PDF Oxu

Əsas

  • 25

Görkəmli bəstəkar Sevil xanım Əliyevanın musiqi albomu dünya şöhrətli “Yuniversal Myuzik”də işıq üzü görüb

Görkəmli bəstəkar Sevil xanım Əliyevanın musiqi albomu dünya şöhrətli “Yuniversal Myuzik”də işıq üzü görüb

Azərbaycanın musiqi mədəniyyəti daha bir dünya miqyaslı uğura imza atıb. Sevil xanım Əliyeva ilk azərbaycanlı bəstəkardır ki, onun əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutmuş "Yuniversal Myuzik" kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görüb. Əsərləri nəfis disk formasında hazırlanan görkəmli bəstəkar Sevil xanım Əliyevanın "Ze qaleri of Sevil" instrumental albomunun təqdimatı Moskvada böyük təntənə ilə keçirilib.

Dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi təqdimat mərasimi gözəl anlarla yadda qalıb. Sevil xanım əsrarəngiz bəstələrinin yer aldığı "Ze qaleri of Sevil" albomunu atası, ulu öndər Heydər Əliyevin və anası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr edib. Sevil xanım Əliyevanın insanın ruhuna hakim kəsilən gözəl bəstələri musiqi duyumu olan hər kəsə yaxşı tanışdır. Hər bir musiqisevər korifey müğənni Müslüm Maqomayevin ifasında səslənən "Ana", "Vozvratis, Lyubimaya" və Radmila Karaklaiçin ifasında xüsusi yer tutan "Budu" mahnısına saatlarla qulaq asmaqdan yorulmur.

Noyabrın 7-də Moskvada İqor Butmanın caz klubunda çox təntənəli şəkildə təqdimatı keçirilən "Ze qaleri of Sevil" instrumental albomu Sevil Əliyeva mahnılarının pərəstişkarları üçün dəyərli hədiyyə olub. Klassik və caz musiqilərinin toplandığı bu albomun ərsəyə gəlməsində Sergey Skripkanın rəhbərliyi altında Rusiya simfonik orkestri, dünyanın ən məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun məşhur "Əbbe Roud" studiyasında yazılıb.

"Ze qaleri of Sevil" albomu iki variantda hazırlanmışdır. Birinci variant ikidiskli konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın atası, ulu öndər Heydər Əliyev və anası Zərifə xanım Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik şəkillərinin toplandığı diskli kitabdır. Qeyd edək ki, belə nəfis diskli kitab dünya şöhrətli "Yuniversal Myuzik" şirkətində ilk dəfədir ki, buraxılır.

Çoxsaylı mətbuat nümayəndələrinin də qatıldığı təqdimat mərasimində Sevil xanım albom üzərində işi barədə fikirlərini dünyanın və Rusiyanın aparıcı telekanallarına verdiyi müsahibələrdə ifadə edib. Ənənəyə uyğun olaraq "Yuniversal Myuzik"in baş direktoru Dmitri Konnovun aparıcılıq etdiyi tədbirdə Sevil xanım gözəl bəstəkar olmaqla yanaşı, gözəl natiq olduğunu da bir daha nümayiş etdirib.

Bəstəkar Sevil xanım Əliyevanın sehrli musiqisi İqor Butmanın gözəl orkestrinin və İqor Nazarukun fortepianoda ifasında gecəni hər kəs üçün nağıllar aləminə çevirib. "Latinos" və "Veçer v kabare" Butman orkestrinin solo musiqiçilərinin möhtəşəm ifasında tamaşaçılara xüsusi zövq verib. Təqdimat mərasiminin qonaqları sırasında Leonid Mleçin, Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və Aleksandra Buts və digər tanınmış qonaqlar var idi. Qeyd edək ki, "Ze qaleri of Sevil" albomu artıq satışdadır.

Digər xəbərlər