PDF Oxu

Əsas

  • 14

“Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu”

“Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu”

Dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail rayon icra hakimiyyəti ilə birgə "Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu" mövzusunda tədbir keçirib. Tədbir cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbətinin qorunub saxlanılmasını, ahıllarla sıx ünsiyyətin yaradılmasını, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formalaşdırılmasının təbliğinə həsr olunubdur. Tədbir iştirakçıları ilk öncə teatrın binasında rayondakı orta məktəblərdə təhsil alan, 20 saylı uşaq yaradıcılıq və 35 saylı texniki yaradıcılıq mərkəzlərində məşğul olan şagirdlərin rəsm əsərləri, əl işləri ilə tanış olmuş, həmçinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tanınmış aktyorları - xalq artisti Ağaxan Salmanov və əməkdar artist Valeh Vəliyev rayon şagirdələri üçün verdikləri ustad dərslərini izləmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov mövzu ilə bağlı Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan xalqı dərin tarixi köklərə, milli-mənəvi dəyərlərə malik bir xalqdır. A.Əsgərov onu da vurğulayıb ki, istər qədim zamanlarda, istərsə də indiki dövrdə Azərbaycana gələn insanlar həmişə xalqımızın qonaqpərvərliyini, başqa xalqların nümayəndələrinə olan hörmət və isti münasibətləri, ölkədə mövcud dini tolerantlığı, yaşlı nəslin nümayəndələrinə olan hörmət və ehtiramı xüsusi vurğulayıb, bu kimi ənənələrin digər xalqlar üçün də nümunə olduğunu bildiriblər: "Ailənin möhkəmliyi, onun daxilindəki səmimi münasibətlər, ailə başçısı və yaşlı nəslə olan hörmət və ehtiram ənənələri xalqımıza hər zaman xas olan cəhətlərdən olmuşdur. Ahıl və yaşlı nəslin nümayəndələri Azərbaycan dövləti tərəfindən həmişə diqqət mərkəzində olmuşlar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev qeyd etmişdir ki, "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur". O, hər zaman yaşlı nəslin nümayəndələrinə böyük hörmətlə yanaşmış və keçirdiyi çoxsaylı görüş və tədbirlərdə onları diqqətlə dinləyərək problemlərinin həlli üçün işlər görmüşdür. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev yaşlı nəsil nümayəndələrinə öz diqqət və qayğısını əsirgəməmiş, onların həyat səviyyəsinin yuksəlməsi, təqaüdlərinin artırılması istiqamətində bir sıra işlər görmüşdür. Azərbaycandakı iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılsın. Yaşlı nəslin nümayəndələrinə Səbail rayonunda həmişə hörmət və ehtiramla münasibət göstərilmiş, rayonda mühüm sosial yönümlü layihə və işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin məsləhət və təklifləri nəzərə alınır".

A.Əsgərov, həmçinin, söyləyib ki, rayonda yaşlı nəsil ilə gəncliyin nümayəndələri arasında münasibətlərin daha da möhkəmlənməsi, gənclərdə vətənə məhəbbət, yaşlılara hörmət və məhəbbət hisslərinin tərbiyəsi istiqamətində gündəlik işlər aparılır və bu işlər gələcəkdə daha da genişlənəcək, gənclərin düzgün tərbiyəsi istiqamətində keçirilən tədbir və görüşlərin sayı artırılacaqdır.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbətinin qorunub saxlanılmasını, ahıllarla sıx ünsiyyətin yaradılmasını, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formalaşdırılmasını təbliği ilə bağlı işlər komitənin önəm verdiyi əsas məsələlərdən biridir. Bununla əlaqədar bir çox rayonlarda bu mövzularda tədbirlər təşkil olunur, gənclərlə yaşlı nəslin münasibətlərinin və əlaqələrin qurulması, daha da möhkəmlənməsi istiqamətində görülən işlər daha da gücləndirilir.

Tədbirdə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, əməkdar müəllim, Prezident təqaüdçüsü Aliyə Təhmasib, Səbail rayon gənclər və idman idarəsinin rəis müavini Faiq Qurbanov və başqaları mövzu ilə əlaqədar rayonda aparılan işlər barədə danışmış və bu işlərin gücləndirilməsi ilə bağlı təkliflərini iştirakçılarla bölüşmüşlər.


RÖVŞƏN NURƏDDİNOĞLU*

Digər xəbərlər