PDF Oxu

Əsas

  • 33

YAP monolitliyi ilə daim öndə gedən siyasi təşkilatdır

YAP monolitliyi ilə daim öndə gedən siyasi təşkilatdır

Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının VIII konfransı keçirildi. Konfransda millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.

Konfrans nümayəndələri ilk öncə YAP Sabunçu rayon təşkilatının qərargahında ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin büstünü ziyarət etmiş, onun qarşısına əklil, gül dəstələri düzmüşlər. Sonra konfrans Adil İsgəndərov adına Mədəniyyət Evində öz işinə başladı. Dövlət himni səsləndikdən sonra konfransı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva konfransın gündəliyində duran məsələləri elan etdi. Hesabat məruzəsi ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva ötən dövr ərzində rayon təşkilatının həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini vurğuladı. Bildirdi ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq".

M.Abasquliyeva bildirdi ki, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir: "Yarandığı gündən respublikamızın ictimai-siyasi həyatında alternativsiz rol oynayan, YAP öz monolitliyi ilə daim öndə gedən siyasi təşkilat olaraq, bir daha sübut etdi ki, bu partiya tarixi zərurətdən yaranmışdır. YAP Sabunçu rayon təşkilatı ölkə Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, onun siyasətinə, dünyabaxışlarına, fəlsəfəsinə sadiq qalaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının rolu ölkəmizin - ictimai həyatında olduqca əhəmiyyətlidir".

Rayon təşkilatının sədri onu da qeyd etdi ki, respublikamızın ictimai-siyasi həyatında öz aktivliyi ilə fərqlənən ilk təşkilatlar partiya ideyalarının təbliğində, ictimai-siyasi tədbirlərin keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, konfransdan ötən müddət ərzində gənclər arasında təbliğat işləri güclənib, onların partiya sıralarına qəbulu artıb. M.Abasquliyeva sonda onu da vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan daha yüksək zirvələrə qalxacaqdır: "Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən dəstəklənən, monolit birliyə malik olan təşkilatımız, İlham Əliyev kimi Prezidentimiz və Liderimiz vardır".

Tədbirdə rayon təşkilatının nəzarət-təftiş qrupunun üzvü İlqar Süleymanov, rayon təşkilatının qadınlar şurasının sədri Elnarə Tağıyeva, 1 saylı internat məktəbinin direktoru Mehparə Cəfərova çıxış edərək, hesabatı qənaətbəxş qiymətləndirərək, əmin olduqlarını bildirdilər.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abbasəliyev də ötən dövrdə görülən işlərdən danışdı. Qeyd etdi ki, YAP Sabunçu rayon təşkilatı gənclər birliyi fəaliyyət göstərdiyi 2011-cu il ərzində dövlətin və partiyanın müəyyənləşdirdiyi siyasi xəttə sadiq qalaraq öz işlərini bu istiqamət üzrə həyata keçirməyə çalışıb: "Hazırda YAP Sabunçu rayon gənclər birliyi sıralarında 2532 nəfər öz siyasi fəallığı və intellektual səviyyəsi ilə seçilən gənci birləşdirir. Bu da Sabunçu rayonu üzrə YAP üzvlərinin 30 faizi deməkdir. Hesabat dövründə 842 nəfər gənc YAP sıralarına daxil olub". R.Abbasəliyev bildirdi ki, ötən illər ərzində YAP Sabunçu rayon təşkilatı gənclər birliyi siyasi, sosial və elmi xarakterli tədbirlər və konfranslar keçirib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Sabunçu rayonundan seçilmiş millət vəkili Eldar Quliyev isə YAP-ın yaranma tarixinə və ötən 19 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərə toxunub. Onun sözlərinə görə, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir".

Konfransın işində çıxış edən Sabunçu rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Əlibala Əliyev partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, təşkilat üzvləri Sabunçu rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ə.Əliyev, həmçinin, rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verdi. Onun sözlərinə görə, ölkə Prezidentinin təsdiq etdiyi Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bir sıra layihələr həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində lazımi addımlar atılır. İcra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabunçu rayonunda mühüm layihələrin reallaşdığını da vurğuladı.

Konfransda çıxış edən Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın Sabunçu rayon təşkilatına fəaliyyətində uğurlar arzuladı. B.Muradova bildirdi ki, ölkəmizin 20 illik müstəqillik tarixində YAP öz sözünü demiş siyasi təşkilatdır: "Məhz bu tarix 19 ildir ki, Yeni Azərbaycan Partiyası ilə yanaşı addımlayır. Mənim üçün bütün titullardan üstün YAP-ın üzvü olmağımdır. Çünki bu partiya Heydər Əliyevin partiyasıdır. Yəqin ki, partiyanın hər bir üzvü də bununla fəxr edir. Partiyamız bütün fəaliyyətində Azərbaycanın gələcəyi naminə öz üzərinə düşən vəzifələri yerinə yetirir. Ölkəmizin qazandığı bütün uğurlarda YAP-ın imzası var".

Vitse-spiker onu da söylədi ki, qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti xeyli güclənib, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib: "Əgər vaxtilə dünyada səsimiz eşidilmirdisə, bu gün dünya ictimaiyyəti bizim uğurlarımızı görür və buna sevinir. Eyni zamanda, üzləşdiyimiz problemin də aradan qaldırılması üçün yollar arayır. Vaxtilə ermənilərin və onların lobbisinin proseslərə güclü təsiri var idi. Amma indi yerlər dəyişib və Azərbaycanın uğurlu siyasəti, güclənən mövqeyi qarşısında Ermənistan və erməni lobbisi küncə sıxışdırılıb. Azərbaycanın uğurları sırasında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunmasını xüsusi vurğulamaq istəyirəm. 155 dövlətin dəstəyini qazanmaq çox ciddi hadisədir. Bəzi dairələr bunu başqa cür yozmağa çalışsalar da, təkzibolunmaz faktdır ki, bu nailiyyət Prezident İlham Əliyev siyasəti nəticəsində əldə edilib". Sonda B.Muradova YAP Sabunçu rayon təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu vurğuladı və təşkilatın gələcək fəaliyyətinə uğurlar arzuladı.

Konfransda, həmçinin, təşkilati məsələlərə baxıldı. Mehriban Abasquliyeva yekdilliklə yenidən YAP Sabunçu rayon təşkilatının sədri, Məhərrəm Mehralıyev və Bəxtiyar Qasımov sədr müavini seçildilər. Həmçinin, təşkilatın şurasının və idarə heyətinin üzvləri də seçildi.

Konfransda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim olundu.

Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər