PDF Oxu

Əsas

  • 34

YAP Xəzər rayon təşkilatı iftar süfrəsi açdı

YAP Xəzər rayon təşkilatı iftar süfrəsi açdı

Bildiyimiz kimi, dünya müsəlmanlarının xüsusi olaraq, qeyd etdiyi Ramazan ayı müqəddəsliyi ilə bərabər, həm də insanları haqqa-ədalətə və birliyə çağıran ay kimi qəbul edilməkdədir. Bu ayda hər bir mömin şəxs öz nəfsini, iradəsini, əqidəsini yoxlamaqla bərabər, yalnız xeyirxahlıq əməlinə uyğun olaraq, addımlar atır. Eyni zamanda, Uca Allaha olan sevgisini, məhəbbətini izhar edir. Səhərdən gün batana qədər yeməksiz və susuz keçinən müsəlmanlar bu vasitə ilə bəşəriyyətə məxsus olan bütün müsbət cəhətləri özlərində canlandırmağa səy göstərirlər. Eləcə də, bu müqəddəs ayda hər bir insan qonşusuna, hətta tanımadığı belə insana xeyirxah əməli ilə yaxşılıq etməklə, Uca Allah qarşısında öz insanlıq borcunu yerinə yetirmiş olur.

Dünən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının təşəbbüsü ilə rayonun Şüvəlan qəsəbəsinin məscidində iftar süfrəsi təşkil edilmişdir. İftar süfrəsində müsəlmanlara xas olan süfrə açılmış, qəsəbənin və qəsəbə ətrafının sakinləri bu tədbirə dəvət edilmişdir. Sakinlər Uca Allah yolunda açılmış iftar süfrəsinə qatılaraq, öz müsəlmanlıq borclarını yerinə yetirmişdir. Onu da qeyd edək ki, iftar süfrəsində yalnız müsəlmanlar deyil, həmçinin, digər dinlərdən olan vətəndaşlar da qatılmışdır. Bu isə onun bariz göstəricisidir ki, ölkəmizdə müxtəlif dinlərdən və məzhəblərdən olan hər bir Azərbaycan vətəndaşı mütləq tolerantlıqla yaşamaqla, öz dini funksiyalarını yerinə yetirirlər. Həmçinin, xristianlığından, müsəlmanlığından, eləcə də, yəhudiliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı dini müxtəliflik müstəvisində qarşılıqlı hörmət bəsləməklə, bu tolerantlığı inkişaf etdirir, onu yayırlar. Təbii ki, bütün bu önəmli hadisələr ölkədə aparılan çoxşaxəli nəhəng və irimiqyaslı siyasətin məntiqi və uğurlu nəticəsidir.

İftar süfrəsində sadə vətəndaşlarla yanaşı, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin deputatları Rauf Əliyev, Sabir Hacıyev, eləcə də, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digər partiya fəalları iştirak ediblər. İftar süfrəsi açılmamışdan öncə, müsəlman dünyasının müqəddəs kitabı olan Quran ayələrindən surələr oxunmuş, dualar edilmişdir. Sonra iftarlarını açan qəsəbə sakinləri və qonaqlar Ramazan ayının fəzilətləri barədə söhbətlər aparmış, bu ayın insanlar üçün nə qədər xeyirxah ay olduğunu bildirmişlər. İftar süfrəsində iştirak edən millət vəkilləri də əhali ilə bu və digər mövzularda söhbətlər aparmış, onları maraqlandıran suallara cavab vermişlər. İftar süfrəsi Şüvəlan məscidinin dini nümayəndələri tərəfindən müqəddəs Quran avazları ilə başa çatdırılmışdır.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər