Dekabrın 7-də Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının IX konfransı keçirilib. Konfransda təşkilatın sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 19 il əvvəl - 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında elə bir tarixi yol keçmişdir ki, bu yol həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olmuşdur. Partiyamızın yarandığı tarixi ərəfə Vətənimiz və xalqımız üçün ağır sınaqlar, fəlakətlər dövrü idi.
Bu zaman Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən əlahəzrət tarixin diqtə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv tarixi zərurət idi. Məhz bu zərurətin ifadəsi kimi təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə Azərbaycan dövlətçiliyinin əbədi varlığının qarantı və istiqlaliyyətin başlıca təminatçısı olan siyasi güc kimi 1993-cü ilin iyun ayında obyektiv tarixi şəraitin diqtəsi ilə hakimiyyətə gəldi. Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dünyanın siyasi xəritəsində Azərbaycan Respublikasının öz strateji mövqeyini təmin etməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının nəzəri əsaslarının formalaşdırıldığı və real həyatda bu əsasda möhkəm bünövrənin qoyulduğu taleyüklü bir mərhələ oldu.
E.Cəfərli bu gün Ulu Öndərin dövlətçilik siyasətinin Onun ən layiqli varisi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Təşkilat sədri onu da bildirib ki, hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əhatə etdiyi 192 ilk təşkilatda 14010 nəfər partiya üzvü vardır. Onların 7031 nəfərini qadınlar, 7321 nəfərini 18-35 yaşlı gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 1920 nəfər yeni üzv qəbul olunmuşdur. Təşkilat üzvlərinin 2 nəfəri akademik, 3 nəfəri AMEA-nın müxbir üzvü, 21 nəfəri elmlər doktoru, professor, 171 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, dosentlərdir. Təşkilatın 3 nəfər üzvü Azərbaycan Respublikası Milli Məclisinin, 21 nəfər üzvü isə Naxçıvan MR Ali Məclisinin deputatlarıdır, Naxçıvan şəhər bələdiyyəsinin və digər bələdiyyələrdə 40 nəfər üzvümüz təmsil olunur.
Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Məruzə ətrafında müzakirələrdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı şurasının üzvü, Naxçıvan MR Ali Məclisinin deputatı, professor Hacıfəxrəddin Səfərli, YAP Naxçıvan şəhər təşkilatı qadınlar şurasının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Yazgül Rzayeva, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi İdarə Heyətinin üzvü Anar Babayev, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Nargilə Əsədova, ilk təşkilat sədri Vüsalə Qafarova çıxış ediblər.
Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı, YAP Naxçıvan MR təşkilatı Siyasi Şurasının üzvü Vüqar Səfərov çıxışında bildiribdir ki, Yeni Azərbaycan yarandığı ilk gündən Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətini formalaşdırmaq, insanları müstəqil dövlətçilik ətrafında birləşdirmək ideyasını ortaya qoyub: "Bu gün qətiyyətlə demək olar ki, Ümummilli Liderimiz Heydər Əliyevin quruculuq və xilaskarlıq missiyası onun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan MR Ali Məclisinin və Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi altında muxtar respublikamızın sosial-iqtisadi inkişafının yüksələn xətlə davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, genişmiqyaslı quruculuq işlərinin aparılması bu partiyanın muxtar respublikamızda apardığı düzgün siyasətinin nəticəsidir. 2010-cu ildə və 2011-ci ilin yanvar-noyabr aylarında Naxçıvan şəhərində 95 müxtəlif təyinatlı obyekt tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, hazırda 20-yə yaxın obyektdə tikinti və yenidənqurma işləri davam etdirilir. Bu il tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2,3 dəfə artaraq 420578300 manat təşkil etmişdir. Bu dövr ərzində 2858 yeni iş yeri açılmışdır ki, onun da 75 faizi yeni iş yerləridir. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox sənaye məhsulu istehsal olunmuş, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 19,1 faiz artmışdır. Hesabat dövründə 2 məktəb binası, 1 uşaq bağçası, 9 səhiyyə, 10 mədəniyyət müəssisəsi istifadəyə verilmiş, hazırda 1 məktəb, 2 uşaq bağçası, 3 səhiyyə və 2 mədəniyyət müəssisəsində əsaslı yenidənqurma işləri davam etdirilir. 10 ildən çoxdur ki, Naxçıvan şəhərinin büdcəsi subsidiyasız həyata keçirilir".
Konfransda çıxış edənlər Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Sonra təşkilati məsələlərə baxılıbdır. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı şurasının, qadınlar şurasının, Heydər Əliyev adına Gənclər Birliyinin idarə heyətinin və nəzarət-təftiş qrupunun üzvləri seçilibdir. Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli yenidən Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri seçilibdir.
R.HÜSEYNOVA