Dünən "Səs" qəzeti redaksiyasında Azərbaycan Dövlət Müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş növbəti dəyirmi masa keçirildi. Dəyirmi masada millət vəkilləri Jalə Əliyeva və Sevinc Hüseynova, YAP Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Xətai rayon təşkilatının qadınlar şurasının sədri Aidə Hüseynzadə, Nəsimi rayon icra hakimiyyətinin "Qaçqınlar və məcburi köçkünlərlə iş" şöbəsinin müdiri Şəfəq Cəfərova, YAP Suraxanı rayon təşkilatının qadınlar şurasının sədri Tünzalə Süleymanova, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Selcan Novruzova, Azərbaycan Pedaqoji Universitetinin baş müəllimi - "Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə" İctimai Birliyinin sədri İradə Əliyeva, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini Lamiyə Cəlilova iştirak edirdilər. Tədbirdə iştirak edənlər Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibəti ilə öz fikirlərini bildirmiş və bu istiqamətdə maraqlı polemikalar aparmışlar.
Rəfiqə Hüseynova: "Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq zəfər, qələbə idi"
Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin şöbə müdiri Rəfiqə Hüseynova açaraq xatırlatdı ki, "Səs" qəzeti hər zaman cəmiyyətdə baş verən ən aktual məsələlərə, cərəyan edən proseslərə, tarixi hadisələrə diqqət yetirmiş, eləcə də, bununla bağlı hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, QHT təmsilçilərinin, ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil etmiş və bu amil artıq ənənə halını almışdır: "Bu gün ölkəmiz və xalqımız üçün ən aktual mövzulardan biri də dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyidir. Azərbaycan xalqı bayram ərəfəsindədir və bu bayramı böyük əhval-ruhiyyə ilə keçirməyə hazırlaşır". R.Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin müstəqilliyimizin 20 illiyinin qeyd olunması ilə bağlı imzaladığı əhəmiyyətli Sərəncamı xatırladaraq, ölkənin hər bir yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən bu əlamətdar hadisə ilə bağlı tədbirlərin keçirildiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı: "Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq zəfər, qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidli tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlalına qovuşmuş suveren bir ölkədir və xalqımız hər il bu əlamətdar hadisəni təntənəli bayram kimi qeyd edir. Bu gün cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən fəal gənclərin iştirakı ilə dəyirmi masanı təşkil etməkdə əsas məqsəd məhz 20 illik bir dövr ərzində Azərbaycan tarixinə qısa bir şəkildə də olsa nəzər salmaqdır. Çünki qadınlarımız həm kişi qeyrətli, həm də incə qəlblidirlər".
"Səs" qəzetinin əməkdaşı:
- 20 illik tarixi olan müasir, azad, müstəqil Azərbaycan dövlətini Ulu Öndər Heydər Əliyevin şah əsəri hesab etmək olarmı?
Jalə Əliyeva: "Şükürlər olsun ki, Ulu Öndər Heydər Əliyev öz xalqını ümidsiz qoymadı, ömrünün qalan bütün hissəsini ancaq xalqına sərf etməklə millətinin qəlbində əbədiləşdi"
- İlk öncə, "Səs" qəzetinin bu xeyirxah və əhəmiyyətli layihələri keçirməsini alqışlayır və uğurlar arzulayıram. Çünki "Səs" qəzeti, həqiqətən də, cəmiyyətdə baş verən tarixi hadisələrlə bağlı belə dəyirmi masalar keçirməklə müxtəlif təbəqəli nümayəndələrin düşüncəsini geniş oxucu kütləsinə çatdırır. Bugünkü dəyirmi masanın mövzusu hər birimiz üçün, daha dəqiq desəm, bütün Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət daşıyan tarixi bir mövzudur. Çünki bu hər birimiz üçün ən şirin nemət olan müstəqilliklə bağlı keçirilən tədbirdir. Müstəqilliyimizin yenidən bərpa olunmasının 20 illiyi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublikamızın bütün rayon və şəhərlərində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə insanlar öz sevincini paylaşır. Sözsüz ki, biz də bununla bağlı ürəyimizdən gələn ən səmimi və sevinc dolu sözlərimizi, istəklərimizi, arzularımızı bölüşəcəyik. Çünki müstəqilliyimizin ikinci dəfə bərpa olunması elə böyük, elə şirin nemətdir ki, bununla bağlı nə qədər sözlər desək, onu əhatə edə bilmərik. Bəs necə oldu ki, Azərbaycan müstəqilliyi bir dəfə çox çətinliklə qazanıldı, sonra isə itirildi? Həmçinin, ikinci dəfə müstəqilliyin qazanılması hansı səbəbdən yarandı? Sözsüz ki, bu sualların cavabı birdir - birinci dəfə müstəqilliyi itirməyimizin səbəbi liderin olmaması idi. İkinci dəfə müstəqilliyi əldə etməyimiz isə dahi şəxsiyyət və böyük Liderin - Ümummilli Liderimiz Heydər Əliyevin səyi nəticəsində əldə etdik. Çox şükürlər olsun ki, bu gün müstəqilliyimizi 20 ildir ki, qoruyub saxlayırıq. 1991-ci ildə müstəqilliyimizi əldə etsək də, həmin dövrdə Azərbaycan çox ağır günlərini yaşayırdı. Ölkədə xaos, özbaşınalıq baş alıb gedirdi səriştəsiz rəhbərlər Azərbaycanı uçuruma gətirib çıxarmışdı. Ölkədə qardaş qırğını yaranmaq üzrə idi. Belə bir şəraitdə xalq çıxış yolunu Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışında gördü. Bir də müstəqilliyi əldə etmək asan olsa da, onu qoruyub saxlamaq çətindir. Həmin illərdə müstəqilliyin yenidən itirilməməsi üçün xalq təkid və tələblə Ulu Öndər Heydər Əliyevin Azərbaycan müstəqilliyinin əldən getməməsi üçün hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü il iyunun 15-də Ümummilli Liderimiz Heydər Əliyev xalqın səsinə səs verərək Bakıya gəldi. Heydər Əliyevin qayıdışı Azərbaycanı uçurumdan, qardaş qırğınından, Azərbaycanın dünya xəritəsindən silinməsindən xilas etdi. Həmin illərdə hər yerdə bir fikir səslənirdi. Azərbaycanın bugünkü xilaskarı ancaq və ancaq Ulu Öndər Heydər Əliyevir. O zaman xalq ancaq bu ümidlə yaşayırdı. Şükürlər olsun ki, Ulu Öndər Heydər Əliyev öz xalqını ümidsiz qoymadı. Ömrünün qalan bütün hissəsini ancaq xalqına sərf etməklə millətinin qəlbində əbədiləşdi. Məhz 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ölkənin bütün sahələrində böyük islahatlar apardı. İlk öncə, ölkədə siyasi sabitliyin bərqərar olunmasına nail oldu. Bütün bu işlərlə bərabər Azərbaycan qadınına olan diqqət və qayğını da öndə saxladı.
Şəfəq Cəfərova: "1993-cü ildən başlayaraq, Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti daha da sürətlə inkişaf etməyə başladı"
- Hər birimizə bəllidir ki, XX əsr bir çox tarixi hadisələrlə Azərbaycan xalqının yaddaşında silinməz izlər qoymuşdur. Bunlardan biri də, Azərbaycan qadınlarının ictimai-siyasi həyata gəlişi və bu sahədə böyük nailiyyətlər əldə etməsidir. Azərbaycan qadını tarixin ən çətin və həlledici anlarında öz sözünü deməyi bacarmış və bütün sınaqlardan alnıaçıq çıxmışdır. XX əsrin sonunda da Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə qadınlarımızın böyük əməyi olmuşdur. Azərbaycan qadınları bu gün ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında fəal iştirak edir, öz bilik və bacarıqlarını dövlətimizin güclənməsinə və inkişafına yönəldirlər.
Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Ümummilli Liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub. Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Azərbaycanın Nazirlər Kabineti 2000-ci ilin iyun ayında "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edib. Bu proqram milli xüsusiyyətləri nəzərə alınmaqla, Pekin Strategiyası əsasında hazırlanmışdı. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edirdi. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup yaradılmışdı. Milli Fəaliyyət Planının həyata keçirilməsində dövlət strukturları ilə yanaşı, QHT-lər də iştirak etmişdi. "Gender (Kişi və Qadınların) Bərabərliyinin Təminatları Haqqında (10 oktyabr 2006-cı il)" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində deyilir: "Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir."Azərbaycanda Parlamentində qadınların təmsilçiliyi 1975-ci ildə 37,8 faiz, 1980-ci ildə 39,8, 1985-ci ildə 39,8, 1990-cı ildə, 1995-ci ildə, 2000-ci ildə, 2005-ci ildə 10,5, 2006-cı ildə 11,2 faiz təşkil edib.
Tünzalə Süleymanova: "Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan böyük dəyərə malik tarixi bir əsərdir"
- Bu gün müzakirə olunan məsələ bizim hər birimizin çox şirin nemət kimi qəbul etdiyimiz tarixi bir hadisə - müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlıdır. Burada müstəqilliyimizin keçdiyi tarixi yollar barədə geniş və hərtərəfli fikirlər səsləndi. Ancaq qeyd edim ki, 20 il tarixi baxımdan çox qısa bir dövr olsa da, bu illər ərzində görünən işlər neçə-neçə on illiklərdə görülən işlərə bərabərdir. Əgər 1993-cü illərə qayıtsaq, bir daha aydın görərik ki, müstəqilliyimizin qorunub saxlanılması məhz Ulu Öndərimiz Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində əldə olundu. Belə ki, Ulu Öndərimiz hakimiyyətə qayıdışı ilə Azərbaycanın uğurları ardıcıl olaraq getdikcə artdı. Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Biz bu gün məhz buna görə də, hər bir sahədə "ən-ən-ən" olmalıyıq. Çünki birinci olmamağa haqqımız yoxdur. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan böyük dəyərə malik tarixi bir əsərdir. Azərbaycan nəinki regionda, həmçinin, dünyada inkişaf etmiş ölkələr sırasında dayanan respublikadır. Bu gün Azərbaycan qadını olaraq bizlər də respublikamızın inkişafı istiqamətində və müstəqilliyimizin daha da möhkəmlənməsi sahəsində öz gücümüzü səfərbər etməli, uğurlu nailiyyətlərə nail olmalıyıq. Lakin bir faktı unutmamalıyıq ki, bu gün bizi istəməyən müəyyən qüvvələr də var. Bu isə bir daha onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin yaratdığı ölkəyə Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev cənabları rəhbərlik edir və belə bir ölkə ilə heç kəs ayaqlaşa bilməz. Bizim bir problemimiz var: o da Dağlıq Qarabağ problemidir. İnanırıq ki, bu problem də ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində uğurla həll ediləcək. Əgər bu gün müstəqil dövlət kimi böyük bir inkişafa nail olmuşuqsa, deməli, Azərbaycan çox güclü və uğurlu dövlətdir.
"Səs" qəzetinin əməkdaşı:
- Bu gün Azərbaycan xalqı ölkədə aparılan uğurlu siyasətin məntiqi nəticəsini həmin uğurların bəhrəsində görür. Belə bəhrələrdən biri də, təbii ki, uğurlu qadın siyasətinin daha da təkmilləşməsi, şaxələnməsidir. Sizcə, buraya daha hansı özəl xüsusiyyətləri əlavə etmək mümkündür?
Aidə Hüseynzadə: " Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasəti nəticəsində çox işlər gördü"
- 20 illik dövlət müstəqilliyimizin bütün sahələrdə əldə etdiyi uğurlar və nailiyyətlər barədə geniş şəkildə fikirlər səsləndirildi. Həqiqətən də, biz xalq olaraq çox sevinirik ki, dövlət müstəqilliyimizin yenidən bərpası getdikcə Azərbaycanın günbəgün inkişafına və dünyada tanınmasına səbəb olmuşdur. Müstəqilliyimiz müəyyən tarixi zərurət nəticəsində iki dəfə əldə olunub. Birinci dəfə 1918-ci ildə əldə etdiyimiz müstəqillik 23 ay yaşasa da, xalqımız bu müstəqilliyin şirinliyini az da olsa dadlı və tez bir zamanda müstəqilliyimizin əldən getməsinin səbəbi isə böyük şəxsiyyətin olmamasından irəli gəlirdi. Lakin ikinci dəfə müstəqillik əldə etməyimiz və onun bu günə kimi qorunub saxlanılması Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyətin Azərbaycana rəhbərlik etməsi idi. Həmin tarixi gündən Azərbaycan ardıcıl olaraq böyük layihələrə imza atdı. İlk öncə ölkədə siyasi sabitliyin bərqərar olunmasına nail olan Ulu Öndərimiz çoxlarının inanmadığı 1994-cü ildə "Əsrin müqaviləsi" kimi layihəni həyata keçirdi. Hər bir dövlətin güclü olması onun siyasətindən asılıdır. Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasəti nəticəsində çox işlər gördü. Xüsusilə, qeyd etmək istərdim ki, 1993-cü ilə kimi Azərbaycanda qadınlara olan diqqət və qayğı arxa plana keçmişdir. Lakin Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan qadınına müxtəlif istiqamətdə geniş ictimai fəaliyyət imkanları yarandı.
İlk öncə, Ailə və Qadın Komitəsinin yaranması, müxtəlif qadın qurumlarının təşkili və s. bu kimi qurumların təşkili Ulu Öndər Heydər Əliyevin qadınlara olan diqqət və qayğısının bariz nümunəsi idi. Bu gün qadınlarımız həm dövlət strukturlarında, həm də digər siyasi təşkilatlarda fəaliyyət göstərməklə müstəqil Azərbaycanın inkişafı istiqamətində öz qüvvələrini səfərbər edirlər. Bu yerdə vitse-spiker, millət vəkili Bahar Muradovanın çıxışlarında tez-tez işlətdiyi bir fikri misal gətirmək istərdim. O bildirir ki, bütün qanunlarımızda, sərəncamlarımızda qadınlara bütün imkanlar yaradılır. Bu isə qadınlarımızın fəaliyyətlərini genişləndirmək və inkişaf etdirmək üçün atılan addımlardır. Həqiqətən də, qadınlarımız bu gün dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Lakin bəzi qadınlarımız müəyyən qədər bu inkişafdan kənarda qalırlar. İstərdim ki, bugünkü gənclərimiz Azərbaycanın uğurlu inkişafı ilə ayaqlaşsın. Qadınlarımız öz təcrübələrini daha da geniş surətdə təkmilləşdirsin. Ən əsası isə qadınlarımızın maarifləndirilməsi mütəmadi olaraq həyata keçirilsin.
Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkli Mehriban xanım Əliyeva öz müasirliyi, savadı, ağlı və zəkası və uğurlu siyasəti nəticəsində bizim hər birimizə örnəkdir, nümunədir. Biz bu baxımdan müstəqil Azərbaycanın xoşbəxt qadınlarıyıq ki, bütün dünya qadınları Mehriban xanım Əliyevaya baxaraq, həsəd aparır, onun gördüyü nəhəng işləri yüksək prizmadan dəyərləndirirlər.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI
RÖVŞƏN NURƏDDİNOĞLU