PDF Oxu

Əsas

  • 28

GÜNDƏN-GÜNƏ GÜCLƏNƏN ƏZƏMƏTLİ VƏ QÜDRƏTLİ PARTİYA

GÜNDƏN-GÜNƏ GÜCLƏNƏN ƏZƏMƏTLİ VƏ QÜDRƏTLİ PARTİYA

Dünən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ə.Əmirov adına Mədəniyyət sarayında davam etdirilən konfrans dövlət himninin səslənməsi ilə öz işinə başladı. Sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov gündəlikdə olan məsələləri təqdim etdi. Gündəlik təsdiq olunduqdan sonra YAP Qaradağ rayon təşkilatının sədri A.Hüseynov hesabat məruzəsi ilə çıxış etdi. A.Hüseynov vurğuladı ki, Azərbaycan Respublikası üçün möhtəşəm zəfərlərlə yadda qalan 2011-ci il artıq başa çatmaq üzrədir: "Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyilə sosial-iqtisadi və siyasi sahələrdə əhəmiyyətli uğurlar əldə etmişdir. Həmçinin, bu il ölkəmizin gələcək inkişafı baxımından önəm kəsb edən tarixi nailiyyətlər də əldə olunmuşdur. Bu nailiyyətlər isə əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun təntənəsinin bəhrəsidir. Bu da, bir həqiqətdir ki, ölkəmizin sürətli inkişafında və tərəqqisində Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin də əməyi böyük olmuşdur. Bu gün Yeni Azərbaycan Partiyası Avropanın və Asiyanın nüfuzlu partiyaları ilə əməkdaşlıq edir, təcrübə və fikir mübadilələri aparır. YAP, həmçinin, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının İdarə Heyətinin və Avropa Xalqlar Partiyasının üzvüdür. Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə lider dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq mövqeyi möhkəmlənmişdir".

Rayon təşkilatının sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti ilə bağlı fikirlərini bildirərək, vurğuladı ki, onun milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərin hər biri xalqımızın tarixi irsinin qorunmasına, azərbaycançılıq məfkurəsinin, qədim tarixi dəyərlərimizin beynəlxalq aləmdə yaxından tanınmasına xidmət edir.

A.Hüseynov onu da söylədi ki, 13 dekabr 1992-ci ildə təsis edilmiş YAP Qaradağ rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin əbədi ideyalarından və Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin tövsiyələrindən irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində qurub: "Xüsusi olaraq vurğulayım ki, partiyanın Qaradağ rayon təşkilatının nüfuz qazanmasında və təşkilatlanmasında İlham Əliyev faktoru böyük rol oynamışdır. Cənab Prezident İlham Əliyevin Qaradağ rayonundan millət vəkili seçilməsi, davamlı olaraq, partiyanın konfranslarında iştirak etməsi nəinki partiya üzvlərində, hətta bütün qaradağlılarda qürur hissi formalaşdırmışdır".

Ölkə Prezidenti İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafı inkişafına dair Dövlət proqramlarının icrasına da toxunan A.Hüseynov qeyd etdi ki, hər yerdə olduğu kimi, Qaradağ rayonunda da mühüm tədbirlər həyata keçirilir: "Qaradağ rayonunda aparılan abadlıq-quruculuq tədbirlərinin başlıca xüsusiyyəti və fərqli cəhəti ondan ibarətdir ki, rayonda bu işlər çox zövqlə, fundamental şəkildə reallaşdırılır, insanların tələblərinə, istəklərinə uyğun olaraq görülür. Qeyd edim ki, cənab Prezident İlham Əliyev rayonumuza bir neçə dəfə səfər etmiş, burada görülmüş işləri yüksək qiymətləndirmişdir".

A.Hüseynov bildirdi ki, rayon təşkilatı öz işini Mərkəzi Aparatın tövsiyə və tapşırıqları əsasında qurduğu üçün partiyanın möhtəşəm qələbələri təmin edilmişdir. Həmin qələbələrin bariz nümunəsi kimi, keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Azərbaycan xalqı öz seçimini azad şəkildə reallaşdırmışdır: "Belə ki, 2008-ci ildə keçirilən Prezident seçkilərində Qaradağ rayonu seçicilərinin 95,6 faizi YAP Sədri cənab İlham Əliyevə səs vermişdir. Eyni zamanda, 2010-cu ildə keçirilmiş parlament seçkilərində Qaradağ seçiciləri YAP-ın namizədlərini böyük səs çoxluğu ilə dəstəkləmiş, 2009-cu ildə bələdiyyə seçkilərində isə 115 nəfər bələdiyyə üzvündən 85 nəfəri YAP üzvü seçilmişdir".

YAP Qaradağ rayon təşkilatının sədri bildirdi ki, VIII konfransdan ötən vaxt ərzində Qaradağ rayonunda ərazi ilk partiya təşkilatlarının yaradılması sürətləndirilib, əhali çox fəallıqla bu işin həyata keçirilməsinə qoşulub: "Bu müddətdə partiya rayon daxilindəki bütün qəsəbə və yaşayış məntəqələrində siyasi-ideya işi aparıb və bunun nəticəsində ilk təşkilatların sayı 114-dən 122-yə, partiya üzvlərinin sayı 9733-dən 10422 nəfərə çatıb".

A.Hüseynov qarşıda yeni-yeni vəzifələrin dayandığını da bildirdi: "Dövlətimiz inkişaf edir, insanların rifah halı günü-güdən yaxşılaşır, cənab Prezident İlham Əliyev cəmiyyətimizin bütün təbəqələrindən olan sosial qrupların əmək haqlarının artırılması haqqında ardıcıl sərəncamlar imzalayır. Ölkədə qurucu lider kimi tanınan cənab Prezident İlham Əliyev artıq dövlətimizin yaxın müddət üçün strateji inkişaf planının da hazırlanmasına göstəriş verib. Özündə əsasən insan amilini ehtiva edən "Azərbaycan-2020: gələcəyə doğru" Strateji İnkişaf Konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayan dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın və xalqımızın həyatının yeni bir inkişaf mərhələsinə daxil olmasına münbit şərait yaradır. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin milli maraqlar çərçivəsində siyasət yürütməsi 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində Onun namizədliyinin yenidən insanlar tərəfindən irəli sürülməsini şərtləndirəcək. Çünki yalnız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoya və yeni tarixi nailiyyətlər əldə edə bilər".

Konfrans nümayəndələrindən təşkilatın idarə heyətinin üzvləri Mirzə Mirzəyev, Nəsir Həsənov, YAP Qaradağ rayon təşkilatının Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu ilk ərazi təşkilatının sədrinin müavini Cavanşir Əliyev, həmçinin, rayon təşkilatı gənclər birliyinin sədri Heyran İsaqlı və qadınlar şurasının sədri Təranə İsmayılova çıxış edərək, hesabat dövründə YAP Qaradağ rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı konfrans iştirakçılarını təbrik etdi. M.Qurbanlı bildirdi ki, ölkəmizin 20 illik müstəqillik tarixində YAP öz sözünü demiş siyasi təşkilatdır. Ölkəmizin qazandığı bütün uğurlarda YAP-ın imzasının olduğunu deyən İcra katibinin müavini vurğuladı ki, qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti xeyli güclənib, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib. "İstər daxildən, istər xaricdən Azərbaycanı parçalamaq, idarə olunan dövlətə çevirmək istəyənlərin qarşısında Azərbaycan Prezidenti, YAP ətrafında birləşən Azərbaycan gəncliyi dayanır. Bunun üçün isə, sadəcə, verilən tapşırıqları yerinə yetirmək kifayət etmir, bizim hər birimiz təşəbbüskar olmalıyıq. Bu günün özündə, Azərbaycan indiyə qədər qeydə alınmayan bir inkişaf yolunda addımlamaqdadır. Azərbaycanda hər bir şəxs gələcəyə inamla baxmalı və respublikamızın əbədi, dönməz və sarsılmaz olduğunu sübut etmək üçün Prezident İlham Əliyevin və YAP-ın ətrafında sıx birləşməlidir" - deyə, Mübariz Qurbanlı əlavə edib.

Millət vəkili M.Qurbanlı, həmçinin, rayon təşkilatının üzvlərinə öz tövsiyələrini də verdi.

Sonra çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 19 il ərzində böyük inkişaf yolu keçdiyini vurğuladı. O, qeyd etdi ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. İcra başçısı müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğuladı: "Bu il müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd edirik. Bu illər ərzində əsrə bərabər yol keçmişik. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla həyata keçirir. Bu gün Azərbaycan dünyanın ən stabil ölkələrindən biridir". İcra başçısı, həmçinin, rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən də bəhs etdi.

Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Aydın Hüseynov yenidən YAP Qaradağ rayon təşkilatının sədri, həmçinin, təşkilat sədrinin müavinləri seçildilər. Eyni zamanda, YAP Qaradağ rayon təşkilatının 63 nəfər şura, 19 nəfər idarə heyəti, eləcə də, 11 nəfər nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirildi.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər