DREZDEN
Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Almaniyanın Drezden şəhərində sözügedən təşkilatın dəstəyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin iştirakı və "Alm.az" Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Drezden Qalereyası və Opera Teatrında keçirilmiş tədbirdə azərbaycanlılarla yanaşı, rus icmasının, yəhudi sinaqoqunun, katolik kilsəsinin, həmçinin, Drezden şəhərindəki Qazaxıstan, Çexiya, Litva, Latviya, Avstriya konsulluqlarının nümayəndələri, şəhərin nüfuzlu sakinləri iştirak ediblər. Sachsen parlamenti və şəhər meriyasının tədbir iştirakçılarına ünvanladıqları təbrik məktubları oxunub. Tədbiri giriş sözü ilə açıq elan edən "Alm.az" Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağa Hüseyn Babayev qonaqları salamladıqdan və tədbirdə iştirak etdikləri üçün onlara təşəkkür etdikdən sonra sözü Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmailovaya verib. O, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri əldə olunmuş nailiyyətlər və dinamik inkişaf barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə çıxış edən yerli ictimaiyyət nümayəndələri, Qazaxıstan Respublikasının Sachsen və Sakhsen-Anhaltdakı Konsulluğunun katibi Alevtina Böttner azərbaycanlıları Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibətilə təbrik etmiş, hazırda Azərbaycanın dünyada artan nüfuzu ilə birgə onun dostlarının da çoxaldığını qeyd etmişdir. Daha sonra tədbirdə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini, tarixi abidələrini, turizm potensialını, milli mətbəxini əks etdirən sənədli film nümayiş olunub. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar üçün ziyafət təşkil olunmuş, yerli musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.
RUSİYA
Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresinin, Heydər Əliyev Fondunun, Rusiya Azərbaycan Gənclər təşkilatının bir sıra tədbirləri keçirilir. Müstəqillik gününə həsr olunmuş tədbirlər postsovet məkanının digər ölkələrində - Gürcüstan, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunur. Latviyada fəaliyyət göstərən "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Riqa şəhərində "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda konfrans keçirilmiş, həmçinin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərginin açılışı olmuşdur. Oktyabrın 18-də Estoniyanın paytaxtı Tallində Estoniya-Azərbaycan parlament qrupu, Bakılılar Klubu, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir və sərgi keçirilib. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, dövlət, hökumət, parlament, diplomatik korpus və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Eyni zamanda, Estoniya parlamentində "Azərbaycan Respublikasının Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu" mövzusunda konfrans öz işinə başlayıb. Bu tədbirlərin davamı olaraq, 20 oktyabr tarixində Litva Seymində DİDK-in dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyətinin və Litva-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. Litva seyminin rəhbərliyi, diplomatik korpusun nümayəndələrinin, ölkədə fəaliyyət göstərən digər milli icma nümayəndələri ilə yanaşı, QHT və KİV nümayəndələrinin də iştirak edəcəyi tədbirin Litva Respublikasının Televiziyası vasitəsilə canlı yayımı nəzərdə tutulub.
RUMINİYA- MACARISTAN
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi və DİDK ilə birlikdə Buxarestdə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib.
"Macar-Azərbaycan dostluq Cəmiyyəti" Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Müstəqillik Gününü konfrans keçirməklə qeyd ediblər. İsveçdə fəaliyyət göstərən "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə seminar keçirilib. Seminar çərçivəsində "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" filmi nümayiş etdirilib, daha sonra isə tədbir vətənpərvər ruhda söylənən şeirlərdən ibarət "Şərq gecəsi" təqdim olunub. İsveçdə fəaliyyət göstərən "Qarabağ" Cəmiyyəti, "Azərbaycan Federasiyası - İsveç" təşkilatı da ayrı-ayrılıqda Müstəqillik Günü münasibətilə müvafiq olaraq toplantı və bayram konserti keçiriblər.
ZÜMRÜD