Dünya müsəlmanlarının və Azərbaycan xalqının böyük coşqu hissi ilə qeyd etdiyi Ramazan ayı öz sonuna doğru başa çatmaqdadır. Bu ayın üstünlüyü və fəziləti ondan ibarətdir ki, özünü inanclı hesab edən hər bir şəxs, hər bir fərd müqəddəs ayın ərzində oruc tutur, öz iradəsini, nəfsini uca Allah yolunda sınayır. Müqəddəs Ramazan ayı, həm də əl tutmaq, kimsəsizlərə, qocalara, uşaqlara yardım etmək ayı kimi də qəbul edilir. İmkanı olan şəxslər bütün mənalarda həmin insanlara Allah yolunda yardımlar edir, dəstək olurlar.
Belə bir addım dünən Yeni Azərbaycan Partiyası tərəfindən Bilgəhdəki qocalar evində açılan iftar süfrəsində də həyata keçirildi. Təşkil edilmiş iftar süfrəsində Allahın Yer üzünə göndərdiyi nemətlər oruc açan insanların qarşısına düzülmüşdü. Yaşından, dinindən, dilindən, irqindən fərqli olmayaraq, hər kəs üçün açıq olan bu halal süfrəyə hər kəs əyləşmiş və öz oruclarını açmışlar. Tədbirdə YAP İcra Katibliyi adından ağsaqqal və ağbirçəkləri salamlayan, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ömrünün ahıl çağını yaşayan insanlara bu müqəddəs ayda uzun ömür, cansağlığı arzulayıb.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tədbirdə çıxış edərək bu cür savab və əməlisaleh işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.Qeyd edək ki, Bilgəhdəki qocalar evində təşkil edilən iftar süfrəsində millət vəkili Rauf Əliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və YAP Xəzər rayon partiya təşkilatının sədri Namiq Əhmədov da iştirak edirdilər.
İftar açılmamışdan öncə, islam aləminin müqəddəs kitabı olan Qurandan ayələr oxundu, dualar edildi. Daha sonra hər kəs öz orucunu açmaqla növbəti müqəddəs günün sevinc və fərəhini yaşadı. İftarın sonunda bir-birindən maraqlı mövzular ətrafında söhbətlər aparıldı. Bu ayın daha hansı üstünlüklərə malik olması barədə bilgilər verildi. Xüsusilə, onu da vurğulamaq vacibdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən hər zaman müqəddəs bayramlara diqqət yetirilmiş və bu diqqət yalnız müsəlman aləminə deyil, eləcə də, digər dini baxışı olan vətəndaşlara da yetirilmişdir. Xristianlığından, yəhudiliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının milli mənəviyyatı, dini baxışı hörmətlə qarşılanmışdır. Bu isə, bir daha onu sübut edir ki, Azərbaycanda dini mövqeyindən asılı olmayaraq, tolerantlıq, dini dözümlülük hökm sürmüşdür və sürəcəkdir. Eyni zamanda, ölkəmizdə cərəyan edən tolerantlıq nümunəsi nəinki regionda, eləcə də, bir çox dünya dövlətləri üçün bir nümunə göstəricisidir. Bu, həm də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq irsinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı kimi səciyyələnən amillərdəndir.
R.RƏSULOV