PDF Oxu

Əsas

  • 27

“Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları”

“Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları”

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə bu mövzuda beynəlxalq konfrans keçirilib

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda dövlət hakimiyyəti orqanlarının təmsilçiləri, xarici ölkələrin - Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Polşa, Litva, Estoniya, Ukrayna dövlətlərinin idarəçilik akademiyalarının, institutlarının və elmi mərkəzlərinin rəhbərləri, ekspertlər, səfirlər, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Beynəlxalq konfransın iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Konfrans iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül, çiçək düzüblər.

Sonra konfrans DİA-nın akt zalında öz işinə başlayıb. İki gün davam edən konfransı giriş sözü ilə açan DİA-nın rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi illiyi münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. Ə.Abdullayev müstəqillik dövründə ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar barədə iştirakçılara ətraflı məlumat veribdir. O, qeyd edib ki, konfrans çərçivəsində təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində iştirakçılar tərəfindən həyata keçiriləcək təcrübə mübadiləsi aparılacaq.

Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov hazırda təhsil sahəsində gedən islahatlardan danışıb. Tədbirin vacibliyinə toxunan nazir konfrasın işinə uğurlar arzulayıb.

Tədbirin tematik istiqamətləri "Müstəqil Azərbaycanda dövlət idarəçiliyi: nailiyyətlər və problemlər", "Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində islahatlar", "BMT-nin minilliyin inkişaf məqsədləri və səmərəli idarəçilik", "Dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində şəffaflıq, hesabatlılıq, korrupsiyaya şərait yaradan halların və amillərin aradan qaldırılması", "Xarici ölkələrin səmərəli idarəçilik sahəsində qazandıqları təcrübə, beynəlxalq əməkdaşlıq perspektivləri", "Elektron hökumət dövlət idarəçiliyin müasir texnologiyası kimi dövlət qulluğu kadrlarının sisteminin təkmilləşdirilməsi, yeni yanaşmalar və müasir texnologiyalar", "Dövlət qulluqçularının innovasiya potensialının inkişafı", "İKT sahəsində peşəkar dövlət qulluqçularının hazırlanması və onların səriştəliliyinin qiymətləndirilməsinin metodikası" və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.


R.HÜSEYNOVA

Digər xəbərlər