PDF Oxu

Əsas

  • 14

Azərbaycan mediası sürətli inkişaf yolu keçib

Azərbaycan mediası sürətli inkişaf yolu keçib

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra, ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək, bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.

Söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Bəşər tarixi söz və mətbuat azadlığı uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil insan cəmiyyəti formalaşandan azad fikir, sərbəst düşüncə ifadə etməyə və eyni zamanda, dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdur.

Bu və bu kimi digər məsələlərlə bağlı açıqlama verən Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun önə sürdüyü fikirləri təhlil edərkən belə qənaətə gəlmək mümkündür ki, ümumilikdə, bütün sahələrlə yanaşı, ölkəmizin mediası da sürətli inkişaf yolu keçib. Əlbəttə ki, bütün bu amillər onu deməyə əsas verir ki, formalaşmış mətbuatımız, eləcə də, bir institut kimi nəzərə çarpır və bunun da xüsusi mexanizmlərdən yaranması aktuallıq daşıyır: "Bu illər ərzində Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur və bu institutun özünütənzimləmə mexanizmi yaranıb". Azərbaycan jurnalistlərinin seçkili orqanlarının formalaşdığını deyən Əli Həsənovun sözlərinə görə, sevindirici haldır ki, dövlət mətbuat üzərindən bütün tənzimləmə mexanizmini götürüb. Belə ki, PA rəsmisinin açıqlamasından o da bəlli olur ki, bugünkü medianın, mətbuatın təməlini sovetlər dövrünün jurnalistləri qoyub. Lakin təəssüf ki, jurnalist adına ləkə gətirən dırnaqarası media nümayəndələri də var ki, onların fəaliyyəti yalnız şəxsi mənafelər üzərində qurulur. Lakin onlara qarşı ciddi mübarizə də aparılmaqdadır: "Azərbaycanda jurnalist adından sui-istifadə edən, qanunlara hörmət etməyən, mətbuat əxlaqı olmayan jurnalistlər də var. Belə jurnalistlərə qarşı tək dövlət deyil, media təşkilatları da mübarizə aparırlar".

PA rəsmisi Əli Həsənovun dediklərindən daha bir nəticəyə gəlmək mümkündür ki, cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özünüifadə istəyi əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin də başlıca qayəsini təşkil etmişdir. Bu dəyərlər uğrunda mübarizə ona görə daim aktualdır ki, cəmiyyət və dövlətdən çəkinməyərək öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı insan haqlarının ən mühümü, vətəndaşın dövlətin idarə olunması və ona nəzarət edilməsində həqiqi iştirakının əsasını təşkil edir. Bu azadlıqlar insanın cəmiyyətdə layiqli yerini tapmasına, plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər