PDF Oxu

Əsas

  • 19

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

Sentyabrın 24-də Səbail rayon icra hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən bəhs edərək bildirdi ki, Azərbaycanın davamlı inkişafının çox mühüm göstəricilərindən biri partiyanın inkişafı, mövqelərinin möhkəmlənməsi, sıralarının genişlənməsi, görülən işlərin miqyasının və əhəmiyyətinin artmasıdır: "Partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından günbəgün genişlənir. Bu gün partiyanın 550 minə yaxın üzvü vardır. Cari ilin birinci yarısında partiya sıralarına 15 minə yaxın üzv daxil olub. Sevindirici haldır ki, partiyaya üzv olanlar arasında gənclər çoxluq təşkil edirlər. Bu hal artıq bir neçə ildir ki, özünü göstərməkdədir. Gənclərin çoxluq təşkil etməsi ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan vətəndaşları, o cümlədən də, gənc nəsil tərəfindən birmənalı şəkildə dəstəklənməsindən xəbər verir."

Ə.Əhmədov Azərbaycanın çox sürətlə inkişaf etdiyini vurğulayaraq onu da söylədi ki, bu sürətli inkişafın nəticəsidir ki, iqtisadiyyatımız yüksəlir: "İqtisadiyyatın inkişafı digər sahələrdə də yüksəlişin əldə olunmasına stimul verir. Bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə edəndə, böyük fərqin şahidi oluruq. Təbii ki, bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir. Paytaxt və bölgələrin siması gündən-günə dəyişir. Bakımız gözəlləşir. Ölkəmizdə həyata keçirilən islahatların və Prezident siyasətinin çox uğurlu cəhətlərindən biri Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün bölgələrin tərəqqisini qarşıya ən ümdə məqsəd kimi qoyub. Regional inkişaf proqramlarının məqsədi də, məhz insanlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, sosial məsələləri həll etmək, xalqımızın rahat yaşaması üçün şərait yaratmaqdır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq ictimaiyyətin marağını cəlb edir".

YAP Sədrinin müavini bu uğurların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin, xüsusilə də, gənclərin ölkəmizdə həyata keçirilən siyasətdə elliklə iştirak etmələrinə böyük əsas verir: "Gənclərin partiyaya axının sürətlənməsində digər əsas mühüm amil isə YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsidir. Bu axın Yeni Azərbaycan Partiyasının gücünü artırır".

"Bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində ölkə gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində Yeni Azərbaycan Partiyası birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq fəaliyyət göstərir"- fikrini söyləyən Ə.Əhmədov partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanların yaradıldığını vurğuladı: "Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin xüsusi çəkisinin artması onu göstərir ki, gənclər YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. Öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda, partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir".

YAP Sədrinin müavini Ə.Əhmədov onu da vurğuladı ki, ölkəmiz inkişaf etdikcə, YAP da inkişaf edir, mövqeləri güclənir: "Bunu ölkəmizdə keçirilən seçkilərin, eyni zamanda, müxtəlif vaxtlarda ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı keçirilən sorğuların nəticələri də təsdiq edir. Bu uğurlar bizi sevindirməklə yanaşı, ictimai-siyasi həyatda daim yüksək mövqeyi qoruyub saxlamaq vəzifəsini də qarşıya qoyur. Düşünürəm ki, YAP-ın rayon və şəhər təşkilatları, daim olduğu kimi, bundan sonra da bu vəzifənin yüksək səviyyədə yerinə yetirilməsi üçün səylə çalışacaqlar. Hər bir rayon və şəhər təşkilatına fəaliyyət göstərdikləri ərazilərdə öz işlərinin üsul və metodlarının təkmilləşdirilməsini, yeniləşdirilməsini, müasir texnologiyalardan daha çox faydalanmağa meyil göstərmələrini, gənclərlə işi gücləndirməyi arzu edir və güman edirəm ki, həmişə olduğu kimi, yenə də bu yanaşma ilə işlərimizi uğurla davam etdirəcəyik."

Müşavirədə Ə.Əhmədov əsas məsələ olan YAP-ın Nizamnaməsinə uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə toxunaraq bildirdi ki, artıq konfransların keçirilməsi zamanı çatıb: "Bugünkü müşavirə də məhz bu konfranslara hazırlıq məsələlərinə həsr olunub. Bildiyiniz kimi, ötən il ölkəmizdə parlament seçkiləri keçirildi. YAP da digər siyasi təşkilatlar kimi seçkilərə qatıldı. Ondan öncə bələdiyyə və prezident seçkiləri keçirilmişdir. Ona görə də rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə zaman baxımından imkan yox idi. Artıq bunun üçün imkanlar var. Bu vaxtdan istifadə edib, rayon və şəhər təşkilatlarının konfransları keçirilməlidir. Bu konfranslar əvvəlki konfransdan ötən dövr ərzində görülən işlərə bir baxışdır. Bu kimi tədbirlər rayon və şəhər təşkilatlarının fəaliyyətlərinin yüksəlməsinə, səmərəsinin artırılmasına xidmət edəcək. Konfranslar yalnız rayon və şəhər təşkilatlarının üzvləri deyil, partiyanın siyasətini dəstəkləyən ölkə ictimaiyyəti qarşısında hesabat olacaq. Hakimiyyətdə olan partiya yalnız üzvləri qarşısında yox, hakimiyyət məsuliyyətini öz üzərinə götürdüyü bütün vətəndaşlar qarşısında hesabat verməyi özünə borc bilir."

Keçiriləcək konfransların hər bir rayon və şəhər təşkilatlarının həyatında əhəmiyyətli hadisə kimi qalacağına əminliyini ifadə edən YAP Sədrinin müavini onu da söylədi ki, bu tədbirlər ümumilikdə Yeni Azərbaycan Partiyasının son illərdəki fəaliyyətinə bir baxış olacaq, gələcək fəaliyyətinə stimul verəcək: "Doğrudur, 2010-2011-ci illərdə bir sıra rayon və şəhər təşkilatlarında, o cümlədən, 8 rayon və şəhər təşkilatında konfranslar keçirilib, tərkiblər yeniləşib. Bunlarda yenidən konfrans keçirilməsinə ehtiyac yoxdur. Digər təşkilatlarda bir ay müddətində, oktyabr ayı ərzində konfransların keçirilməsinə hazırlıq işləri görüləcək. Bu işlər başa çatdıqdan sonra isə konfransları təsdiqlənmiş cədvəl əsasında keçirmək niyyətindəyik".

Müşavirədə, həmçinin, belə bir əminlik də ifadə olundu ki, YAP-ın artan nüfuzu, genişlənən mövqeyi konfransların yüksək səviyyədə keçirilməsini şərtləndirir.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tədbirdə çıxış edərək, partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı hazırlanmış təlimata uyğun tövsiyələri yığıncaq iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin, müşavirədə qarşıda duran vəzifələrlə bağlı rəy və təkliflər səsləndi, geniş fikir mübadiləsi aparıldı.

Müşavirədə YAP İcra Katibinin müavini, millət vəkili Mübariz Qurbanlı YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, iştirak etdilər.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər