YAP Naftalan şəhər təşkilatının Naftalan şəhər 62 saylı Yİ MMC ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. YAP Naftalan şəhər təşkilatının sədri Möhübbət Bədəlov hesabat-seçki yığıncağında çıxış edərək Azərbaycanın Dövlət Müstəqilliyi illərində keçdiyi inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq dövlət müstəqilliyimizin əbədi və dönməz olması uğrunda apardığı işlər barədə geniş məlumat verməklə yanaşı, müstəqilliyimizin 20 illiyi münasibəti ilə yığıncaq iştirakçılarını təbrik edib. O, ötən 19 ildə YAP-ın keçdiyi çətin, lakin şərəfli yolundan, partiyanın xalqla, dövlətlə bir olmasından geniş söhbət açıb. M.Bədəlov YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun həmin tədbirdəki çıxışının məğzini açıqlayıb: "YAP İcra katibi Əli Əhmədov müşavirədə vurğuladı ki, YAP-ın Nizamnaməsinə uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının konfransları keçirilməlidir. Bildiyiniz kimi, ötən il ölkəmizdə parlament seçkiləri keçirildi. YAP da digər siyasi təşkilatlar kimi seçkilərə qatıldı. Ondan öncə bələdiyyə və prezident seçkiləri keçirilmişdir. Ona görə də, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə zaman baxımından imkan olmamışdır. Artıq indi bunun üçün imkanlar var. Bu vaxtdan istifadə edib, rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Növbəti konfransın yüksək səviyyədə keçirilməsinə nail olmaq üçün, ilk növbədə, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlamalıyıq". Bu baxımdan, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarında konfranslar keçirilir, hesabatlar verilir".
Daha sonra vurğulanıb ki, hesabat-seçki yığıncaqlarında hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalıdır.
YAP Naftalan şəhər təşkilatının 62 saylı Yİ MMC ilk partiya təşkilatının sədri Firdovsi Qafarov tədbirdə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin daha da güclənməsi istiqamətində düşünülmüş uzaqgörən siyasət həyata keçirir: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizin vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək, sosial rifah halını yaxşılaşdırmaq istiqamətində əzmkarlıqla çalışır".
Yığıncaqda ilk partiya təşkilatının hesabat məruzəsi dövründəki fəaliyyəti müsbət qiymətləndirilib. Eyni zamanda, təşkilati məsələlərə də baxılıb. Firdovsi Qafarov yekdilliklə yenidən ilk partiya təşkilatının sədri, YAP Naftalan şəhər təşkilatının VIII konfransına 3 nəfər nümayəndə seçilib.
R.HÜSEYNOVA