PDF Oxu

Əsas

  • 13

YENİ AZƏRBAYCAN PARTİYASI XALQIN PATİYASIDIR

YENİ AZƏRBAYCAN PARTİYASI XALQIN PATİYASIDIR

Dünən Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının binasında akademiyanın YAP ilk ərazi təşkilatının hesabat-yığıncağı keçirilib. Hesabat-seçki yığıncaqda YAP Səbail rayon təşkilatının sədri, partiya idarə heyətinin üzvü, professor Zahid Qaralov, akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev, akademiyanın YAP ilk ərazi təşkilatının sədr müavini Tofiq Bədəlov, hesabat-seçki yığıncağının katibi Fuad Şammədov və fəal tələbə-müəllim heyəti iştirak edib.
Hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra, partiya ilk ərazi təşkilatının sədr müavini Tofiq Bədəlov bildirdi ki, yığıncaqda təşkilatı və digər mühüm məsələlər müzakirəyə çıxarılacaq, çıxışlar üçün reqlament müəyyənləşdiriləcək. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. Sonra Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının mərhum rektoru, görkəmli elm adamı, akademik Seyfəddin Qəndilovun əziz xatirəsi bir dəqiqəlik sükutla yığıncaq iştirakçıları tərəfindən yad edildi.
Daha sonra çıxış üçün söz alan Tofiq Bədəlov qeyd etdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olmaqla yanaşı, həm də xalqın partiyasıdır: "YAP nəinki ölkəmizdə, eləcə də, regionda lider siyasi təşkilat olmaqla yanaşı, eləcə də, ümumxalq partiyası kimi hər bir vətəndaşın rəğbətini, etimadını qazanıb. Təbii ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin mütərəqqi siyasətini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü mükəmməl siyasətin məntiqi nəticələridir".
Tofiq Bədəlov ərazi ilk partiya təşkilatı barədə hesabatı açıqlayarkən bildirdi ki, hesabat dövrü 1 iyul 2008-ci ildən 21 oktyabr 2011-ci ilə qədər olan zamanı əhatə edir və bu zaman müddətində ərazi ilk partiya təşkilatında 137 nəfər YAP sıralarına qəbul edilib. Partiyaya qəbul edilənlərin tərkibinin 92,3 faizini gənclər, 25,8 faizini isə qadınlar təşkil edir. Ümumi tərkibin sayı isə bu dövr ərzində 311 nəfərdən 448 nəfərə yüksəlmişdir ki, burada gənclər 73, 7, qadınlar isə 30,6 faizi təşkil edirlər. Çıxışdan sonra tədbir iştirakçılarının təklifləri dinlənildi və bir daha məlum oldu ki, akademiyanın ərazi ilk partiya təşkilatı ən nümunəvi təşkilatlardan biri kimi qiymətləndirilir.
Sonra çıxış üçün söz alan akademiyanın professoru, filologiya elmləri doktoru, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lalə Əhmədova bildirdi ki, onların bu günkü uğurlu fəaliyyəti Prezident İlham Əliyevin ölkə təhsilinə göstərdiyi diqqət və qayğının nəticəsidir. L.Əhmədova dedi ki, bu gün Prezident yanında Dövlət İdarəçiliyi Akademiyası öz beynəlxalq əlaqələrini müvəffəqiyyətlə davam etdirir. Gənc fəal, YAP üzvü İsmixan Ziyadxanlı da öz çıxışında əsası 1999-cu ildə qoyulmuş Dövlət İdarəçiliyi Akademiyasının uğurlarından, partiya üzvü olan gənclərin nailiyyətlərindən danışdı.
İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri Roza Əliyeva öz çıxışında akademiyada təhsil alan, eləcə də, YAP üzvü olan gənclərə tövsiyə etdi ki, onlar öz fəaliyyətlərində Yeni Azərbaycan Partiyasının adını daim uca tutmalıdırlar. Daha sonra söz akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayevə verildi. Professor ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyəti və akademiyanın fundamental əsasları barədə maraqlı, əhatəli çıxış edərək vurğuladı ki, bu vəhdət eyni missiyanı-dövlətçiliyə xidmət missiyasını reallaşdırır.
Hesabat-seçki yığıncağında ilk ərazi təşkilatının idarə heyətinin sayı 9 nəfərdən 11 nəfərə çatdırıldı. Verilən hesabat yığıncaq iştirakçıları tərəfindən səsə qoyuldu və əleyhinə olmamaqla, yekdilliklə qəbul olundu.
Hesabat-seçki yığıncağının sonunda söz YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralova verildi. Zahid Qaralov öz çıxışında hesabat-seçki yığıncağının yüksək şəkildə təşkilinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, ilk ərazi təşkilatının idarə heyətinin artırılması və orada qadınların sayının çoxluq təşkil etməsi tədqirəlayiq haldır: "Bu təşkilat ölkədə birinci yaranan ilk ərazi təşkilatlardandır. Təşkilatın bu günkü uğurlu fəaliyyəti də göz qarşısındadır. Bütün bu nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfində qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir".
Hesabat-seçki yığıncağının sonunda IX konfransa 5 nəfər üzv seçildi. Bununla yanaşı, ilk ərazi təşkilatının sədr müavini vəzifəsini icra edən Tofiq Bədəlov yığıncaq iştirakçıları tərəfindən yekdilliklə ilk ərazi təşkilatının sədri seçildi.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər