PDF Oxu

Əsas

  • 31

“Sürətlə inkişaf edən Azərbaycan həqiqətən də beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrilməkdədir”

“Sürətlə inkişaf edən Azərbaycan həqiqətən də beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrilməkdədir”

Cari ilin oktyabrında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura AzərTAc-a bildirmişdir ki, sürətlə inkişaf edən Azərbaycan həqiqətən də beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrilməkdədir.

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayan UNESCO-nun keçmiş baş direktoru qeyd etmişdir ki, son illər Azərbaycanda çox mühüm beynəlxalq humanitar tədbirlər həyata keçirilir. K.Matsuura dünyanın görkəmli alimlərinin və ictimai xadimlərinin Forumda iştirakını tədbirə olan beynəlxalq marağın ifadəsi kimi qeyd etmişdir. Azərbaycanın bu təşəbbüsü reallaşdırması isə çox təqdirəlayiq hadisədir. Xüsusilə, dünyada baş verən proseslər, qlobollaşma dövründə meydana çıxan problemlər baxımından Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü şox yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu Forum sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır.

Bu gün dünyada multikulturalizmin vahid anlamda dərk olunmasında Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirən K.Matsuura bu baxımdan aparılmış müzakirələrin xalqlar arasında multimədəni əlaqələrin inkişafına səmərəli təsir göstərəcəyini də vurğulamışdır. Bu cür beynəlxalq tədbirin təşkili ilə Azərbaycan dünyada sülhə və əmin-amanlığa öz töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu sahədə öz fəaliyyətləri ilə çox gözəl nümunədirlər.

Dünyada çoxsaylı mədəniyyətlərin mövcudluğuna, həm də hər hansı bir ölkənin daxilində müxtəlif mədəniyyətlərin olduğuna diqqət çəkən K.Matsuura vurğulamışdır ki, Bakı Forumu məhz bu mədəniyyətlərin qorunmasına diqqətin yönəldilməsi baxımından da əhəmiyyətli olmuşdur. Yer üzündə medianın rolunun günbəgün artdığını qeyd edən UNESCO-nun keçmiş baş direktoru Bakı Forumunda bu istiqamətdə aparılmış müzakirələrin əhəmiyyyətini xüsusi vurğulamışdır.

K.Matsuura bildirmişdir ki, Bakı Forumunda müxtəlif ölkələrin çoxsaylı nüfuzlu şəxslərinin - dövlət xadimlərinin, siyasətçilərin, alimlərin, iqtisadçıların, deputatların iştirakı onun uğurlu keçməsini təmin etmiş və nəticədə mühüm sənəd - Bakı deklarasiyası qəbul olunmuşdur. Azərbaycan rəhbərliyinin bu layihəni davam etdirmək arzusu da təqdirəlayiqdir və Forum iştirakçıları tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Forumun nəticələrinin cəmiyyətdə dərhal dəyişikliklər yaradacağını söyləməyin düzgün olmadığını qeyd edən K.Matsuura bildirmişdir ki, bu, uzunmüddətli prosesdir və onun cəmiyyətə təsiri müəyyən müddətdən sonra özünü göstərəcəkdir. Forum iştirakçılarının tərkibi bunu deməyə ciddi əsas verir ki, bu təsir çox qüvvətli olacaqdır.

Bakıya son səfərinin Azərbaycanda aparılan böyük quruculuq işlərini izləmək baxımından da əhəmiyyətli olduğunu qeyd edən K.Matsuura ölkəmizin son 10 ildə görünməmiş inkişaf yolu keçdiyini xüsusi vurğulamışdır. Azərbaycan sürətlə inkişaf edir, müasirləşir və eyni zamanda öz mədəni irsinin qorunmasına xüsusi diqqətlə yanaşır.

Azərbaycanla ilk tanışılığının 2000-ci ilin aprelində "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyində iştirakı ilə başladığını xatırladan K.Matsuura bildirmişdir ki, həmin eposla yaponların VIII əsrdə yaranmış "Manyoşu" dastanı arasında müəyyən oxşarlıq vardır. Bu əsərlər iki qədim və müdrik xalqın qədim həyatından, məişətindən bəhs edir. Həmin səfərdən sonra Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla danışan UNESCO-nun keçmiş baş direktoru bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi nəticəsində bu əlaqələr daha da möhkəmlənmişdir.

Azərbaycanın qədim mədəni irsə malik olduğunu vurğulayan K.Matsuura qeyd etmişdir ki, onların UNESCO-nun dünyanın mədəni irsi siyahısına daxil edilməsi faktı təsdiq edir ki, xalqınız bu irsin qorunmasına böyük diqqətlə yanaşır. İçərişəhər kompleksinin, Qobustan muzeyinin, Muğamın, Novruz bayramının bu siyahıya daxil edilməsi həm də onların təbliği baxımından əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda müasir incəsənətin inkişafına da xüsusi diqqət yetirildiyini qeyd edən UNESCO-nun keçmiş baş direktoru ölkəmizin bundan sonra da sürətlə inkişaf edəcəyinə və xalqlar arasında humanitar əməkdaşlığın inkişafına töhfələrini verəcəyinə əmin olduğunu vurğulamışdır.


GÜLYANƏ

Digər xəbərlər