PDF Oxu

Əsas

  • 34

Yeni Azərbaycan Partiyası regionda ən qüdrətli siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası regionda ən qüdrətli siyasi təşkilatdır

Dünən YAP Qazax rayon təşkilatının VII konfransı keçirildi. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzdülər. 419 nəfər nümayəndənin iştirak etdiyi konfransı giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov təşkilatın VII konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış etdi.

Natiq bildirdi ki, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir: "Yarandığı gündən respublikamızın ictimai-siyasi həyatında alternativsiz rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol bir daha sübut etdi ki, bu partiya tarixi zərurətdən yaranmışdır. YAP Qazax rayon təşkilatı ölkə Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, onun siyasətinə, dünyabaxışlarına, fəlsəfəsinə sadiq qalaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Çoxsaylı gənclər, qadınlar və ağsaqqallar sıralarımıza qəbul olmaq üçün ilk partiya təşkilatlarına müraciət etmişlər. Bu gün YAP Qazax rayon təşkilatının 77 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir və 5083 nəfər partiya üzvü vardır. Onlardan 2875 nəfəri, yəni 57 faizi qadınlar, 2081 nəfəri, yəni 41 faizi gənclərdir. YAP üzvlərindən 2811 nəfəri ali, 2272 nəfəri isə orta və orta ixtisas təhsillidirlər. Hesabat dövrü ərzində 1607 nəfər partiya sıralarına qəbul olunmuş, 79 nəfər vəfat etmiş, 14 nəfər yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar partiya uçotunu başqa rayonlara dəyişmiş, 60 nəfər başqa rayon və şəhər təşkilatlarıdan rayonumuza gəlmişdir. Ümumiyyətlə, rayon təşkilatının boy artımı 1574 nəfər olmuşdur. 77 ərazi ilk partiya təşkilatından 23 ərazi ilk partiya təşkilatı kəndlərdə, 11-i təhsildə, 9-u səhiyyədə, 3-ü nəqliyyatda, 1-i mədəniyyətdə, 31 ərazi ilk təşkilatı isə digər sahələrdə fəaliyyət göstərir".

YAP Qazax rayon təşkilatının sədri, həmçinin, onu da söyləyib ki, qarşıdan 2013-cü il Prezident seçkiləri gəlir: "Heç kəsin şübhəsi yoxdur ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları 2013-cü ildə də böyük üstünlüklə qələbə qazanacaq və yenidən müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləcəkdir. Əlbəttə ki, YAP Qazax rayon təşkilatı da bu seçkilərə indidən ciddi hazırlaşır. Bizlər çalışırıq ki, möhtərəm Prezidentimizin gördüyü işləri, Onun təşəbbüsü ilə həyata keçirilən məqsədyönlü tədbirləri, qısa bir zaman kəsiyində gənc Azərbaycan dövlətinin qazandığı böyük uğurları xalqa çatdıraq".

Konfransda YAP Qazax rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Ramil Qurbanov hesabat məruzə ilə çıxış etdi. Həmçinin, YAP Qazax rayon təşkilatı gənclər birliyinin sədri Vüsal İsmayılov, YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri Nəsibə Tağıyeva, Qazax bələdiyyəsi ərazi ilk təşkilatından konfrans nümayəndəsi Səfurə Vəliyeva, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli siyasi təşkilat olduğunu və öz sıralarında Azərbaycan cəmiyyətinin ən avanqard qüvvələrini birləşdirdiyini söylədilər. Çıxış edənlər YAP Qazax rayon təşkilatının ötən konfransdan indiyədək olan dövrdəki fəaliyyətini qənaətbəxş hesab etdilər.

Tədbirdə Milli Məclisin deputatı Əhməd Vəliyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdiyini, siyasi mübarizənin sivil normalarını ortaya qoyaraq, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdiyini söylədilər: "Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ümumxalq partiyasına çevrilib. YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. YAP, həmçinin, dünyanın aparıcı dövlətlərinin hakim partiyaları ilə konstruktiv münasibətlər qurub".

Tədbirdə çıxış edən Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov görüş iştirakçılarını təbrik etdikdən sonra konfransın işinə uğurlar arzuladı: "Bu gün keçirilən konfrans xalqımız üçün çox əlamətdar hadisələrlə zəngin olan bir dövrə təsadüf edir. Bu ərəfədə biz dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü, Bayraq Gününü, Konstitusiya Gününü, eyni zamanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümünü təntənəli şəkildə qeyd etdik. Biz qürurla deyə bilərik ki, Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sarsılmaz təməl üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dinamik şəkildə inkişaf edir".

Konfransın sonunda Həmid Təşkilat oğlu Pənahov yekdilliklə YAP Qazax rayon təşkilatının sədri seçildi. Həmçinin, 37 nəfərdən ibarət şura, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Eyni zamanda, konfransın qətnaməsi qəbul olundu.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər