Dünən Dövlət Sərhəd Xidməti Akademiyasında Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib. DSX Akademiyasında keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, akademiyanın zabit-müəllim heyəti və müdavimləri iştirak ediblər.
Yubiley mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev ilk Azərbaycan sərhədçi general-mayoru Mustafa Nəsirovun keçdiyi həyat yolu və onun sərhəd xidmətindəki fəaliyyətindən danışıb. General-mayor Mustafa Nəsirovun Azərbaycanın bugünkü sərhədçilərinə və akademiyanın müdavimlərinə canlı örnək olduğunu vurğulayan Elçin Quliyev onun əzmkar, iradəli və şücaətli həyat yolundan hər kəsin bəhrələnməli olduğunu bildirib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev onu da qeyd edib ki, Mustafa Nəsirov ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub. Mükafat general-mayor Mustafa Nəsirova təqdim edilib.
Daha sonra tədbirdə çıxış edən general-mayor Mustafa Nəsirov dövlət sərhədlərinin müqəddəsliyindən, onun qəhrəmanlıqla qorunmasından danışıb. Yubilyar daha sonra dövlət tərəfindən ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, xüsusilə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. General-mayor sonda gənc kursantlara, akademiya müdavimlərinə öz xeyir-duasını verib.
RÖVŞƏN