Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 60 saylı ərazi üzrə ilk təşkilatının hesabat-seçki yığıncağı keçirildi
Dünən Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 60 saylı ərazi üzrə ilk təşkilatın hesabat-seçki yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universitetinin ilk partiya təşkilatının sədri Ələddin Əliyev açaraq, ötən 5 illik dövr ərzində universitetin müəllim və tələbə heyətinin ölkənin ictimai və siyasi həyatında fəal rol oynadığını söylədi. O, qeyd etdi ki, 5 illik zaman məsafəsində ölkə üçün çox önəmli olan prezident, bələdiyyə, parlament seçkiləri, eləcə də, referendum keçirilmişdir. 60 saylı ərazi üzrə ilk təşkilatının bu seçkilərdə fəal mövqe nümayiş etdirmiş, dövlət siyasətini dəstəkləyərək, partiya fəallarının mövqeyi özünü büruzə vermişdir. İlk partiya təşkilatının sədri universitetin 180 nəfər müəllimin, 310 nəfər tələbənin YAP-ın üzvü olduğunu qeyd edib. 1992-ci ildə yaradılan YAP-ın Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətləri və çox şaxəli fəaliyyəti nəticəsində nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda lider partiyaya çevrilmişdir. İlk ərazi partiya təşkilatının sədri universitetin gənclərinin fəallığına da nəzər saldı. Universitet gənclərinin ümumrespublika səviyyəsində təmsil olunduğunu söyləyən Ə.Əliyev YAP Gənclər Birliyinin sədri müavini bu universitetin tələbəsi olan Aygün Əliyevanın seçildiyini qürurla bildirdi. Hesabat-seçki yığıncağında çıxış edən ilk partiya təşkilatının qadınlar şurasının sədri Gülnar Hüseynzadə, gənclər birliyinin sədri Əmir Hacıyev Azərbaycanın inkişafında qadınların və gənclərin xüsusi rola malik olduğunu vurğuladılar. Müasir dövrümüzdə dövlət siyasətinin nəticəsi olaraq, onlara göstərilən yüksək qayğıdan söz açdılar.
Respublika YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva dövlət gənclər siyasətinin gənclərə açdığı yolu, eləcə də, dünya arenasında gənclərin təmsil olunmasının zəruriliyini bildirdi. Gənclərin ölkənin ictimai-siyasi həyatındakı xüsusi fəallığını qeyd edən A.Əliyeva hər bir gəncin bu diqqət və qayğıdan bəhrələnərək, Azərbaycanın gələcək inkişafı naminə bütün qüvvəsini səfərbər etməyə çağırdı.
ADU-nun rektoru, Milli Məclisin deputatı Səməd Seyidov ötən 5 il ərzində YAP ərazi ilk təşkilatının universitetdəki fəallığının yüksək qiymətləndirib, onlara uğurlar arzuladı. O bildirdi ki, YAP bu universiteti yenidən yaratdı. İnsanların ruhunda önəmli dəyişikliklər baş verdi. YAP-ın universitetin canlı qurumu olduğunu diqqətə çatdıran Səməd Seyidov universitet gənclərinin respublika səviyyəsində təmsil olunmalarını bu təşkilatın rolu ilə əlaqələndirdi.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin üzvü Məlahət Həsənova ilk olaraq tədbir iştirakçılarını bir neçə gün əvvəl qeyd etdiyimiz Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə təbrik etdi. O, bu gün universitetdə təhsil alan gənclərin simasında Azərbaycanın gələcəyinin daha da uğurlu olduğunu diqqətə çəkib, dövlətin yeni nailiyyətlərə imza atacağına tam əminliyini bildirdi. Çıxışlar sona yetdikdən sonra təşkilati işlərə baxılaraq, səsvermə yolu ilə Ələddin Əliyev yenidən universitetin ərazi ilk partiya təşkilatının sədri, eləcə də, 11 nəfərdən ibarət idarə heyəti, ilk partiya təşkilatının qadınlar şurası və gənclər birliyinin sədri seçildi.
Sonda YAP-ın sıralarına daxil olmaq üçün ərizə ilə müraciət etmiş 6 nəfər müəllim və 55 tələbə qəbul olundu.
NƏZAKƏT ƏLƏDDİNQIZI