PDF Oxu

Əsas

  • 10

MÜSTƏQİL AZƏRBAYCAN REALLAŞMIŞ ÜMUMXALQ İDEYASI KİMİ

MÜSTƏQİL AZƏRBAYCAN REALLAŞMIŞ ÜMUMXALQ İDEYASI KİMİ

"Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıq və aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir"
İlham Əliyev
"Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıq və aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir"
İlham Əliyev
SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini yenidən bərpa etmişdir. Hər bir xalqın tarixində 20 il o qədər də böyük müddət deyildir. Lakin Azərbaycan üçün bu illər ciddi sınaq dövrü idi: o, müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu sönməmişdir, əgər bu millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən çətinlikləri dəf edə bilər.
Bu illər ərzində həll edilən məsələlərin xarakterini əvvəlki illərlə əsla müqayisə etmək olmaz. XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapmışdır.
Milli məsələ XX əsrin əvvəlində Azərbaycan cəmiyyətində xeyli aktuallaşmışdı və bunun da ciddi səbəbləri vardı. Həmin dövrdə Azərbaycan sənaye cəmiyyəti yaradılması yoluna qədəm qoymuş və ümmənin (müsəlman icmasının) etnik-mədəni millət mərhələsinə transformasiyası prosesi başlanmışdı. O dövrün Azərbaycan ziyalılarının milli problemləri nə səviyyədə başa düşmələrini bizim yazıçıların, publisistlərin, şairlərin, ictimai xadimlərin əsərlərində görmək olar. XX əsrin əvvəlində o dövr üçün az-çox bitkin məzmun kəsb etmiş Azərbaycan milli ideyası və birləşdirici ideologiya kimi "azərbaycançılıq" milli ruhu və milli-mədəni yüksəlişin mexanizmlərini dirçəltmək, o cümlədən, xalqı öz tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi idi. Bu ideyanın reallaşdırılması xalqın öz milli muxtariyyətini, sonradan isə suveren, müstəqil dövlətini yaratmasını nəzərdə tuturdu. Müasir mərhələdə Azərbaycan milli ideyasının leytmotivi Azərbaycanın müstəqil mahiyyət kimi dərk edilməsi olmalıdır. Bundan ötrü isə milli ideyanın özü şəxsi, ictimai və dövlət varlığının baza dəyərlərini ehtiva etməlidir. Ölkənin BMT tərəfindən tanınmış sərhədləri daxilində qorunub saxlanmasına yönəldilmiş Azərbaycan milli ideyasının və onun mahiyyətinin həyata keçirilməsi ərazi, əhali və idarəçilik kimi əsas xüsusiyyətlərə malik olan dövlətin ən mühüm vəzifəsidir. Azərbaycan xalqı məhz öz milli ideyasını müəyyən etmək yolu ilə millətə çevrilmişdir.
Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.
Bu gün vətəndaşlıq şüuru lazımi səviyyədə olan hər bir azərbaycanlı müasir Azərbaycan dövlətçiliyinin inkişafına dair tarixi layihəyə özünün şəxsi töhfəsini real şəkildə hiss edə bilər. Məhz son illərdə təkamül yolu ilə Azərbaycan fərdlərin ölkədə həyata keçirilən bütün tədbirlərin mənasını başa düşmək, dərk etmək imkanına malik şüurlu vətəndaşlara çevrilməsi üçün rahat şərait yaradan ölkə olmuşdur.Azərbaycanda yaranmış iqtisadi inkişaf və dövlət idarəçiliyi modeli, modernləşmə xəttinin seçilməsi, heç şübhəsiz, bundan sonra yalnız təkmilləşəcək və bu mənada, Azərbaycan demokratiyasının təkamülü istiqamətində səylər davam etdiriləcəkdir. Lakin artıq indidən demək olar ki, Azərbaycanın inkişaf vektorları barədə Prezidentin strateji planları özünü tamamilə doğrultmuşdur.

Cavid HACIYEV,
ADU-nun ümumi iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi

Digər xəbərlər