PDF Oxu

Əsas

  • 50

Azərbaycanın əsl ziyalıları gerçəkləri ortaya qoydular

Azərbaycanın əsl ziyalıları gerçəkləri ortaya qoydular

Son vaxtlar bəzi müxalifətyönlü ziyalıların hansısa mərkəzdən gələn tapşırıqla təşkilatlanması və mediada bəzi bəyanatlarla çıxış etməsi faktının arxasında gizli oyunların dayandığı heç kəsə sirr deyil. Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Rafiq Əliyev də elmlə məşğul olmağı bir kənara atıb siyasətə keçib. Bu alimin müxalifətyönlü mövqeyə keçməsi, dövlət və hakimiyyət əleyhinə böhtan xarakterli açıqlamalar səsləndirməsi ona elmlə siyasətin bir araya sığmamasını xatırlatmağa imkan verir.

Aydındır ki, Qərb dairələrindən Azərbaycanda indi də yeni bir eksperiment keçirilir. Hansısa məsələdən narazı olan ziyalıları yığıb onları dövlətə qarşı çıxış etməyə vadar edirlər. Bu, həmin dairələrin sonuncu eksperimentidir. Çünki bundan öncəki bütün planlar iflasa uğrayıb, ölkəmizdə istər etnik, istər dini, istər də sosial zəmində qarşıdurma yaratmaq mümkün olmadığından, axırıncı yola əl atıblar.

Bu planın icrasında, təəssüf ki, onların toruna düşən bəzi ziyalılarımız da iştirak edirlər. Lakin qeyd etməliyik ki, onlar cəmiyyətin ziyalı təbəqəsinin heç 1 faizini də təşkil etmirlər. Bu insanların arxasında heç bir sosial qüvvə dayanmır. Yeri gəlmişkən, bu məsələlərlə bağlı

Azərbaycanın elmi ziyalılarının nümayəndələrinin açıq məktubu qəbul olunub. Məktubdan bəzi məqamları nəzərinizə çatdırırıq:

"...Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən azad edilməsindən sonra başımızın üstünü alan informasiya selindəki son damla Eldar Namazovun bəyanatı olmuşdur. Bəyanatda deyilir ki, Rafiq Əliyev dəfələrlə Nobel mükafatına namizəd irəli sürülmüşdür. Axı, belə ağ yalana nə ehtiyac var?

Məgər zəmanəmizin bu qəhrəmanı ilə bağlı hadisələri heç kəs xatırlamır? Lakin Allaha şükürlər olsun ki, heç olmasa bu gün İnternetdə kimsə yada salmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxdığı və inkişaf etdiyi ən qarışıq dövrdə, o, MK-nın şöbə müdiri olmuş və yalnız 1990-cı ilin 20 Yanvar hadisələri başgicəlləndirici siyasətçi karyerasına son qoymuşdur.

Ola bilsin, bu gün çox az adam bilir ki, sovet dövründə Moskvanın belə bir planı vardı ki, Dağlıq Qarabağı elə qarabağlıların özlərinin əli ilə Ermənistana vermək lazımdır. Bax, hakimiyyətə gətirilmiş Əbdürrəhman Vəzirov, Rafiq Əliyev və digər qarabağlılar hamımızı Qarabağdan imtina etməyə inandırmalı və onu Ermənistana hədiyyə etməli idilər.

Lakin hoqqabaz təlxək Əbdürrəhman Vəzirov Rafiq Əliyev kimi əlaltılarını kölgədə qoydu. Bəlkə onun təbəssüm maskası ilə örtülmüş sifətindən sirr pərdəsini aralamağın vaxtı artıq çatmışdır. İlk növbədə, xatırlayaq ki, bu xadim Dağlıq Qarabağ münaqişəsinin inkişafına və dərinləşməsinə kömək etdiyinə görə 1989-cu ildə öz sahiblərindən MK-ya məxsus nüfuzlu binada mənzil və müxbir üzv adı, habelə, yalnız onun özünə məlum olan çox şeylər almışdır. Yanvar hadisələrindən sonra isə ad-sanına və nüfuzuna əsla xələl dəymədən Neft Akademiyasında kafedra müdiri kreslosuna sahib olmuşdur.

...O, hətta MK-da işlədiyi dövrdə Qarabağ ətrafında yaranmış vəziyyətin guya elmi təhlili metodlarını işləyib hazırlamışdı. O illərdə Bakı reallıqlarından uzaq olan kəslərə xatırladaq ki,

Rafiq Əliyev həmin vaxt MK-da Harri Kasparovun rəhbərliyi altında qrup yaratmışdı. Onlar hansısa kompyuter proqramlarından istifadə etməklə, guya Dağlıq Qarabağ probleminin həlli üçün bir növ riyazi proqnozlaşdırma ilə məşğul olurdular.

Onların proqnozları yumşaq desək, təəccüb doğururdu və əsas etibarilə ondan ibarət idi ki, 2 gün sonra Yerevanda, 3 gün sonra isə Bakıda mitinq fəaliyyətinin canlanması gözlənilir, Xankəndidə isə ana Ermənistanla birləşməyi tələb edən kütlə meydandan dağılışmayacaqdır. Üstəlik, məqsədyönlü şəkildə belə bir siyasət yürüdülürdü ki, Dağlıq Qarabağ birbaşa Moskvadan idarə olunur və Qarabağın azərbaycanlılardan etnik təmizlənməsi yolundakı bütün əngəllər aradan götürülür.

Belə bir fakt da maraq doğurur ki, Rafiq Əliyev MK-nın şöbə müdiri işlədiyi dövrdə Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Bu, Elmlər Akademiyasının tarixində yeganə seçkilər idi ki, akademiklərdən birinin sərrast ifadəsinə görə, Elmlər Akademiyasının tərkibinə "müqəddəs üçlük" seçilmişdir: MK-nın 3 şöbə müdiri, o cümlədən, Rafiq Əliyev.

Bu üçlüyü nəzərə almaqla, nə əvvəl, nə də sonra belə bir fakt olmamışdı ki, rəhbər tərkibdən cəmi 10 nəfər bir dəfəyə akademik və müxbir üzv adları almış olsun. Bu, Əbdürrəhman Vəzirovun şəxsi göstərişi və arzusu idi. Akademiklərin bütün müqavimətlərinə baxmayaraq, Rafiq Əliyev,- əgər belə demək olarsa,- müvəffəqiyyətlə müxbir üzv təyin edildi.

O vaxtlar Azərbaycan elmi sovet elminin bir hissəsiydi və belə yüksək adlar üçün namizədlərin hamısına müəyyən rəylər yazılır, müəyyən zəmanətlər verilirdi. Pis-yaxşı, amma hər halda elmi birliyə fundamental elmin nümayəndələrini seçməyə çalışırdılar. Rafiq Əliyev isə məlum olduğu kimi, heç vaxt fundamental elmlə məşğul olmamışdır.

O, fizika-riyaziyyat və texniki elmlər bölməsinin üzvlərinə həmişə həm elm, həm də texnika ilə yarımçıq məşğul olan adam təsiri bağışlayırdı və onu heç vaxt ciddi qəbul etmirdilər. Yeri gəlmişkən, o, iştirak etdiyi son seçkilərdə də səslərin əksəriyyətini əldə etmədi. Həmin səsvermədə iştirak edən akademiklər hələ sağ-salamatdırlar və bunu təsdiq edə bilərlər. Rafiq Əliyevin bu mövzu ilə bağlı nağılları isə, əlbəttə, məlumatı olmayan auditoriya üçün nəzərdə tutulmuşdur.

Ümumi iclasda onun lehinə səs verənlər bu məlumatı heç kimdən gizlətmirlər. Lakin səsvermədə yetərsay olmadığı aşkar fakt idi. Elə şöbənin özündə də bizim akademiklər deyirlər ki, Rafiq Əliyevin üzünü illərlə görmürlər və o, akademiyanı yalnız seçkilər dövründə xatırlayır. Belə bir fikir yalnız onun xəstə təxəyyülündə yarana bilərdi ki, o, akademiyaya seçilmiş, lakin kimsə qərəzli niyyətlə onu akademiyaya buraxmamışdır.

Nəzərə almaq lazımdır ki, hətta 1988-ci ildə Mərkəzi Komitənin bir neçə şöbəsi: Elm və təhsil müəssisələri şöbəsi, Mədəniyyət şöbəsi, Təbliğat və təşviqat şöbəsi birləşdiriləndə Vəzirov bu şöbələrə rəhbərlik etməyi məhz Rafiq Əliyevə etibar etmişdi. Sovet dövründə bunu elə belə etmirdilər.

Rafiq Əliyev həmin illərdə istənilən mükafatları ələ keçirmək sahəsində fantastik istedada malik idi və ümumiyyətlə, həyatdan hər şeyi almağı bacarırdı. Hətta bu gün, onun üzdəniraq elmi yaradıcılığına yaxşı bələd olanlar aşkar görürlər ki, R.Əliyevin bütün elmi faktiki olaraq həmin AİS ideologiyasının hüdudlarından kənarda inkişaf edə bilməzdi. Lakin o, əslində, elmin ən yeni istiqamətlərinə heç bir aidiyyəti olmadığı halda öz adını həmin istiqamətlərlə bağlamağı bacarır.

Məsələn, qeyri-səlis çoxluqlar dəbə düşən dövrdə o, Lütfi Zadənin məşhur adından istifadə etməyi bacarmış və bəyan etmişdir ki, baxın ha, bu yüksək elmi istiqamətə də onun müəyyən dərəcədə aidiyyəti vardır. Bu, onun öz işidir. Elmdə belə mistifikatorlar az deyil, lakin onlardan heç biri hamının eşidə biləcəyi səslə özünün böyük alim olduğunu bəyan etmir. Onlar öz yerində sakit oturur və öz dahiliyindən dəm vurmurlar. Lakin hazırda elə bir məqam çatmışdır ki, onun indiyə qədər hamını dolaması artıq siyasi rəng alır. Özü də bu, elmi çalarlı siyasi sifarişdir.

Bununla əlaqədar onun öz həyatının tarixi və Elmlər Akademiyası barədə Gültəkin Hacıyeva kimi başabəla siyasətçilərə danışdığı nağıllar üzə çıxır. Onun xəstə təxəyyülünün məhsulu olan bütün etiraflarda dünyasını çoxdan dəyişmiş insanlar iştirak edir. Onun gənclərin beynini zəhərləyən sayıqlamalarını təkzib edəcək adam yoxdur.

Bu mif yaradıcılığı getdikcə artır və genişlənir. Onun fantaziyası təxəyyülünü üstələyir. Hacıyeva öz kumiri Rafiq Əliyevə sevgisi barədə insanı qıcıqlandıran etiraflarında bildirmişdir ki, 1989-cu ildə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov idi. Halbuki o, artıq bilirdi ki, gözdən salınmışdı. Həmin dövrdə birinci katib artıq Vəzirov idi, elm və təhsilə rəhbərliyi isə Rafiq Əliyevə tapşırmışdı. Lakin Hacıyevanın etiraflarında tarix təkcə xırdalıqlarda deyil, çox ciddi məsələlərdə də təhrif olunur.

Məsələn, o, Rafiq Əliyevin sözlərinə istinad edərək bizi inandırmağa çalışır ki, 1989-cu ildə İmam Mustafayev Sov.İKP sıralarından xaric edilmiş və guya o vaxtkı katib Kamran Bağırov Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasına gəlmiş, ona qarşı müəyyən ittihamlar irəli sürmüş və Elmlər Akademiyasından qovulmuş İmam Mustafayev bundan sonra bir daha oraya gəlməmişdir.

Faktların bu cür qərəzli şəkildə təhrif edilməsi, əlbəttə, təəssüf doğurur. İmam Mustafayevi heç kəs partiyadan çıxarmamışdır, Kamran Bağırov heç vaxt, xüsusən, kiminsə Sov.İKP sıralarından çıxarılması barədə qərarla əlaqədar Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasına gəlməmişdir və s.

Məlumdur ki, o, yalnız bir dəfə, SSRİ EA prezidenti Marçukla birlikdə ümumi yığıncağın işində iştirak etmişdir. Gültəkin Hacıyevaya və onun qəbilindən olanlara məsləhət görmək istərdik ki, özlərinin çılğın sevgi etiraflarında təkzib edilməyən faktları təhrif etməsin və Rafiq Əliyevin sözlərinə əsaslanaraq dünyasını çoxdan dəyişmiş hörmətli adamlara böhtan atmasın.

Bu vəziyyətdə bizim ən çox zavallı Lütfi-Zadəyə yazığımız gəlir.

Rafiq Əliyevin haqlı və ya haqsız olaraq vəzifədən azad edilməsi mövzusunda məsələlərlə əlaqədar indi Zadənin adını tez-tez hallandırırlar. O, yalnız çox tərbiyəli insan kimi bütün bu çirkin əməllərdən uzaq olmağa çalışır, baş verən hadisələrin bütün detallarını və təfsilatını bilmədiyini bəyan edir. Axı o, təqsirkar deyil ki, bizdən təbriklər və komplimentlər qəbul etmişdir. Eyni qayda ilə onun Azərbaycana müəyyən dərəcədə aidiyyəti olması da onun təqsiri deyildir.

Halbuki məhz Rafiq Əliyev Zadəni arbitr qismində cəlb etmişdir və onun köməyi ilə kafedrada bərpa olunmaq arzusundadır. Yeri gəlmişkən, Qərbdə Rafiq Əliyev yaşda olan adamların heç biri artıq kafedra müdiri deyildir. Biz isə həmişə olduğu kimi, daxili mübahisəmizdə ölkə hüdudlarından kənarda elə adamlar axtarırıq ki, onlar bizi mühakimə edə bilsinlər. Bu, əlbəttə, bizim adətlərin ən yaxşısı deyildir.

Lakin ümumiyyətlə desək, yəqin ki, ali ədalət mövcuddur. Rafiq Əliyevin öz müəllimi Tofiq Əliyevə münasibətdə nümayiş etdirdiyi qədirbilməzlik gec ya tez lazımi qiymətini almalı idi. Məhz bu səbəbdən yaxşıdır ki, o, Tofiq Əliyevin kafedrasına daha rəhbərlik etmir. Gec də olsa, ədalət zəfər çalmışdır".

Qeyd edək ki, açıq məktubu Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri Telman Əliyev və Fikrət Əliyev, müxbir üzvləri Rasim Əliquliyev və Ağası Məlikov imzalayıblar.

Beləliklə, Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri öz mövqelərini ortaya qoyub və əsl həqiqətlərin xalqa çatdırılmasında öz mühüm rollarını oynayıblar. Yəqin ki, belə üzdəniraq alimlər bundan öz paylarını götürəcəklər.

Elçin Bayramlı

Digər xəbərlər