PDF Oxu

Əsas

  • 26

YAP Hacıqabul rayon təşkilatı hesabat verdi

YAP Hacıqabul rayon təşkilatı hesabat verdi

Dünən YAP Hacıqabul rayon təşkilatının VIII konfransı keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun ərazisində yerləşən abidəsini ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər.

Dövlət himni səsləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışdı. Bildirdi ki, Heydər Əliyev dühası qalibiyyət yolu keçdi və bu yol ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. H.Bəşirov, həmçinin, ötən dövrdə görülən işlərdən danışdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının IV Qurultayından keçən dövr ərzində qarşıda duran vəzifələr YAP İcra Katibliyinin göstərişlərini icra etmək, Hacıqabul rayonun bütün ictimai və siyasi həyatında yaxından iştirak etməkdən ibarət olub: "Bu baxımdan YAP Hacıqabul rayon təşkilatının fəaliyyəti çox uğurlu olub. Belə ki, YAP rayon təşkilatı hazırda 103 ilk təşkilat ətrafında 3670 nəfər partiya üzvünü birləşdirir. Hesabat dövründə 1214 nəfər bitərəf Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunubdur. Hazırda YAP rayon təşkilatının qeydiyyatında olan üzvlərdən 2120 nəfəri kişi, 1550 nəfəri isə qadındır. Fərəhləndirici haldır ki, partiya üzvlərinin 1100 nəfərini gənclər təşkil edir. Rayon təşkilatının üzvlərindən 1188 nəfəri ali, 1180 nəfəri orta ixtisas təhsillidir. Onlardan 1251 nəfəri ixtisasca texniki, 1012 nəfəri isə humanitar təhsillidir. Yeni Azərbaycan Partiyasının ziyalılar partiyası, Azərbaycan ziyalısının isə hər zaman Yeni Azərbaycan Partiyasının aparıcı qüvvəsi olması rayon təşkilatının timsalında daha aydın, daha qabarıq nəzərə çarpır".

Tədbirdə təşkilatın nəzarət-təftiş qrupunun sədri Elman Nəcəfov hesabat məruzəsi ilə çıxış etdi. Tədbirdə Muğan qəsəbə inzibati ərazi dairəsi ilk partiya təşkilatının sədri Tamella Məmmədova, rayon mədəniyyət şöbəsi ilk partiya təşkilatının sədri Daxıl Həsənov, rayon təşkilatı qadınlar şurasının sədri Zeynəb Əsgərova, rayon təşkilatının gənclər birliyinin sədri Saleh Ələsgərov, rayon mərkəzi xəstəxanası ilk partiya təşkilatının sədri Beydulla Qarayev, rayon telekommunikasiya qovşağı ilk partiya təşkilatının sədri Asif Məmmədov, "Hacıqabul" qəzeti ilk partiya təşkilatının sədri Xuraman Hüseynova, Navahı kənd bələdiyyəsi ilk partiya təşkilatının sədri Hüseyn İsmayılov YAP rəhbərliyinin yürütdüyü siyasi kursdan bəhs etdilər, partiyanın Hacıqabul rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

YAP Hacıqabul rayon təşkilatı idarə heyətinin üzvü, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Muxtar Əhmədov da çıxışında YAP-ın yaranma tarixindən söz açdı. "Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya qısa zamanda böyük siyasi qüvvəyə çevrildi. Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Dahi rəhbərin zəngin dövlətçilik ənənəsi 2003-cü ildən Onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Aparılan düzgün siyasət nəticəsində ölkəmiz siyasi, iqtisadi və mədəni müstəvidə daha çox uğurlar qazanmağa başladı. Hazırda iqtisadi inkişaf proqramı bütün ölkədə uğurla həyata keçirilir. İnsanların rifah halı daha da yüksəlir. Olduqca fərəhli haldır ki, Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür." M.Əhmədov rayon ərazisində görülən işlərdən də geniş bəhs etdi.

Konfransda çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli partiyanın yaranma tarixindən danışdı. Millət vəkili onu da bildirdi ki, bu gün Azərbaycan dünyada lider dövlətlər sırasındadır: "Ölkəmizdə böyük sosial-iqtisadi layihələr hazırlanır və icra olunur. Bu gün büdcəmiz 20 milyarddan çoxdur. Görün nə qədər böyük inkişaf var. Bu gün Azərbaycan dövlətinin ehtiyat fondu 42 milyard dollardır. Yəni artıq Azərbaycan kredit qəbul etmir, başqa dövlətlərə kredit verir. Qeyd edim ki, biz bu yaxınlarda dövlət büdcəsini qəbul etdik və gələn il müəllim və həkimlər üçün ciddi sürətlə maaş artımı nəzərdə tutulub. Eyni zamanda, pensiyaların da artımı planlaşdırılır. Bütün bunlar Azərbaycanda qurulmuş demokratik, hüquqi, konstitusion dövlətin gücü, onun iqtisadiyyatının hesabınadır. Bunların da əsasında Ulu Öndər Heydər Əliyevin zəhməti durur. Dövlət başçısı İlham Əliyev bildirirdi ki, O, hər bir azərbaycanlının Prezidenti olacaq. O, bu vədinə də hər zaman sadiq qalıb." Sonra təşkilati məsələlərə baxıldı. YAP Hacıqabul rayon təşkilatının 35 nəfərdən ibarət şura tərkibi, 15 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu formalaşdırıldı. Hafiz Bəşirov yenidən təşkilatın sədri seçildi.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ

Digər xəbərlər