Məlum olduğu kimi, İranın Qum şəhərində beynəlxalq konfrans adı altında keçirilən qondarma tədbirdə Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirilib. Həmin tədbirdə, bir sıra xarici dövlətlərin də müsəlman icmaları iştirak etmiş, onlara ölkəmiz barədə yanlış informasiyalar verilmişdir. Bu və bu kimi digər məsələlərə münasibət bildirən Azərbaycanın millət vəkilləri belə qənaətə gəlmişdilər ki, İranın davamlı olaraq, müxtəlif üsullarla Azərbaycanın daxili işlərinə müdaxilələr etməsi, əslində, onların fars rejimi tərəfindən idarə olunduqlarını ifadə edir.
Aydın Mirzəzadə: "Azərbaycanı Şərqdə onun adına uyğun olmayan tərzdə təqdim etməyə çalışırlar"
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, İran Azərbaycan haqqında qeyri-ciddi məlumatlar yaymaqla, özü-özünü ifşa edir: "İran kimi Azərbaycana dost, qardaş ölkədə anti-Azərbaycan xarakterli tədbir keçirilir və Azərbaycan haqqında həqiqətəuyğun olmayan materiallar yayılır. Azərbaycanı Şərqdə onun adına uyğun olmayan tərzdə təqdim etməyə çalışırlar. Bu, Azərbaycanı istəməyən İran dairələrinin işidir".
A.Mirzəzadə burada ermənilərin də əlinin olduğunu istisna etmir: "Hesab edirəm ki, burada, şübhəsiz ki, İranda yaşayan erməni icmasının müəyyən qədər əli var və bu barədə açıq məlumat da verilib. Bildirilib ki, Azərbaycan Şərq ölkəsidir, islam ölkəsidir və Azərbaycanda insan hüquqlarının, o cümlədən, dini əsasların qorunduğu bir ölkədir. Bu baxımdan, Azərbaycanla bağlı bu reallıqları hər bir kəs İnternetdən götürə bilər.
Tahir Süleymanov: " İran İslam Respublikası hakim dairələrinin Azərbaycanın daxili işinə qarışmağa haqqı yoxdur"
Millət vəkili Tahir Süleymanov bu məsələyə münasibət bildirərkən, bir amili də xatırladıb ki, hazırda İran İslam Respublikasında 35 milyon azərbaycanlıların hüququ hər gün pozulur, hər gün dar ağacından asılanlar var. Məhz bu faktorun özü sübut edir ki, onlar, ilk növbədə, özlərinin dərdlərini çəksələr daha yaxşı olardı: "İranın bu ikiüzlü siyasətinə qarşı Milli Məclis səviyyəsində rəsmi etiraz olunmalıdır. Milli Məclis bu məsələyə açıq və konkret münasibət bildirməlidir.
İranın həm "Səhər-2" televiziyası vasitəsilə, həm də rəsmi dövlət rəhbərlərinin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi İran-Azərbaycan işçi qrupu vasitəsilə İran tərəfinə çatdırılmalıdır. İran İslam Respublikası hakim dairələrinin Azərbaycanın daxili işinə qarışmağa haqqı yoxdur. Din pərdəsi altında siyasi şoular, oyunlar düzəldən rəsmi Tehran, faktiki olaraq, işğalçı Ermənistanı qaz və işıqla təmin edib. Azərbaycanda qarşıdurma, gərginlik yaranmasında İran maraqlı tərəfdir. İranın Azərbaycana qarşı əlaqələrində heç vaxt dostluq münasibəti özünü əks etdirməyib. Rəsmi Tehrana gəldikdə isə, bu ölkənin tutduğu qərəzli mövqe tezliklə İranın dağılması ilə nəticələnəcək".
Ayaz Orucov: "Tehran rejimi Azərbaycanın daxili işlərinə müdaxilə edərək, Azərbaycanda islamofobiyanın olması görüntüsünü yaratmaq istəyir"
"İran rejimi anti-Azərbaycan siyasəti ilə heç nəyə nail ola bilməyəcək" deyən millət vəkili Ayaz Orucov İranın Qum şəhərində islam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə "Azərbaycan Respublikasında islami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi" adlı konfransını şərh edərkən bildirib ki, rəsmi Tehran rejimi Azərbaycanın daxili işlərinə müdaxilə edərək, Azərbaycan- da islamofobiyanın olması görüntüsünü yaratmaq istəyir. Üstəlik, hətta bəzi ölkələri də öz siyasi oyunlara alət edir: "İran rejiminin mahiyyəti və tutduğu ideoloji xətt anti-Azərbaycan üzərində qurulub və İran 20 ildir ki qonşuluğunda milli dövlət modelinə söykənən dövlətin varlığından qorxur"
Zahid Oruc: "Azərbaycan cəmiyyətinin böyük hissəsi anti-İran mövqeyində qərarlaşmaqdadır və beynəlxalq izolyasiyanı yaşayan İranın çox ciddi ziyanınadır"
Millət vəkili Zahid Orucun fikrincə, xeyli müddətdir ki, İranın istər informasiya vasitələri, istərsə də ayrı-ayrı ictimai təşkilatları eyni mərkəzdən idarə olunmaqla Azərbaycan əleyhinə informativ, diplomatik, siyasi savaş aparmaqdadırlar: ""Səhər-2" televiziya kanalı uzun illər boyu bu ideoloji platformadadır. Bu mövqeni digərləri də paylaşmaqdadır. Amma xüsusi olaraq, bu mövqe ilə orada yaşayan azərbaycanlıların təhrif olunmuş bir gələcəyə sürüklənməsi, həmçinin də, Azərbaycanla İranın sərhəd ərazisindəki, xüsusilə, dietnik mənsubiyyət daşıyan insanların üzərində bir təbliğat ruporunun yaradılması məqsədi güdülür. Lakin bu vasitə ilə İranda və yaxud Azərbaycanda İran mövqeli və yaxud da, İranın elitasına bağlı bir simpatiya mövqeyi yaranan deyil, əksinə, Azərbaycan cəmiyyətinin böyük hissəsi anti-İran mövqeyində qərarlaşmaqdadır və beynəlxalq izolyasiyanı yaşayan İranın çox ciddi ziyanınadır. İran Azərbaycana qarşı beş-altı müstəvidə son dərəcə çox çirkin siyasət aparmaqdadır. Bu ildə 40 tondan artıq narkotikanın sahəsində də özünü göstərir, bu, Xəzərin statusunun tanımayaraq, Azərbaycanın xarici iqtisadi siyasətini bloklamaq və onu nəzarətə götürməsi istəyində sübut olunur, bu, Azərbaycan bayrağının yaşıl elementini digər simvolların üzərinə gətirməklə "yaşıl inqilab" ixracını Azərbaycanı İranın bürostarına çevirmək istəyində də göstərir. Bunu çoxaltmaqda olar, lakin bu dövrələr arasında Azərbaycanın siyasi rəhbərliyi son dərəcə soyuqqanlı bir münasibət ortalığa qoyaraq yenə də regionda stabillik, təhlükəsizlik və normal dinc yanaşı yaşamaq mövqeyinə üstünlük verib.
Çingiz Qənizadə: "Ayətullanın Azərbaycana qarşı əks-fikirləri bir daha onu göstərir ki, İran Azərbaycanın siyasi sabitliyin pozulmasına daha çox çalışır".
Millət vəkili Çingiz Qənizadə bu informasiyanı mətbuatdan izlədiyini deyir və belə tədbirlərin keçirilməsini İranda olan müəyyən qüvvələrin maraq dairəsində olduğunu vurğulayır: "İranın "Səhər-2" telekanalının uzun illər Azərbaycanda ictimai proseslərə təsir etmək üçün həqiqətəuyğun olmayan və qızışdırıcı mövqe tutan, dini ədavəti yayan və sabitliyin pozulmasına çalışan informasiyalar yaymağa çalışır. Bu gün İran Ermənistan Respublikasına iqtisadi, siyasi və digər yardımlar göstərir. Hesab edirəm ki, başqa dövlətlərdən fərqli olaraq, İran dövləti Azərbaycanda bugünkü sabitliyin pozulmasına çalışır və ölkənin uğurlu inkişafına narahatçılıq keçirir. Belə ki, bu günlərdə İran ordusunun baş qərargah rəisinin çıxışı, ayətullahın Azərbaycana qarşı əks-fikirləri bir daha onu göstərir ki, İran Azərbaycanın siyasi sabitliyin pozulmasına daha çox çalışır".
RƏFİQƏ HÜSEYNOVA