PDF Oxu

Əsas

  • 16

“Gənc nəsil müstəqilliyin qədrini bilməlidir”

“Gənc nəsil müstəqilliyin qədrini bilməlidir”

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirmişdir. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib. Artıq həmin şanlı gündən iyirmi il ötür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına uyğun olaraq yubileylə bağlı ölkəmizdə silsilə tədbirlər davam etməkdədir.

Bakı Slavyan Universitetində də bu bayram böyük həvəslə qeyd olunur. Belə ki, 13 oktyabr tarixində Bakı Slavyan Universitetinin İctimai-Siyasi Elmlər İnstitutu, "Azərbaycanşünaslıq" Tədris-Mədəniyyət Mərkəzi və "Ölkəşünaslıq" Elmi-Tədqiqat Laboratoriyasının təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev universitetin tələbə və müəllim heyətini bu möhtəşəm bayram münasibətilə təbrik edib: "Müstəqilliyimizin 20-ci ildönümü hamımıza başucalığı gətirən bir məqamdır. BSU da elə bu müstəqilliyin real təzahür formasıdır. Artıq bu gün Azərbaycan dünya ölkələri ilə onların səviyyəsində, bərabərhüquqlu fikir mübadiləsi apara bilir. Gənc nəsil müstəqilliyin qədrini bilməlidir, onun dəyərini hiss etməlidir.

Bu müstəqillik yolu Ulu Öndərimiz Heydər Əliyevin bizə göstərdiyi yoldur və Prezidentimiz İlham Əliyev də bu yolla iri addımlarla irəliləyir, biz də onun ətrafındayıq. Məhz həmin dövrdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində parçalanma təhlükəsi ilə üz-üzə qalan Azərbaycan nəinki bu çətin şəraitdən uğurla çıxdı, həmçinin, informasiya blokadasını yararaq, ədalətli mübarizəmizdə haqlı olduğumuzu dünyaya bəyan etdi".

Sonra BSU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti A.Əhmədov "Heydər Əliyev - Müstəqil Azərbaycanın banisidir", "Azərbaycanşünaslıq" Tədris-Mədəniyyət Mərkəzinin elmi işçisi, tarix elmləri namizədi Ə.Əhməd "Azərbaycan Demokratik Respublikasının tarixindən", Diplomatiya və xarici əlaqələr kafedrasının baş müəllimi, siyasi elmlər namizədi İ.Kunina "Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xarici siyasətin rolu", BSU-nun magistrantı, universitetin YAP Gənclər Təşkilatının sədri S.Abdullayeva "Müstəqil Azərbaycan dövlətinin gənclər siyasəti", BSU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi M.Əmirov "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir Bakı Slavyan Universiteti tələbələrinin hazırladığı mahnı və rəqslərdən ibarət konsert proqramı ilə yekunlaşıb.

ZÜMRÜD

Digər xəbərlər