Dünən Milli Məclisin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan təntənəli iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
O.Əsədov çıxış edərək bildirdi ki, bu gün ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gündür: "Ötən əsrin əvvəllərində Dövlət Müstəqilliyini qazanıb, onu cəmi 23 ay yaşada bilmiş Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olubdur. Sovetlər Birliyinin dağılması ilə 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə etmiş və tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşmış, çox çətin vəziyyətə düşmüşdü. O dövrdə baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi. Erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Lakin o vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos və özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Görünür, bu da taleyin qismətidir ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz Ulu Öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalıydı. Müdriklər deyiblər ki, xalq öncə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır. Bu kəlamın nə qədər doğru olduğunu Azərbaycan xalqı 1988-1993-cü illərdə düçar edildiyi fəlakətlərin və itkilərin timsalında bir daha görüb yəqin etmişdir".
O.Əsədov onu da bildirdi ki, əgər o dövrdə Azərbaycana Ulu Öndər Heydər Əliyev rəhbərlik etsəydi, düşmənlərimiz məkrli planlarının heç birini həyata keçirə bilməzdilər: "Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etmişdir. Bu qayıdışla, etibarlı siyasi rəhbərlik amili təmin olunmuşdur. Ulu Öndər ilk olaraq, ölkəmizin gələcək siyasi, iqtisadi inkişaf strategiyasının təməlini qoymuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir. Azərbaycan gələcəyə inamla baxan bir dövlətə və regional güc mərkəzinə çevrilməkdədir".
Regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində böyük uğurlar əldə edildiyini söyləyən spiker onu da bildirdi ki, tikilib istifadəyə verilən yüzlərlə məktəb, tibb müəssisələri, mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləri təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda yeniləşmənin miqyasını göstərir: "Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır".
O.Əsədov Azərbaycanın üzləşdiyi problemlərdən da danışaraq, bildirdi ki, bizim bir əsas problemimiz Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında qalmasıdır: "Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət nəticəsində artıq dünya Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin məğzini başa düşmüşdür. Əminik ki, bu məsələ dövlətimizin başçısının rəhbərliyi altında yaxın bir dövrdə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Prezidentin Sərəncamında deyilir ki, "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsil mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir".
Sonra "Azərbaycan 20 il: müstəqilliyin bərpası" sənədli film nümayiş etdirildi.
Daha sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Dövlət Müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş məruzə ilə çıxış etdi və Azərbaycan dövlətçiliyinin tarixindən danışdı. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə qarşılaşdığı problemlərdən bəhs edən Z.Əsgərov xatırladıb ki, kənar qüvvələrin təsiri nəticəsində ölkə dağılma təhlükəsi ilə üzləşmişdi, bundan istifadə edən Ermənistan Azərbaycan torpaqlarının işğalını gündən-günə genişləndirirdi: "Ulu Öndər Heydər Əliyev olmasaydı, Azərbaycanın Dövlət Müstəqilliyi sual altında idi. İlk olaraq, o, Azərbaycan parlamentinin sədri seçildi. Həmin dövrdə Milli Məclis ölkədə baş verən proseslərin açıq müzakirə olunduğu tribunaya çevrildi".
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna böyük diqqət yetirdiyini deyən Z.Əsgərov Azərbaycan Ordusunun 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərində düşmənə ağır zərbələr vurduğunu, bundan sonra cəbhə xəttində atəşkəsə dair müqavilə imzalandığını bildirdi. O, parlamentin müstəqillik dövründəki fəaliyyətindən də danışdı: "16 ilə yaxındır parlament qanunvericilik səlahiyyətlərini uğurla həyata keçirir. 1995-ci ildən bu yana Milli Məclis 3200-dən çox qanun və qərar qəbul edib. Təcrübəmiz göstərir ki, parlament əsil demokratiya məktəbidir. Parlament demokratik təsisatları möhkəmləndirir və nəticə etibarilə hüququn aliliyinin təmin olunmasına zəmanət yaradır. Milli Məclis beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi, müvafiq qərarların qəbulu ilə bağlı uğurlu fəaliyyət göstərir".
Vitse-spiker Bahar Muradova da çıxışında ölkəmizin müstəqillik illərində böyük inkişaf yolu keçdiyini bildirdi. Onun fikrincə, müstəqilliyimizin qorunub saxlanılması və bugünkü səviyyəyə çatması Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olub. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. "Bu gün bizim üçün təhlükə hər yerdən gözlənilir. Ən əsası bu günə qədər, nəyin bahasına olursa olsun, öz maraqlarını reallaşdırmaq istəyən dairələrdən gələn təhlükə var. İmkan vermək olmaz ki, onlar gələcəkdə Azərbaycanda hakimiyyətə gəlsinlər", - deyə vitse-spiker vurğuladı. B.Muradova bildirib ki, xalq buna imkan verməyəcək: "Buna biz imkan verməyəcəyik. Çünki biz Heydər Əliyev yolu ilə gedən Prezident İlham Əliyevin arxasındayıq. Ona dayağıq, Ona söykənirik və Ona hər zaman dəstək verəcəyik".
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova ötən 20 il ərzində Azərbaycanın sosial dövlətə çevrilməyə başladığını vurğulayıb: "Biz indi yeni insanlarıq. 20 il əvvəlki, sabaha ümidi olmayan insanlar deyilik".
Millət vəkili Qənirə Paşayeva çıxışında dünyada yüzlərlə xalqın müstəqil dövlətinin olmadığını xatırladıb: "Amma azərbaycanlıların müstəqil dövləti var. Mən o dövrü yaxşı xatırlayıram. O zaman biz gənc idik, tələbə idik. Sabaha ümidlə baxa bilmirdik. Amma bugünkü Azərbaycan gənci sabaha ümidlə baxır. Mən dünyanın hər yerindəki soydaşlarımıza səslənirəm ki, Azərbaycanın güclənməsi üçün çalışsınlar".
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə çıxışında bildirdi ki, müstəqilliyə qiymət verilərkən bu dövlətin qurulmasında, inkişafında, ərsəyə gəlib çıxmasında görülən işlərə diqqət yetirilməlidir: "Azərbaycanın Dövlət Müstəqilliyinin 20 illiyinə nəzər salanda, görərik ki, postsovet məkanında ən ağır şəraitdə müstəqilliyi əldə edən Azərbaycan oldu. Lakin bu gün nəinki postsovet məkanında, eləcə də, Şərqi Avropada ən inkişaf etmiş ölkə Azərbaycandır. Buna Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının nəticəsində nail olmuşuq. 1991-ci ildə Ulu Öndər Heydər Əliyev bu salondan çıxış edərək, iqtisadi-siyasi cəhətdən Azərbaycanın müstəqil yaşaya biləcəyini tam şəkildə əsaslandırdı. Lakin onda hadisələr baş verdi? Bəziləri sübut etməyə çalışırdılar ki, bu fikir düzgün deyil. İstiqlalçı deputatların içərisində birinci Heydər Əliyev Azərbaycanın müstəqil olmasını bu zaldan səsləndirib. Və hansı hallarla qarşılaşıb, biz bunun şahidiyik. Bəzən Ulu Öndər Heydər Əliyevi Atatürklə, Şarl de-Qolla və digər tarixi şəxsiyyətlərlə müqayisə edirlər. Atatürk hakimiyyətə gələndə Osmanlı dövlətinin qoşunları, var-dövləti qalmışdı. Ümummilli Lider Heydər Əliyev isə hakimiyyətə qayıdanda tar-mar olunmuş Azərbaycan var idi, Azərbaycan dağılmaq üzrə idi. Əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan parçalanardı. Bu gün Azərbaycanda vətəndaş həmrəyliyi var. Bununla belə, bu həmrəyliyi pozmaq istəyənlər də var. Ölkəmizdə nə qədər Amnistiya aktı qəbul edilib, Əfv fərmanları imzalanıb. Bu humanist qərarlar 20-30 mindən çox insana şamil olunub. Eyni zamanda, Azərbaycanda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilib. Bu gün dünya Azərbaycan standartlarına uyğunlaşmalıdır. Azərbaycandakı quruculuq işlərini dünyada öyrənib tətbiq etməlidirlər. Bütün bunlar müstəqilliyimizin nəticəsidir".
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, 90-cı illərin əvvəllərində müstəqillik əldə edən Azərbaycan qədər heç bir sovet respublikası itki verməyib: "Xalqımız bu itkilərə səbəb olanları bağışlamayacaq. Biz onları bağışlasaq da, şəhidlərimizin ruhları onları bağışlamayacaq".
İclasda, həmçinin, millət vəkilləri Rafael Cəbrayılov, Elton Məmmədov, Fəzail İbrahimli, Jalə Əliyeva, Fazil Mustafa və başqaları çıxış edərək, ölkəmizin müstəqillik dövründə qazandığı uğurlardan danışdılar.
RƏFİQƏ KAMALQIZI