PDF Oxu

Əsas

  • 30

Qəlblərdə əbədi yaşayacaq lider

Qəlblərdə əbədi yaşayacaq lider

Dünən "Səs" qəzetinin redaksiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçıirilib. İlk öncə tədbir iştirakçıları Dahi Öndər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edib, Ona dərin ehtiramlarını ifadə ediblər. Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü xeyirli, gərəkli işlərdən söhbət açıb: "Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın yüksək inkişafı, xalqın sosial tərəqqisi üçün çalışıb, əvəzolunmaz xidmətlər göstərib.

Onun hakimiyyətinin hələ birinci mərhələsində - 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın güclü iqtisadiyyatının təməli qoyulub, bugünkü müstəqil Azərbaycanın yüksək iqtisadi inkişafına baza yaradan əsas özüllər formalaşdırılıb. Birmənalı şəkildə demək olar ki, Azərbaycan müasir tarixinin son 40 ili Ulu Öndər Heydər Əliyevin adı və genişmiqyaslı siyasi fəaliyyəti ilə bağlıdır".

Baş redaktor bildirib ki, bu gün dünyada öz yeri, öz səsi olan müstəqil Azərbaycan dövləti məhz Ümummilli Liderimizin misilsiz xidmətlərinin bəhrəsidir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının yaşaması və qalib gəlməsi deməkdir. Nə qədər ki, Azərbaycan var, Ulu Öndər Heydər Əliyev də var və Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaq.

Baş redaktor B.Quliyev Ümummilli Lider Heydər Əliyevin söz və mətbuat azadlığına göstərdiyi diqqət və qayğıdan da söhbət açdı. Bildirdi ki, mətbuatın inkişafına xüsusi önəm verən Ulu Öndər 1998-ci il avqustun 6-da mətbuatda senzuranın ləğv edilməsi haqqında qərar verdi. Sonrakı mərhələdə Ulu Öndərin Sərəncamı ilə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə silindi. Qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin orden və medallarla təltif edilməsi Ümummilli Lider Heydər Əliyevin söz və mətbuat azadlığına göstərdiyi diqqət və qayğının tərkib hissəsi olmuşdur. B.Quliyev çıxışında onu da bildirdi ki, Dahi Öndər Heydər Əliyev "Səs" qəzetinə hər zaman xüsusi diqqət göstərib, qəzetin tarixi xidmətlərini yüksək qiymətləndirib: "Yeni Azərbaycan Partiyasının qurultaylarında Ulu Öndər Heydər Əliyev "Səs" qəzetinin 1990-1993-cü illərdə ictimai-siyasi həyatda fəallığını yüksək dəyərləndirib. Ulu Öndər ""Səs" qəzeti mənim üçün ən əziz qəzetdir" deyib. Məhz Dahi Öndərin bizlər haqqında dediyi xoş sözlər qəzet əməkdaşlarını daha böyük ruh yüksəkliyi ilə işləməyə, dövlət və xalq üçün görülən əvəzsiz işləri olduğu kimi cəmiyyətə çatdırmağa həvəsləndirir. Bizim yolumuz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti təbliğ etmək, Onun ideyalarının reallaşması üçün səylərimizi daha da artırmaqdır".

Tədbirdə çıxış edən "Səs" qəzetinin əməkdaşları Valeh Məhərrəmli, Fətulla Həsənov, Rəfiqə Hüseynova, İ.Əliyev, SİA-nın icraçı direktoru Vəli Vəliyev və digərləri Ulu Öndər Heydər Əliyev ideyalarının daim yaşayacağını bildirib, Onun milli və dövlətçilik naminə əsasını qoyduğu siyasətin bundan sonra da xalqımız tərəfindən dəstəklənəcəyinə əminliklərini ifadə etmişlər.


NƏZAKƏT

Digər xəbərlər