Yeni tədris ilinə hazırlıqla bağlı respublikamızın bütün şəhər və regionlarında təhsil işçilərinin geniş toplantısı keçirilir. Dünən Səbail rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda rayonda yeni təhsil ilinə hazırlığın vəziyyəti ilə bağlı toplantı keçirildi.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, ölkə Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışdı. A.Əsgərov bildirdi ki, rayonda təhsil və təhsil müəssisələrinin vəziyyəti hər zaman ciddi diqqət mərkəzində saxlanılmış, dövlətimizin qayğısı nəticəsində bu ilin yay aylarında bir çox işlər həyata keçirilibdir: "Ötən ilin ilin noyabr ayında ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 6 saylı məktəb-liseyin binası sökülərək yeni müasir dizaynlı layihə əsasında 2270 şagird yerlik yeni bina tikintisinə başlandı. Bu ilin mart ayının 11-də dövlət başçısı məktəbin yeni binasında aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. Hazırda məktəbdə işlər başa çatdırılıb, bura yeni avadanlıq, dərs vəsaitləri, müasir kompyuter texnikası, digər ləvazimatlarla təmin olunub və sentyabrın 15-də məktəb kollektivi yeni binada təhsilə başlayacaqlar".
Cari ilin aprel ayının 20-də Prezident İlham Əliyevin Səbail rayonu Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlamaq üçün Sərəncam imzaladığını deyən A.Əsgərov onu da söylədi ki, Sərəncamın icrasını təmin etməkdən ötrü RİH tərəfindən tikinti üçün torpaq sahəsi müəyyənləşdirilib, gözəl və müasir layihə işlənibdir. Hazırda tikinti işlərinə başlanması üçün müvafiq sənədləşdirmə-razılaşdırma işləri başa çatmaq üzrədir: "Bu il may ayının 5-də Prezident İlham Əliyev tərəfindən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamda Səbail rayonuna geniş yer ayrılıbdır. İyun ayında başlanan işlər çərçivəsində 2 saylı Texniki-Humanitar Elmlər liseyi, 1880-ci ildə inşa olunmuş 51 saylı orta məktəb, rayonun ən qocaman məktəblərindən biri olan 91 və 189 saylı orta məktəblər, 160 saylı Klassik Gimnaziya ilə yanaşı, 1 əsrdən çox yaşı olan 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq Yaradıcılıq Mərkəzi və 35 saylı Texniki Yaradıcılıq Mərkəzində əsaslı təmir-yenidənqurma işləri artıq başa çatımış və hazırda məktəblərin yeni müasir avadanlıqlarla, tələb olunan dərslik və ləvazimatlarla təmin olunması prosesi gedir. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə, 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların, həmçinin, 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi, daha 3 uşaq bağçasının əsaslı təmiri aparılır. Rayonda aparılan təmir işləri çərçivəsində RİH-in köməkliyi ilə Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə də yay aylarında cari təmir işləri görülübdür. Qeyd edim ki, Səbail rayonunda indiyə kimi hələ heç vaxt təhsil müəssisələri ilə bağlı belə böyük işlər aparılmamışdır. Aparılan təmir işləri ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmış və dövlət başçısı İlham Əliyev avqustun 16-da 189 saylı orta ümümtəhsil məktəbinin, sentyabrın 1-də isə 160 saylı klassik gimnaziyanın binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişatı ilə tanış olaraq, aparılan işlərin keyfiyyətindən razı qaldığını bildirmişdir".
Sonda "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin qalibi olmuş məktəblərə, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri olan müəllimlərə, həmçinin, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması hədiyyə olunub.
RƏFİQƏ