PDF Oxu

Əsas

  • 27

“ƏBƏDİYAŞAR LİDER”

“ƏBƏDİYAŞAR LİDER”

Dünən "Səs" qəzeti redaksiyasında "ƏBƏDİYAŞAR LİDER" mövzusunda növbəti dəyirmi masa keçirildi. Dəyirmi masada Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, millət vəkili Fəzail Ağamalı, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, eləcə də, mətbuat nümayəndələri iştirak etdi. Qonaqları salamlayaraq, dəyirmi masanı açıq elan edən "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əbədi olaraq yaddaşlara həkk olunduğunu bildirdi.

(Əvvəli ötən sayımızda)


Hikmət Babaoğlu: "Hələ uzun illər Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın inkişafını istiqamətləndirəcək və daha yüksək pillələrə çatdıracaq"


- Ulu Öndər Heydər Əliyev Azərbaycanda birinci hakimiyyəti dövründə dövlətçilik institutlarını formalaşdıraraq, onların funksionallığını təmin etdi. Bu, çox ciddi məsələ idi. Çünki formal institutlar, strukturlar var idi, ancaq onların funksionallığı, effektivliyi yox idi. Məhz buna görə də Azərbaycan İttifaq respublikaları arasında 14-15-ci yerdə idi. Ancaq qısa bir müddət ərzində, yəni 1969-1982-ci ilə qədər böyük bir məsafə qət olundu və Azərbaycan 14 dəfə keçici bayraq aldı. Bütün bu bayraqların hər birinin arxasında Azərbaycan büdcəsinə ayrılan milyonlarla manat vəsaitlər dayanırdı. Bu nailiyyətlərdə Azərbaycanda sənayenin, şərabçılığın, üzümçülüyün inkişafı, Bakı şəhərinin yeniləşməsi kimi uğurlu tikinti-quruculuq işləri dayanırdı. Növbəti inkişaf isə yeni, müasir tariximizdə əldə olunan nailiyyətlərdir. Belə ki, 1995-ci ildə Dövlət Konstitusiyamız qəbul edilərkən, müxalifət yetkililəri tərəfindən səslənən fikirlər müəyyən nüansların üzə çıxmasına, sualların yaranmasına səbəb olur. Bu gün həmin adamlar, daha dəqiq desək, özlərini "xalq hərəkatının üzvü" hesab edənlər Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyi "biz əldə etmişik" deyirlər. Mən həmin bu radikal müxalifətdə təmsil olunanlardan soruşmaq istərdim, az qala deyirsiniz ki, "Azərbaycan müstəqilliyini biz alıb vermişik", o zaman necə oldu ki, bəs bizim müstəqilliyimiz Tacikistandan da gec elan edildi? Bütün bunlar bir daha onu göstərir və sübut edir ki, onların bu fəaliyyəti effektivsiz, nəticəsiz bir fəaliyyət idi. Göstərilən rəqəmlər də, faktlar da onu təsdiqləyir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ali siyasi hakimiyyətinə ikinci dəfə qayıdışı ilə ölkədə çox böyük dəyişikliklərin baş verməsinə səbəb oldu. O, ilk öncə, respublika daxilində siyasi sabitliyin yaranmasına müvəffəq oldu və Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət qurmaq və onun ideoloji və hüquqi - iqtisadi əsaslarını yaratmaq kimi əsas amili qarşıya vəzifə kimi qoydu. Doğrudur, bu, çox mürəkkəb proses idi. Lakin Ulu Öndər Heydər Əliyev bu möcüzəni yaratdı. Çünki vətəndaş cəmiyyəti vətəndaşla dövlətin tənzimləndiyi bir cəmiyyətdir. Ancaq təəssüf ki, 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dövründə bu deyilənlərin heç biri mövcud deyildi. Ölkədə anarxiya, xaos, ən əsası isə milli-etnik separatçılıq baş alıb gedirdi. Azərbaycanı birləşdirəcək ümumi ideoloji formul yox idi. Bir tərəfdən Azərbaycanın əhalisinin daxilində qruplaşma halları baş alıb gedirdi. Belə bir mərhələdə Azərbaycançılıq ideologiyası yaratmaq və Azərbaycan cəmiyyətinin bütün fərdlərini müvafiq ideologiya ətrafında birləşdirmək kimi missiyanın həyata keçirilməsi heç bir siyasi liderin işi ola bilməzdi. Bu, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. 1995-ci ildə Azərbaycanın Dövlət Konstitusiyası qəbul olundu və bununla da, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması üçün geniş imkan yaratdı. Bütün bunlar onu göstərir ki, hələ uzun illər Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın inkişafını istiqamətləndirəcək və daha yüksək pillələrə çatdıracaq.


"Səs" qəzetinin əməkdaşı: "Ulu Öndər Heydər Əliyevin siyasi varislik prinsipi ölkə Prezidenti İlham Əliyevin timsalında necə yerinə yetirilir və nəticələr nədən ibarətdir?"


Novruz Məmmədov: "Bu gün Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sistemli və elmi yanaşmaların müasir nəzəriyyələr baxımından öyrənilməsi gələcək nəsillərə müqəddəs bir sərvət kimi ötürülməlidir"


- Bir daha qeyd etmək istəyirəm ki, bu gün Ulu Öndər Heydər Əliyevlə bağlı aparılan müzakirələr, doğrudan da, müqəddəs bir müzakirələrdir. Eyni zamanda, bu mövzu o qədər geniş bir mövzudur ki, adi bir kiçik mövzu ətrafında müzakirə aparsaq, yenə də istədiyimizi deməyə, o dar çərçivəyə sığışdıra bilməyəcəyik. Bu gün Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sistemli və elmi yanaşmaların müasir nəzəriyyələr baxımından öyrənilməsi gələcək nəsillərə müqəddəs bir sərvət kimi ötürülməlidir. İndi Onunla yaşayanlar və Onu görən adamlar 20-30 ildən sonra olmayacaqlar. Ulu Öndər həyatı boyu daim mübarizə aparıb. 1993-cü ildə iyunun 15-də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı xalqın öz Liderinə məhəbbətinin, qayğısının, inamının nəticəsi idi. Çünki Azərbaycan xalqı qədirbilən xalq olmaqla yanaşı, həm də böyük xalqdır. Birinci müstəqilliyi əldə saxlaya bilməsək də, ikinci müstəqillik, məhz Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində əldə olundu. Həyat təcrübəsi zəngin olan dahi insan beynəlxalq münasibətlər sahəsini daha dərindən bilirdi. Verilən bəyanatlar, imzalanan sənədlər bir şeydir, ancaq bu amilin ikinci bir qatı da var. İkiqütblü dünya sona çatdıqdan sonra, Qərb sanki elə hesab elədi ki, bütün prosesləri öz nəzarəti altına alıb istədiyi kimi aparmalıdır. Qərb sanki özündən ətrafda olan bütün ölkələrin hamısını sınaq mərkəzinə çevirdi. Buna Əfqanıstanı, İraqı, ərəb ölkələrini göstərmək olar. Onlar çox da düşünmürlər ki, düz olar, səhv olar, bu ölkə bədbəxt olar, istədiklərini aparmağa qadirdirlər və s. Bir yazarları var idi - Kukuyama. Onlar elə bir əsərlər yazırdılar ki, dünya bundan sonra Amerika Birləşmiş Ştatlarının qoyduğu qanunla öz-özünə inkişaf edəcək. Sonra gördülər ki, bu, səhv düşüncədir. Demək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev bilirdi ki, Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir. Bu dövləti elə qurmaq lazımdır ki, onun fundamentinin əsasını elə qoymaq lazımdır ki, artıq o 2 il, 5 il yox, uzun illər, əbədi müstəqil bir dövlət olsun və heç kimin təsiri altında olmasın. Bu nöqteyi-nəzərdən, Ulu Öndər Heydər Əliyevin hər bir sözü, hər bir işi ilə bağlı xüsusi kitablar yazılmalıdır. Çünki Ulu Öndərin hər bir cümləsi ölçülüb-biçilmiş və Azərbaycanın gələcəyi üçün nəzərdə tutulan ideyalardan ibarət idi. Heydər Əliyev hər bir sahənin gələcəyinin və onun nəticəsini qabaqcadan görürdü.

Biz bu günlərdə dövlətçiliyimizin 20 illiyini qeyd etdik. Bu illər ərzində biz nəyə nail olduq? Üç misal çəkəcəm. Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində birinci yerə çıxması - bu xalqın talantını, keçdiyi yolu mədəniyyət sahəsində xalqımızın çox böyük nümunəsini göstərir. Həmin müsabiqə zamanı iki sənəd olur. Orada jüri bizə səs verməmişdi. Amma ölkələrdən olan insanların münasibəti tamam başqa oldu. Həmin ölkələrin insanları bizə səs verdilər. Onlar istəməsə belə, biz sübut edə bildik ki, ikinci-beşinci layiq olduğumuz yerdə durmağı bacarırıq.

Bir müddət əvvəl Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlıdır. Bu seçki 19 tur davam etdi. Amma buna baxmayaraq, Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu, yaratdığı ölkənin qazandığı bu nailiyyətlər dünya dövlətləri tərəfindən yüksək dəyərləndirildi. 19 tur ərzində dünyanın 110 ölkəsi Azərbaycana səs verdi. Çünki bu ölkələr yaxşı bilirdilər ki, Azərbaycana arxalanmaq olar. Bu, bütün məsələlərdə ədalətli mövqe tutacaq. Doğrudur, çox uzun mübarizə getdi, belə ki, 8-ci turda hay-küy saldılar ki, bunu bağlamaq lazımdır, lakin birinci gün yenidən səsvermə başlayanda yalnız iki ölkəni Azərbaycana səs vermək fikrindən döndərə bilmişdilər. Ancaq bütün bunlara baxmayaraq, 18-ci turda Sloveniya pis vəziyyətdə qalaraq iştirak etməkdən imtina etdi və Azərbaycana 193 ölkədən 155-i səs verdi. Bu isə bir daha bütün dünya ölkələrinin Azərbaycana inamının, etibarının olduğunu göstərdi. Göründüyü kimi, burada iki misal çəkdim. Biri siyasi sahədə, digəri isə geosiyasi sahədə. Biz iqtisadiyyat sahəsində artıq zirvəyə çatmışıq. Postsovet məkanında Azərbaycan qədər uğurlu nailiyyətlər əldə edən, Qərb ilə, dünya ölkələri ilə beynəlxalq əməkdaşlıq qedən ikinci bir dövlət yoxdur və olmayacaqdır. Bütün bunlara Ümummilli Lider Heydər Əliyev bu fundamenti əsaslı surətdə qoyduğu üçün nail olunub. Ümummilli Lider Heydər Əliyev 2003-cü il Prezident seçkiləri zamanı dediyi bir fikri demək istəyirəm: "Mən Ona özüm kimi, özüm qədər inanıram". Ümummilli Lider bilirdi ki, Prezident İlham Əliyev bax, bu qoyulan əsasda bu təməllə qoyulan dövləti Onun düşündüyü kimi, Onun istədiyi kimi aparacaq. Yəni demək istəyirəm ki, Heydər Əliyev 20-30 il qabağı görməyi bacarırdı.

Digər bir məsələyə də toxunmaq istərdim - Dağlıq Qarabağla bağlı. Bu gün Qərbin Ermənistana dəstəyi müxtəlif formalarda qarşımıza çıxan çağırışdır. Əgər bizim müstəqil, güclü dövlətimiz olmasa, gələn illərdə bu problemin aradan qaldırılması ilə bağlı mübarizə apara bilmərik. Bu gün Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, orada cərəyan edən hadisələr təsirsiz ötüşmür. Lakin Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlət hadisələrdən çıxış yolu tapmağa imkan verir.


Bəhruz Quliyev: "Ulu Öndər Heydər Əliyevin bizə verdiyi töhfələrdən biri də bir azərbaycanlı olmağımız və azərbaycanlı olmağımızla fəxr etməyimizdir"


- Burada deyilən fikirlər çox dəyərli fikirlərdir. Bu fikirlər içərisində bir məsələyə də toxunmaq istərdim ki, Ulu Öndər Heydər Əliyevin bizə verdiyi töhfələrdən biri də bir azərbaycanlı olmağımız və azərbaycanlı olmağımızla fəxr etməyimizdir. Həmin əhəmiyyətli, vacib bazanın üzərində cənab Prezident İlham Əliyev insan resurslarına üstünlük verir. Ulu Öndərimiz də insan resurslarının inkişaf etməsinə fikir verirdi. Bu baxımdan da, insan resurslarının inkişafı da çox vacib amillərdəndir. Ümumilikdə götürəndə, bugünkü müzakirə zamanı bütün sahələri əhatə edə bilməsək də, müəyyən sahələr haqqında fikirlər səsləndi. Və bu gün bir daha bəlli oldu ki, Azərbaycan adlı müqəddəs vətənimiz Ulu Öndər Heydər Əliyevin şah əsəridir.


Novruz Məmmədov: "Ümummilli Liderimizin həyatı bütünlüklə mübarizə idi"


- Ulu Öndərin bu cümləsi elə bizə əsl nümunədir. "Ömrümün qalan hissəsini də Azərbaycana sərf edəcəm". Ümummilli Liderimizin həyatı bütünlüklə mübarizə idi. Bu mübarizə xalqa xidmət idi. Və bu gün xalqımız həmin aparılan həmin mübarizənin meyvələrini dadır. Bunun adı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi əbədi, müstəqil Azərbaycandır.


Kərim Kərimov: "1969-cu ildən Azərbaycana rəhbərlik edən Ümummilli Liderimiz Heydər Əliyev ən geridə qalmış ölkəni inkişaf etmiş ölkəyə çevirdi"


- Hər bir xalqın tarixində onun müəyyən rəhbərləri olur. Tarixdə Prezident İlham Əliyevin apardığı siyasətə uyğun siyasət yoxdur. Azərbaycan 70 il sosialist sistemində yaşayıb. Bu illər ərzində, Azərbaycanda 16 nəfər hakimiyyətdə olub. Bu 16 nəfərdən hakimiyyətdə olanlar 20-33-cü illərdə ölkəyə rəhbərlik ediblər. Eyni zamanda, bu 16 nəfərdən, yəni 1-2 nəfəri çıxmaq şərtilə heç biri azərbaycanlı olmayıb. Ancaq Gürcüstanda 70 il ərzində hakimiyyətə ancaq gürcülər, Ermənistanda ermənilər rəhbərlik edib. Lakin 1969-cu ildən Azərbaycana rəhbərlik edən Ümummilli Liderimiz Heydər Əliyev ən geridə qalmış ölkəni inkişaf etmiş ölkəyə çevirdi. Bu gün bu siyasəti davam etdirən ölkə Prezidenti İlham Əliyev Azərbaycanı çiçəklənən bir dövlətə çevirərək, lider ölkələr sırasına çıxardı. Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə 600-dən çox dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib, 250 dəfə səfərlərdə olub.

RƏFİQƏ KAMALQIZI

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər