PDF Oxu

Əsas

  • 36

Ömrün 60-cı baharının mükafatı

Ömrün 60-cı baharının mükafatı

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, neçə-neçə yaratdığı obrazları ilə tamaşaçı sevgisi və alqışı qazanmış aktyor Yaşar Nuriyev bu gün - 3 sentyabr tarixində 60 yaşını qeyd edir. Bu onilliklər məsafəsində Yaşar Nuriyevin sənət yolunu uğurlar müşayiət edib. Səhnə həyatının hər ili yeni obrazlarla yadda qalıb. Bu obrazlar onu şöhrətləndirib, isminin ətrafında gözəl fikirlər formalaşdırıb. Belə bir sənətkar daim dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunub. Azərbaycan teatr və kino sənətində göstərdiyi xidmətə görə bir çox fəxri adlar və mükafatlarla təltif edilib. Yaşının 60-cı baharında isə ötən gün Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dövlətin ən ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.

Sənətkar bu ali mükafata layiq görülməsini gözlənilməz hesab etsə də, müasir dövrümüzdə mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət tərəfindən göstərilən qayğının davamlı olduğunu bildirdi: "Mən, ilk növbədə, Möhtərəm Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun diqqət və qayğısı hər zaman biz sənətkarların üzərindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaşımın bu çağında "Şöhrət" ordeninə layiq görülməyim sənətimə dövlət tərəfindən olan diqqətdir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində sənətimə qarşı olan isti münasibət məni səhnə həyatımı yaşamağa, yeni obrazlar yaratmağa daha da ruhlandırıb. Yubileyim ərəfəsində dövlətin ali mükafatları ilə təltif edilmişəm. 1981-ci ildə 30 illik yubileyimdə Azərbaycan əməkdar artisti fəxri adına layiq görülmüşəm. Bütün bu və digər mükafatlardan sonra 60 yaşında "Şöhrət" ordeni ilə təltif olunmağım məni daha çox sevindirir. Bu, mənim yubileyimə ən böyük hədiyyədir. Bundan sorakı fəaliyyətim dövrümdə üzərimə qoyulan bu məsuliyyəti dərk edərək, yeni-yeni obrazlar yaradacağam. Bir daha dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm. Son illər Azərbaycan Prezidenti mədənyyət və incəsənət işçilərinin maddi rifahının, iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra sərəncamlar imzalayır. Biz də sənət xadimi olaraq diqqət və qayğını fəaliyyətimizlə doğruldacağıq."

Səhnə həyatımın ayrılmaz hissədir - deyən yaşar Nurinin uşaqlıq illərindən həyatı bu məkanla bağlı olub. Tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn Yaşar Nuriyev səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?" tamaşasında Tapdıq rolu ilə gəlib. O zamandan başlayaraq səhnə həyatı davamlı olaraq müxtəlif obrazlarla davam edib. Bir aktyor kimi fəaliyyət göstərməklə yanaşı, fitri istedadı onu bir çox sahələrə yönəldib. Belə ki, Yaşar Nuriyev bir aparıcı kimi də dinləyicilərlə ünsiyyət yaradıb. Məktəbli ikən dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa, o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Fitri istedadı ilə seçilən Yaşar aydın və yapışıqlı səsi ilə tamaşaçıların diqqətini cəlb edib. Yaşar Nuriyevin illərin qoynunda keçən ömrü onun tez bir zamanda şöhrətlənməsinə gətirib çıxarır. Yaşadığı ömür yoluna nəzər salan aktyor 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çıxış etdiyindən elə orta məktəbi bitirdikdən sonra bağlandığı sahəni özünə ömürlük peşə seçdiyini bildirir:"Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşam. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini əxz etmişəm." Elə tələbəlik çağlarından hamının diqqətini çəkib. Hamı onu "hazır aktyor" kimi qiymətləndirib. Elə belə də olub. Tələbəlik illərində "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazları yaradıb. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuriyev Milli Dram Teatrında işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak edib. Onun sözlərinə görə, Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən aktyora xarakter rollar həvalə edilib. İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy obrazlarını həvəslə yaradıb.

Teatr aktyoru kimi tanınan sənətkar həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib. Yaşar Nuriyevin bu obrazlar kolleksiyasında "Yaramaz"dakı Maşallahı, "Lətifə"dəki Məmmədi, "Qətl günü"ndəki Mahmud doktoru və s. filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rolları mütləq xatırlanır. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Y.Nuriyev Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən, baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda saxlanılır. Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Taryel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşaları onun sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirən numunələrdir.

Çoxşaxəli yaradıcılıq imkanlarına malik olan Yaşar Nuriyev televiziya, radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

Onu da qeyd edək ki, aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.

Yaşar Nuriyevin sənətkarlıq xüsusiyyətlərini səciyyələndirən cəhətlər onun incə yumor hissinə malik olması, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji obrazları maraqlı üslubda, orijinal şəkildə təqdim etməsidir. Səhnədə həmişə canlı, gümrah, nikbindir. Bu xususiyyətləri onu səhnəmizin Yaşar Nuriyevi tək hər zaman sevindirir.

Aktyorun yaratdığı maraqlı və yaddaqalan obrazları tamaşaçılar tərəfindən sevilib, Yaşar Nuriyevin hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə illərdir ki, hər kəsin sevimli aktyoruna çevrilib.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər