PDF Oxu

Əsas

  • 19

“Müstəqil Azərbaycan və Azərbaycan gəncliyi”

“Müstəqil Azərbaycan və Azərbaycan gəncliyi”

Dünən YAP Tərtər rayon təşkilatında "Müstəqil Azərbaycan və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının aparat rəhbəri Kamal Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi: "Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Ulu Öndər Heydər Əliyev şəxsən iştirak edib. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur".

Sonra rayon icra hakimiyyətinin məsul işçisi Vüsal Ələkbərov çıxış edib. V.Ələkbərov 2 mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyevin respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəldilmiş bağlı tövsiyələrini xatırladıb. Şəhər 1 saylı tam orta məktəbinin müəllimi Seymur İbrahimov isə öz çıxışında Ulu Öndər Heydər Əliyevin təhsilə və idmana olan diqqət və qayğısından danışıb. Gənclərin idmana cəlb olunması üçün respublikanın bir çox yerlərində Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır.

YAP Tərtər rayon təşkilatının gənclər birliyinin üzvü Elçin Axundov və rayon mərkəzi xəstəxanasının həkimi Gülnarə Şərifzadə isə qeyd ediblər ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib. Dəyirmi masanın sonunda tədbir iştirakçıları bir daha bəyan ediblər ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar.

R.RƏSULOV

Digər xəbərlər