PDF Oxu

Əsas

  • 36

Şəxsi mənafelərini güdən partiyalar siyasətdən getməlidir

Şəxsi mənafelərini güdən partiyalar siyasətdən getməlidir

Ölkənin siyasi arenasında bir çox partiya fəaliyyət göstərməkdədir. Lakin həmin partiyaların böyük qismi ya fəaliyyət göstərmir, ya da siyasi fəaliyyətdən daha çox öz şəxsi mənfəətlərini güdürlər. Hətta bu müstəvidə anti-dövlətçi mövqelərini sərgiləməkdən belə çəkinmirlər.

Bu isə, təbii ki, istər siyasi ictimaiyyətdə, istərsə də, bütövlükdə, xalqda ciddi narazılıqlara səbəb olan faktordur. Eyni zamanda, söyləmək mümkündür ki, inkişaf etmiş bir çox Avropa dövlətlərində bu tipli siyasi təşkilatların fəaliyyətlərinə xitam verilir, hətta məhkəmələr yolu ilə ciddi qərarlar çıxarılaraq, partiya sədrləri qarşısında ittihamlarla çıxışlar edilir. Bu gün Azərbaycanda formalaşmış demokratik siyasi mühitdə elə partiyalar da mövcuddur ki, onların yalnız adları və sədrləri var ki, hər hansı bir hadisəyə münasibət bildirmək üçün bəyanatlar səsləndirməkdən başqa əllərindən heç nə gəlmir. Bu isə, bir daha onu təsdiqləyir ki, artıq ölkəmizdə də "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu mütləq hal almaqdadır.

Məsələn, mövzuya münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı YAP öz təkliflərini irəli sürüb. Hazırda bu layihəyə rəy verilməsi üçün Venesiya Komissiyasında baxıldığını bildirən YAP İcra katibinin müavini bütün hallarda son sözü Milli Məclisin deyəcəyini vurğulayıb. Millət vəkili hesab edir ki, həqiqətən də, bu sahədə yeni bir qanunun qəbul olunmasına zərurət var: "Azərbaycanda bir çox partiyaların fəaliyyət istiqamətində yenilik lazımdır. Bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necəydisə, elə də qalır."

Rəqəmlərə müraciət etsək görərik ki, bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə, 100-ə qədər partiya fəaliyyət göstərir. Siyavuş Novruzov hesab edir ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı bir funksiyanı həyata keçirmir: "Amma dünyada bu praktika mövcuddur, əgər hər hansı siyasi təşkilat fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz. Məsələn, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il hər hansı seçkilərdə iştirak etməyən partiyaların avtomatik olaraq qeydiyyatı ləğv olunur. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar öz qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır."


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər