PDF Oxu

Əsas

  • 23

Xalqın güvənc yeri -Yeni Azərbaycan Partiyası

Xalqın güvənc yeri -Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının konfransları davam edir. Dekabrın 3-də YAP Gədəbəy rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzdülər.

Rayon mədəniyyət evində davam etdirilən konfransda YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyətini ətraflı təhlil edib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edib, qarşıda duran vəzifələrə toxunub. Natiq bildirib ki, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində qurub: "Yarandığı gündən respublikamızın ictimai-siyasi həyatında alternativsiz partiya olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol bir daha sübut etdi ki, bu partiya tarixi zərurətdən yaranmışdır. YAP Gədəbəy rayon təşkilatı ölkə Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, Onun siyasətinə, dünyabaxışlarına, fəlsəfəsinə sadiq qalaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Çoxsaylı gənclər, qadınlar və ağsaqqallar sıralarımıza qəbul olmaq üçün ilk partiya təşkilatlarına müraciət etmişlər. Bu gün YAP Gədəbəy rayon təşkilatının sıralarında 5139 nəfər üzv birləşir". Konfransda YAP Gədəbəy rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Rövşən Bağırov da hesabat məruzəsi ilə çıxış edərək ötən konfransdan sonra görülən işlər barədə məlumat verib.

Məruzə ətrafında çıxış edən YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Hüseynova, Nərimankənd kənd ərazi ilk partiya təşkilatının sədri Asəf Nağıyev, rayon ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Əli İsmayıl kənd ərazi ilk partiya təşkilatının sədri Natiq Nağıyev çıxış edərək, partiya və dövlətimizin monolit birliyi ilə görülən işlərdən danışdılar, rayon təşkilatının hesabat məruzəsini qənaətbəxş qiymətləndirdilər.

Tədbirdə qonaqlardan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, millət vəkilləri Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-sosial strategiyanın Onun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər. Çıxış edənlər YAP Gədəbəy rayon təşkilatının ötən konfransdan indiyədək olan dövrdəki fəaliyyətini qənaətbəxş hesab etdilər.

YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon icra hakimiyyətini başçısı Kamran Rzazadə görüş iştirakçılarını təbrik edərək konfransın işinə uğurlar arzuladı. Natiq Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli siyasi təşkilat olduğunu və öz sıralarında Azərbaycan cəmiyyətinin ən avanqard qüvvələrini birləşdirdiyini söylədi: "Bu gün keçirilən konfrans xalqımız üçün çox əlamətdar hadisələrlə zəngin olan bir dövrə təsadüf edir. Bu ərəfədə biz dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü, Bayraq Gününü, Konstitusiya Gününü, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümünü təntənəli şəkildə qeyd etdik. Qürurla deyə bilərik ki, Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sarsılmaz təməl üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dinamik şəkildə inkişaf edir".

Konfransın sonunda təşkilati məsələlərə baxıldı və Ramazan Muradov yenidən yekdilliklə YAP Gədəbəy rayon təşkilatının sədri seçildi. Həmçinin, 31 nəfərdən ibarət şura, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu, 13 nəfərdən ibarət idarə heyəti seçildi. Eyni zamanda, konfransın qətnaməsi qəbul olundu. Tədbirin sonunda partiya üzvlüyünə qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edildi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər