. Təcrübə də göstərir ki, Ermənistan tərəfi bu metodlardan ancaq münaqişənin həlli ilə bağlı pozitiv mühit formalaşan zaman istifadə edir. Çünki məhz 1994-cü ildə atəşkəs əldə olunduqda, həmçinin, 2011-ci ilin martında və iyul ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq ən yüksək səviyyəyə çatdıqda, bu cinayət aktları törədilib.


Nüfuzlu beynəlxalq qurumlar öz qəti sözlərini deməkdən çəkinməməlidirlər


Azərbaycan tərəfi bu hadisələri, Ermənistanın işğalçılıq siyasətinin əsil mahiyyətini beynəlxalq birliyə çatdırmaqdadır. Belə ki, hadisədən dərhal sonra KİV-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat veriləcəyini bildirib. Prezident Adminstrasiyasının rəsmisi qeyd edib ki, bu hadisə ermənilərin simasını bir daha açdı və onların vəhşi üsullara əl atdığını bir daha göstərdi: "Müharibənin də öz qaydaları var. Uşaq oyuncağının içərisinə partlayıcı maddə yerləşdirib çayla bir kəndə axıtmaq, sözün həqiqi mənasında, vəhşiliyin nümunəsidir". Ermənilər tərəfindən son vaxtlar bu qəbildən olan hadisələrin mütəmadi şəkildə törədildiyini vurğulayan Əli Həsənov bu ilin martında 9 yaşlı uşağın snayperlə öldürülməsi, 1994-cü ildə çaya buraxılan oyuncağın partlaması nəticəsində iki azyaşlı uşağın həlak olması, birinin isə yaralanmasını misal göstərib: "Bu hadisələr Ermənistanın Cənubi Qafqazda sülhə, barışığa, insanların dinc yaşayışına nə qədər mane olduğunu göstərir". Daha bir məqamı da qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri də bu məsələni təşkilat qarşısında qaldıracaqlarını bəyan ediblər. Onu da bildirək ki, bir sıra dövlətlərin, eləcə də, beynəlxalq təşkilatların nümayəndələri də məlum hadisəyə münasibət bildirərək uşaq ölümünü qəti olaraq pisləyiblər, hiddətlərini bildiriblər. Lakin əfsuslar olsun ki, bu münasibətlər ümumi xarakter daşıyır və işğalçı, təcavüzkar, terrorçu dövlət olan Ermənistan ciddi qınaq obyektinə çevrilmir. Artıq BMT, ATƏT, AŞPA və bu kimi digər beynəlxalq nüfuzlu qurumlar erməni vəhşilərinin azyaşlı azərbaycanlı uşaqların qətlinə görə hərəkətə keçməli və bu cür terror hadisələrinin bir daha təkrar olunmaması üçün Ermənistana qarşı tədbirlər görməlidirlər.Əgər müvafiq addımlar atılmasa, rəsmi Yerevan, separatçı, qondarma "DQR"-in "hərbi birləşmələri" öz terrorçu əməllərini davam etdirməkdən usanmayacaqlar. Qatillərə, terroru dövlət siyasətinə çevirənlərə qarşı beynəlxalq aləmin söz deməsinin vaxtı çoxdan yetişib.


R.RƏSULOV

Digər xəbərlər