Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının 285 nömrəli tam orta məktəb ərazi ilk partiya təşkilatı ilə birgə dövlət müstəqilliyimizin bərpa olunmasının iyirminci ildönönümü ilə əlaqədar tədbiri keçirildi. Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, idarə, təşkilat, müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatının nümayəndələri, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən partiya fəalları iştirak edirdilər.
Tədbir başlamazdan öncə məktəbin şagirdlərinin ifasında Azərbaycan Dövlətinin himni səsləndirildi. Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müstəqillik günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O bildirdi ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq və istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənmiş, Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi və xalqımızın azadlığı uğrunda mübarizəyə qoşulmuşdur. 1918-ci il mayın 28-də Azərbaycanda Demokratik Respublika elan olunmuşdu. Müsətəqilliyimizin ilkin illərində Azərbaycan Demokratik Respublikası ağır və mürəkkəb şəraitdə fəaliyyət göstərmişdi. Buna baxmayaraq, Azərbaycan Demokratik Respublikası qısa müddətdə böyük işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması üçün güclü zəmin yaratmışdır. Həm xarici təsirlər, həm də daxili çəkişmələr ölkəni tənəzzülə doğru aparmışdır. Beləliklə, 1920-ci ilin aprel ayının 27-də Azərbaycan Demokratik Respublikası süquta uğramışdır.
V.Seyidov bildirdi ki, Azərbaycan xalqı 70 illik sosialist rejimi dövründə mövcud şəraitə uyğunlaşsa da, müstəqillik, milli azadlıq hissləri yaşamışdır. Nəhayət, 1991-ci ilin sonunda Sovet İttifaqında gedən proseslər nəticəsində ittifaqın dağılması ilə əlaqədar Azərbaycan Respublikası tam müstəqillik qazanmış və 20 ildir ki, xalqımız öz müstəqil dövlətinin sahibidir və ölkəmiz dünya dövlətləri arasında öz inkişafı və tərəqqisinə görə ən dinamik inkişaf edən dövlətdir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, məqsədyönlü siyasətini həyata keçirən ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət və islahatlar nəticəsində maddi imkanlarımız günbəgün artır, ölkəmizdə sülh, sabitlik bərqərar olduqca, istər regionda, istərsə də beynəlxalq aləmdə mövqelərimiz daha da güclənir. Bu gün Azərbaycanda baş tutan bütün layihələr regional təhlükəsizliyə, sabitliyə və sosial tərəqqiyə xidmət edir.
Rayon təşkilatının sədri çıxışını Ulu Öndər Heydər Əliyevin dövlətçilik haqqında dediyi bir neçə aforizmi ilə bitirərək, müstəqil vətənimizin daha da çiçəklənməsi və tərəqqisi yolunda möhkəm iradə, dözüm və cəsarət arzuladı.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov Azərbaycanın 20 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq, ölkəmizdə müstəqilliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. O bildirdi ki, iyirmi il bundan əvvəl, oktyabrın 18-də xalqımızın tarixində böyük hadisə baş vermiş, Azərbaycan yenidən dövlət müstəqilliyini qazanmışdır. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi olmuş, dönməz xarakter almışdır. Bu gün Ümummilli Liderin siyasi kursunu Prezident İlham Əliyev inamla və uğurla davam etdirir. Bunun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına yüksəlmiş, regionda lider dövlətdir.
Tədbirdə məktəbin şagirdlərinin ifasında ədəbi - bədii kompozisiya göstərildi. Tədbirin sonunda təşkilatın partiya sıralarına qəbul olunan beş nəfərə partiya vəsiqələri təqdim olundu. Həmçinin, rayonun ictimai-siyasi həyatında bir qrup fəal partiya üzvü rayon təşkilatı tərəfindən müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Fəxri Fərmanla təltif olundular.
ZÜMRÜD