PDF Oxu

Əsas

  • 26

Azərbaycanın müasir rabitə dünyası

Azərbaycanın müasir rabitə dünyası

Hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə dekabrın 5-də "Hilton-Baku" hotelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə yığıncaq keçirildi. Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə əklil qoydular. Həmçinin, iştirakçılar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzdülər.

Sonra "Hilton-Baku" hotelində davam edən tədbiri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq respublikada sektor üzrə həyata keçirilən tədbirlər barədə məlumat verdi. Ə.Abbasov bildirdi ki, hazırda Azərbaycanın bütün yaşayış məntəqələri tam telefonlaşdırılmış, telefon şəbəkəsinin elektronlaşdırılması başa çatmış, bütün ölkə üzrə 7 rəqəmli nömrələnmə sisteminə keçid təmin olunubdur. Respublikanın regionlarını əhatə edən, sürətli informasiya mübadiləsini təmin edən "AzDataKom" şəbəkəsi qurulmuşdur. Nazir onu da vurğuladı ki, ilk dəfə 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) elektron poçt xidmətinin göstərilməsi ilə ölkəmizdə istifadəsinə başlanılmış internet bu gün dinamik inkişafdadır. Azərbaycanda İKT sektorunda əldə olunan nailiyyətlərdən danışan Ə.Abbasov onu da söylədi ki, 2011-ci ilin göstəricilərinə əsasən ölkəmizin beynəlxalq internet kanallarına qoşulma sürəti saniyədə 45 gigabit təşkil edir: "Azərbaycan regionda rəqəmli televiziya yayımının tətbiqinə başlayan ilk ölkələrdəndir. Eyni zamanda, onu da vurğulayım ki, bu gün əhalinin 60 faizi internet xidmətləri istifadəçisidir. Onlardan 30 faizi isə geniş zolaqlı imkanlardan istifadə edir. Bu, dünya üzrə orta göstəricidən iki dəfə yüksəkdir. Telekommunikasiya sahəsində ən dinamik inkişaf edən mobil rabitə sahəsidir. Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür. Bu, dünya üzrə orta göstəricidən 50 faiz yüksəkdir. 2009-cu ildən ölkədə tətbiqinə başlanılmış 3G texnologiyası təkcə görüntülü danışıq yox, radio-televiziya yayımları üçün yeni mühit - "online" videomüşahidələr və s. yeni xidmətlər göstərməyə imkan yaratmışdır".

Nazir Azərbaycan qonşu ölkələrlə televiziya yayımının efir məsələsi ilə bağlı hazırda iki məsələnin müzakirə olunduğunu söylədi: "Bunlardan biri texniki, o biri isə məlumatın təbliğatıdır. İran tərəfdən kiçik bir ərazidə teleradio yayımı mövcuddur. Biz də etiraf etməliyik ki, Azərbaycan telekanalları İranın müəyyən hissəsində yayılır. Bu məsələlər Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana son səfəri zamanı müzakirə olunub. Sərhədyanı bölgələrdə bununla mübarizə aparmağın mənası yoxdur. Amma təbliğat xarakterli verilişlərin yayımlanması yolverilməzdir".

Ə.Abbasov onu da vurğuladı ki, ildə bir dəfə sərhədyanı bölgələrdə teleradio yayımının efir vəziyyəti ilə bağlı monitorinq aparılır: "Azərbaycanın özəl telekanalları sərhədyanı bölgələrdə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmirlər. Monitorinqin nəticələri ilə bağlı təkliflərimizi Milli Teleradio Şurasına göndəririk". Ə.Abbasov deyib ki, ilkin məlumatlara görə, Azərbaycan və İran teleradio yayımına dair sərhədboyu tənzimləmə protokolu imzalayacaq: "İki ölkə arasında texniki protokollar var, amma bəzən bundan kənara çıxma hallarına rast gəlinir. Ona görə də yeni protokolların imzalanmasına ehtiyac var. Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün onlara qarşı texniki mübarizə daha güclü şəkildə aparılır. Beynəlxalq tədbirlərdə onların da bizə iradları olur. Amma iki ölkənin telekanalları ayrı-ayrı dillərdə yayımlandığı üçün bu sahədə situasiya dözülməz səviyyədə sayıla bilməz".

Sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim olundu.

Sonra Azərbaycan rabitəsinin 130 illik tarixinə həsr olunmuş film nümayiş etdirildi.

Tədbirdə AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Asəf Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və başqaları çıxış etdilər. Çıxış edənlər bildirdilər ki, Azərbaycanda İKT sektorunun prioritetləri dövlət tərəfindən qəbul edilmiş müvafiq sənədlərdə əksini tapmışdır. Hələ 2003-cü il fevralın 17-də Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" uzunmüddətli konseptual sənəd olaraq ölkədə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində strateji vəzifələri müəyyənləşdirməklə bu sahənin ardıcıl və sistemli inkişafına şərait yaratmışdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilmiş və həyata keçirilməsi üçün bir sıra mühüm qanunlar, dövlət proqramları və digər vacib sənədlər qəbul olunmuşdur. Tədbirdə son illərdə bir sıra beynəlxalq təşkilatların reytinqlərində Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf etdiyi və respublikanın bu sahənin irəliləməsinə görə regionda lider dövlət kimi qiymətləndirildiyi vurğulandı.


R.KAMALQIZI

Digər xəbərlər