PDF Oxu

Əsas

  • 30

17 Noyabr Milli Dirçəliş Günüdür

17 Noyabr Milli Dirçəliş Günüdür

Dünən 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı YAP Gədəbəy rayon təşkilatı və Gədəbəy rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Heydər Əliyev Parkında Ulu Öndərin büstünü ziyarət edərək, büstün önünə gül dəstələri qoyublar.

Rayon icra hakimiyyətinin iclas zalında keçirilən tədbirdə çıxış edən Gədəbəy rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə bildirdi ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli azadlıq hərəkatı ilə bağlıdır: "1988-ci il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan indiki "Azadlıq" meydanına yığışaraq, Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovuldu. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb, Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit tərzdə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi".

YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tədbirdə çıxış edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın çox ağır durumda olduğunu vurğulayıb: "Ulu Öndərimiz Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, hakimiyyətə gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir".


R.HÜSEYNOVA

Digər xəbərlər