PDF Oxu

Əsas

  • 52

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 92 il ötür

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 92 il ötür

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 92-ci ildönümü münasibəti ilə dünən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və DSX-nin əməkdaşları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra sərhədçilər Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılan memorialın qarşısına əklik qoyaraq Qarabağ müharibəsi zamanı şəhid olan sərhədçilərin məzarlarını ziyarət ediblər.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev jurnalistlərə açıqlamasında Azərbaycan sərhədçilərinin Sərhəd Mühafizəsinin yaranmasının 92-ci ildönümünü fəxrlə və baş ucalığı ilə qeyd etdiyini bildirib.

O, qeyd edib ki, son illər Azərbaycan sərhəd mühafizəsinə Ali Baş Komandan tərəfindən göstərilən qayğı və dünya ölkələrində istifadə edilən ən yeni texnologiyaların tətbiqi sərhəd mühafizəsinin daha yüksək səviyyədə təşkilinə imkan yaradıb: "Bu gün dünyada sərhəd mühafizəsinə tətbiq ediləcək müasir avadanlıqlar Azərbaycan sərhəd mühafizəsinə tətbiq edilməkdədir".

Qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. 2002-ci il iyulun 31-də Prezident Heydər Əliyevin imzaladığı sərəncamla Sərhəd Qoşunları müstəqil qurum - Dövlət Sərhəd Xidməti kimi fəaliyyə başlayıb. Qısa müddət ərzində onlarla zastavası açılan Dövlət Sərhəd Xidməti (DSX) 7 ölkə ilə mövcud 3 min kilometrdən artıq sərhədi qoruyur. Dəniz hüdudlarının qorunması üçün də DSX lazımı texnikaya malikdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisi - 86,6 min kvadrat kilometirdir. Sərhədlərinin ümumi uzunluğu isə 3471 kilometrdir. Bunun 825 kilometri su sərhədidir. Cənubdan İranla 756 kilometr, Türkiyə ilə 13 kilometr, Şimaldan Rusiya ilə 390 kilometr, şimali-qərbdən Gürcüstan ilə 480 kilometr, qərbdən Ermənistan ilə 1007 kilometr həmsərhəddir.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunan əraziləri 13 min 210 kvadrat kilometr, Dağlıq Qarabağın sahəsi 4 400 kvadrat kilometr təşkil edir. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və hazırda Ermənistanın nəzarəti altındadır.

Digər xəbərlər