PDF Oxu

Əsas

  • 18

“1993-cü ildə əsası qoyulan inkişaf strategiyası bu gün real nəticələri ilə Azərbaycanın qürur mənbəyinə çevrilib”

“1993-cü ildə əsası qoyulan inkişaf strategiyası bu gün real nəticələri ilə Azərbaycanın qürur mənbəyinə çevrilib”

Ölkəmizin davamlı inkişafı, yürüdülən məqsədyönlü siyasət, eləcə də, müəyyənləşdirilmiş uğurlu strateji xətt bir daha sübut edir ki, Azərbaycan bütün mənalarda və məqamlarda beynəlxalq aləmdə söz sahibinə çevrilmiş qüdrətli dövlətdir. Respublikanın iqtisadi artım tempi, eyni zamanda, dövlətimizin digər nüfuzlu ölkələrlə enerji tərəfdaşlığına münbit şərait yaradır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu əhəmiyyətli mövzu ilə bağlı özündə reallıqları əks etdirən məsələlərə toxunarkən, vurğulayıb ki, Azərbaycanın dünyanın, eləcə də, Avropanın əsas enerji tərəfdaşına çevrilməsi faktorunda məhz bu və bu kimi digər amillər xüsusiyyət təşkil edir. "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilmiş beynəlxalq konfransdakı çıxışında özəlliklə yeni qaz yataqlarının kəşf edilməsi, ölkəmizin ixrac potensialının artırılması barədə münasibət bildirən Prezident Administrasiyasının rəhbərinin irəli sürdüyü təhlilləri şərh edərkən, bir daha bəlli olur ki, bu amillər həm də Azərbaycanın dünya dövlətləri sırasında əsas qaz hasilatçıları sırasına yüksəlməsinə şərait yaradıb.

Ramiz Mehdiyevin apardığı geniş təfsilatlı siyasi-iqtisadi analizə nəzər salarkən, diqqətçəkici məqamlardan biri də odur ki, gerçəkləşdirilən nəhəng enerji layihələri, neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi yuxarıda qeyd olunan faktorların həyata keçirilməsinə mühüm töhfələr bəxş edir. Bu gün Azərbaycanın Cənubi Qafqazda lider dövlət olaraq regional əməkdaşlıqda əsas aparıcı qüvvə olduğunu bildirən akademik vurğulayıb ki, Azərbaycanda səmərəli dövlətçilik prinsipi mövcuddur: "Bu isə Azərbaycanda səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və milli birliyin bariz nümunəsidir".


"Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin

iyununda hakimiyyətə qayıdışı müasir

Azərbaycan tarixində yeni bir eranın

başlanğıcının rəmzinə çevrildi"


Artan yüksək inkişaf tempi davamlı olaraq prioritet istiqamət kimi götürülür ki, bu da Azərbaycanda müstəqillik əldə edildikdən sonra aparılan köklü islahatların, sistemli dəyişikliklərin, yeni əsaslar üzərində qurulmuş iqtisadi münasibətlərin məntiqi nəticəsidir.

Ölkəmizin 90-cı illərdə düşdüyü siyasi-iqtisadi vəziyyətə, regionda baş vermiş o zamankı hadisələrə münasibət bildirən Prezident Administrasiyasının rəhbərinin çıxışını şərh edərkən demək mümkündür ki, həqiqətən də, o zamanlarda Azərbaycan xalqının xilaskar Liderə, Öndərə ehtiyacı var idi: "Dünyanın güc dövlətlərinin geosiyasi mübarizəsi fonunda qonşu Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül, inflyasiya, siyasi hərc-mərclik 90-cı illərin əvvəlində Azərbaycan dövlətinin gələcəyi haqqında ciddi suallar doğurub. Belə vəziyyətdə geniş iqtisadi və intellektual potensiala, təbii enerji sərvətlərinə baxmayaraq, xalqımızın güzəranı, həyat tərzi dözülməz həddə çatmış, insanların gələcəyə inamı tamamilə itmişdi. Belə bir vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı müasir Azərbaycan tarixində yeni bir eranın başlanğıcının rəmzinə çevrildi.

Bütün sağlam qüvvələri, dövlətçilik düşüncəsi ilə yaşayan insanları öz ətrafında birləşdirərək O, Azərbaycanı bu çətin durumdan xilas etdi, yeni inkişaf strategiyasının əsasını qoydu".

Ramiz Mehdiyev Ulu Öndər Heydər Əliyevin ölkəni, xalqı düşdüyü vəziyyətdən dönməz qətiyyəti və siyasi iradəsi sayəsində qurtardığını deyərək bildirib ki, nəticədə Azərbaycanın iqtisadi qüdrəti iyirmi il ərzində dəfələrlə artmağa nail oldu, eləcə də, Cənubi Qafqaz ölkələrinin iqtisadi potensialının 80 %-dən çoxunu təşkil edir : "Azərbaycanın iqtisadi qüdrəti son iyirmi ildə dəfələrlə artıb və Azərbaycan regional iqtisadi inkişafın əsas aparıcı dövlətinə çevrilərək, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 80%-dən çoxunu təşkil edir. Ölkə daxilində həyata keçirilən iqtisadi islahatlar, o cümlədən, özəlləşmə və liberallaşma bazar münasibətlərinin formalaşmasını və qısa zaman axarında Azərbaycanın keçid dövrünü uğurla başa vurmasını şərtləndirib".


"Prezident İlham Əliyev tərəfindən prioritet kimi təyin edilən "qara qızılın insan kapitalına

çevrilməsi" çağırışı

bizim nə qədər bu

problemə həssas

yanaşmağımızı bir

daha göstərir"


Makroiqtisadi göstəricilərin ölkə iqtisadiyyatının davamlı inkişaf səviyyəsini xarakterizə etdiyini vurğulayan akademik Ramiz Mehdiyev xüsusi dəyərləndirmə edərək bildirib ki, bu faktor gələcək inkişaf amillərinin sağlam təməllər üzərində bərqərar olmasından xəbər verir: "Prezident İlham Əliyev tərəfindən prioritet kimi təyin edilən "qara qızılın insan kapitalına çevrilməsi" çağırışı bizim nə qədər bu problemə həssas yanaşmağımızı bir daha göstərir. Əgər dövlət öz funksiyalarını yerinə yetirməklə insanların öz bilik və bacarıqlarını təhlükəsiz şəraitdə inkişaf etdirməyə imkan verirsə, bu da öz növbəsində, dövlətin, cəmiyyətin inkişafını təmin edir. Biz çox gözəl dərk edirik ki, insan amilinin inkişafına dövlət qayğısı təhlükəsiz gələcəyimizin təminatçısıdır".

R.Mehdiyev vurğulayıb ki, bizim yaşadığımız planetin taleyi, gələcək nəsillərin sağlam həyat tərzi sürməsi hansı coğrafi məkanda yerləşməsindən asılı olmayaraq, hər bir insanı qayğılandırmalıdır. Yer kürəsinin hər birimizin ümumbəşəri xəzinəsi olması ideyası istər gündəlik fəaliyyətimizin, istərsə də, siyasi fəaliyyətimizin əsas ünsürünə çevrilməlidir. Azərbaycanın iqtisadi modeli "özəl" və "sosial" arasında vəhdətin tapılmasına və dövlətin zəruri müdaxilə rolunun yenidən dəyərləndirilməsinə əsaslanır. Dövlət malik olduğu vasitələrlə iqtisadi münasibətləri tənzimləyir, iqtisadi artımın yüksəlməsinə lazımi şərait yaradır. Bu gün Azərbaycan dövlətinin maliyyə imkanlarının genişlənməsi, iqtisadi fəaliyyətin müxtəlif sferalarını dəstəkləməyə və ölkə iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etməyə imkan verib".

Belə ki, 1993-cü ildə əsası qoyulan inkişaf strategiyası bu gün real nəticələri ilə Azərbaycanın qürur mənbəyinə çevrilib.


"Qeyri-hüquqi vəziyyətin yaranmasına baxmayaraq, biz beynəlxalq

birliyin susqunluğunu müşahidə edirik"


Ramiz Mehdiyev bütün bunlarla yanaşı, digər bir məsələyə-Azərbaycanın bir nömrəli problemi kimi dəyərləndirilən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan işlərə də münasibətini bildirib. Əgər nəzərə alsaq ki, Azərbaycanın iqtisadi potensialı bugünkü gücündən, qüdrətindən də artıq ola bilər, o zaman söyləmək mümkündür ki, münaqişə zamanı işğal edilmiş 20 faizdən artıq torpaqlarımız hələ də erməni tapdağı altında qalır və həmin iqtisadi inkişafdan kənardadır. Bu torpaqlarda heç bir infrastruktur, quruculuq və abadlıq işləri aparılmır, bölgə Ermənistanın işğalçılıq siyasəti nəticəsində demək olar ki, özü bir zonaya çevrilib. Həmçinin, Ermənistanın özü də regionda iqtisadi lahiyələrdən kənarda qalan bir dövlətə çevrilib ki, bu da həmin ölkənin əhalisinin respublikanı kütləvi şəkildə tərk etmələri ilə müşahidə olunur: "Ermənistanın işğalçı siyasəti onu regional lahiyələrdən təcrid edib, bu ölkənin iqtisadiyyatını çətin vəziyyətə salıb: "Mərhumiyyətlər qarşısında qalan Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Azərbaycanda isə 1994-cü ildən həyata keçirilən iqtisadi strategiya bu gün də uğurla davam etdirilir".

Lakin bütün bunlara baxmayaraq, beynəlxalq birlik bir çox pərdəarxası məqamlarda təcavüzkar dövlətin maraqlarını müdafiə edir.

Akademik xüsusilə Minsk Qrupunun fəaliyyətində yaşanan məqamlara toxunub və bildirib ki, bu, beynəlxalq qrupa daxil olan ölkələrin göstərdikləri mövqe heç də qənaətbəxş deyildir. Belə ki, aparılan təhlillər nəticəsində bir daha aydın olur ki, adıçəkilən beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasəti qarşısında daim susqunluq nümayiş etdirməklə, haradasa birtərəfli mövqe nümayiş etdirir: "Qeyri-hüquqi vəziyyətin yaranmasına baxmayaraq, biz beynəlxalq birliyin susqunluğunu müşahidə edirik. Minsk Qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz. Dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir ki, Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün əllərini ağdan qaraya vurmayıblar. Azərbaycan xalqı çoxdandır ki, özü üçün aydın edib ki, pərdə arxasında erməni işğalçıları müdafiə olunur".

Prezident Administrasiyasının rəhbəri Azərbaycan xalqının səbr kasasının dolduğunu xatırladaraq əhəmiyyətli bir nüansa da toxunub. R.Mehdiyev qeyd edib ki, həmsədr dövlətlər xalqın dözümünün hüdudlarının geniş olmadığını dərk etməlidirlər: "Minsk Qrupuna həmsədrlik edən dövlətlər bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbr kasası artıq dolub. Halbuki XX əsrin yaxın tarixindən bəllidir ki, beynəlxalq birlik təcavüz nəticəsində formalaşan oyuncaq dövlətləri heç zaman tanımayıb və ona qarşı daim mübarizə aparıb. Əks-təqdirdə, hansı dünya nizamından, hansı beynəlxalq təhlükəsizliyin və sülhün qorunması mexanizmlərindən söhbət gedə bilər? Dağlıq Qarabağdakı mövcud vəziyyət millətlərin qurmaq istədiyi gələcək ədalətli cəmiyyət və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq bu gün də qalmaqdadır".

Beynəlxalq birliyə tövsiyələrini bildirən Ramiz Mehdiyev həmin tövsiyələrində beynəlxalq qanunun aliliyinin rəhbər tutulmalı olduğunu bildirib. Çünki artırılan səylər nəticəsində hər hansı problemin həllinə nail olmaq mümkündür.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər