Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" mövzusunda tədbir keçirildi.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi, Nazirlər Kabinetinin şöbə müdiri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçıları, Məcburi Köçkünləri Sosial İnkişaf Fondunun rəhbəri və komitənin məsul əməkdaşları iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə foto-stendlərə, məcburi köçkünlərin mərhələli həyat şəraitini əks etdirən maketə, qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün yeni salınmış qəsəbələrin və hündürmərtəbəli yaşayış məhəllələrinin açılış mərasimlərindən bəhs edən filmə baxdılar. Sonra Ulu Öndər Heydər Əliyev guşəsindəki büstün önünə əklil qoydular.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bildirdi ki, dövlət müstəqilliyimizin bərpa olunmasının 20 ili tamam olur: "Ötən bu dövrə nəzər salsaq, keçilən yolun heç də hamar olmadığının şahidi olarıq. Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" fikrinin reallığa əsaslandığı Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra yaşadığı durumda bir daha öz təsdiqini tapmışdır. Xalqımız daim azad, müstəqil yaşamaq arzusunda olmuş, bu istiqamətdə ciddi səylər göstərmişdir.
Ə.Həsənov onu da vurğuladı ki, 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, xalqımız bu sevinci yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaşamağa başladı: "Hər bir xalqın sərvəti onun müstəqilliyidir. Bunu isə, bizə 90-cı illərin o ağır günlərində xalqın təkidi ilə Naxçıvandan Azərbaycana gələn Ulu Öndərimiz bəxş etmişdir. Məhz onun tarixi xidmətləri sayəsində dünya millətləri içərisində imzamızı qoya bildik, heç bir dövlətdən asılı olmayan, müstəqil siyasət yürüdən Azərbaycan dövlətini qura bildik. Buna görə də, Ulu Öndərin xatirəsi hər zaman xalqımız tərəfindən yad edilir və bundan sonra da yad olunacaqdır. Məlum həqiqətdir ki, müstəqilliyin ilk illərində Azərbaycanın başına gətirilən ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi, hətta dövlət müstəqilliyinin uçuruma çatdırılması məhz Vəzirov, Mütəllibov kimi rəhbərlərin, AXC-Müsavat başçılarının ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Bu gün müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasının dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atır, Azərbaycan siyasətinin müstəqil olduğunu hər addımında dünyaya nümayiş etdirir".
Tədbirdə çıxış edən natiqlər xüsusi olaraq vurğuladılar ki, keçid dövrünü başa vuran respublikamız bu gün artıq özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilib. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.
Bir sözlə, müstəqilliyimizin 20-ci ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, qəhrəman insanlarımızın qanı bahasına qazanılmış Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
RƏFİQƏ HÜSEYNOVA