PDF Oxu

Əsas

  • 15

İlham Əliyev: “Gələcək nəsillərin inkişafı və firavanlıq içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır”

İlham Əliyev: “Gələcək nəsillərin inkişafı və firavanlıq içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır”

Dünən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Gülüstan Sarayında "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirildi. 33 ölkədən 60-a yaxın nümayəndənin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfrans iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı: "Konfransda dünyanın 33 ölkəsindən mötəbər qonaqlar iştirak edirlər. Tədbirdə bu qədər nümayəndənin iştirakı bir daha sübut edir ki, qloballaşan dünyada modernləşmə siyasəti və yeni iqtisadi-sosial çağırışların müzakirəsi olduqca vacibdir".

YAP İcra katibi Əli Əhmədov konfransda maraqlı müzakirələrin aparılması üçün geniş imkanların olacağını söylədi: "XXI əsr gözlənilmədən dünyanın siyasi tarixinə və gələcək taleyinə ciddi korrektələr etməyə başlayıb. Çoxlarının arzuladığının əksinə olaraq, soyuq müharibənin səbəbkarı kimi tanınan Sovetlər Birliyinin dağılmasından sonra bu və ya digər bölgələrdə və məkanlarda sabitliyin, əmin-amanlığın yaranması əvəzinə yeni çağırışlar, təhdidlər meydana gəldi. Dünyanın bir sıra böyük iqtisadiyyata malik olan ölkələrində iqtisadi-maliyyə böhranı formalaşmış, ənənəvi iqtisadi və sosial modellərə yeni baxışın meydana gəlməsini də şərtləndirmiş oldu. Eyni zamanda, dünyanın ciddi iqtisadi və sosial dəyişikliklərlə üz-üzə dayandığını sübut edən kifayət qədər əlamətlərin və faktların olduğu aydındır. Son 20-30 ildə, vaxtilə geridə qalmış bölgələr sayılan ölkələrdə iqtisadi inkişafın dinamik axarı ənənəvi iqtisadi sistemlərlə və modellərlə ciddi rəqabətə hazır olan iqtisadiyyatların yaranmasına gətirib çıxardı. Beləliklə də, dünyanın maliyyə resurslarına iddiaçıların sayı xeyli dərəcədə artmış oldu".

YAP Sədrinin müavini Əli Əhmədov onu da vurğuladı ki, insanlar dəyişiklikləri və yenilikləri adətən həyəcanla qarşılayırlar, amma son nəticədə bu dəyişikliklər və yeniliklər pozitiv olduğunu sübuta yetirir: "Son illərin ən böyük dəyişiklikləri içərisində, hesab edirəm ki, Azərbaycanda baş verən yenilikləri və dəyişiklikləri nümunə gətirmək olar. Ölkəmiz bir neçə ay bundan öncə müstəqilliyinin 20 illiyini qeyd etdi. Bu 20 il ərzində Azərbaycanda çox böyük irəliləyişlərin olduğunu bu gün konfransa qatılan qonaqlar da öz gözləri ilə görmək imkanına malikdirlər. Belə ki, qısa müddət ərzində Azərbaycan böyük uğurlara imza atıb. Ən böyük nailiyyətlərdən biri ölkəmizin 2008-ci ilin iqtisadi və maliyyə böhranından özünü qoruya bilməsidir. 7-8 illik bir dövr ərzində keçmiş dövrdən miras qalan və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olan yoxsulluq Azərbaycanda 49 faizdən 9 faizə endi. Yəqin ki, bu dəyişikliklər ölkəmizdə bir yandan iqtisadi sahədə həyata keçirilən böyük layihələrlə, ikinci bir tərəfdən Azərbaycandakı sosial siyasətin və formalaşmış sosial modelin nəticəsi kimi qiymətləndirilə bilər".

YAP Sədrinin müavini onu da bildirdi ki, həyatımızda müşahidə olunan dinamik inkişaf və dəyişikliklər yeniləşmə, modernləşmə strategiyası və siyasəti ilə müşayiət olunmaqdadır: "Biz ölkəmizin yeniləşməsinə, iqtisadiyyatımızın modernləşməsinə, inkişafımızın yeni mərəhələsinə keçidin vacib forması kimi baxırıq. Belə hesab edirik ki, yeniləşmə, modernləşmə Azərbaycanda iqtisadi və sosial inkişafa təkan verən əlavə bir təminat olaraq qiymətləndirilir".

Azərbaycanın zəngin neft və qaz ölkəsi olduğunu qonaqların diqqətinə çatdıran Əli Əhmədov ölkənin beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını söylədi: "Biz, eyni zamanda, istəyirik ki, malik olduğumuz təbii resurslarımız bir tərəfdən insanların rifahının yaxşılaşdırılmasına xidmət etsin, digər tərəfdən isə Azərbaycanın davamlı inkişafının ciddi və dayanıqlı əsası kimi öz missiyasını yerinə yetirsin. Bu isə davamlı inkişafı, dəyişikliyi, modernləşməyi böyük investisiyaların qoyulduğunu təmin edir. Əgər çox qısa vaxtda yeni bir möcüzənin meydana gəlməsinə nümunə axtarmalı olsaq, cəsarətlə Azərbaycanı önə çəkə bilərik. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu yeniliklər və inkişaf Azərbaycanın ərazilərinin yalnız 80 faizində müşahidə olunur. Torpaqlarımızın 20 faizində inkişaf dayanıb. Ona görə ki, bu ərazilərimiz - 20 ildən çoxdur ki, Azərbaycanın ərazisi olan, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal altındadır. Həyat bizə gələcəyə optimist baxmağı öyrədib. Biz bu hisslərlə yaşayırıq. Dünya ölkələri bu gün bir-biri ilə sıx əlaqədədir. Dünyanın bir bölgəsində baş verən hadisələr, proseslər digər bölgələrə və yerlərə də təsirini göstərir. Bu mənada, hesab edirəm ki, "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən bu konfransda hörmətli qonaqların təqdimatları milli təcrübələri daha yaxşı öyrənmək, dəyərləndirmək baxımından böyük rol oynayacaq. Bu mövzuda müzakirələr aparmaq üçün düşünə biləcəyimiz ən yaxşı məkanlardan biri də məhz Azərbaycandır. Güman edirəm ki, qonaqların təqdimatları bu gün siyasətçiləri ciddi düşündürən və onların səylərinin böyük bir hissəsini təşkil edən iqtisadi və sosial çağırışlar mövzusu ətrafında çox əhəmiyyətli fikir mübadiləsi aparmağa imkan verəcək. Bu müzakirələrdə yaxından iştirak etməklə yanaşı, eyni zamanda, Azərbaycandan ölkənizə xoş təəssüratlarla qayıdacaqsınız."

Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu. Prezidentin məktubunda deyilir: "Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakı şəhərində "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram. XXI əsrin ilk onilliyi cəmiyyətin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişafı və firavanlıq içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan çox ölkəsindən gələn nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsini təqdirəlayiq hadisə hesab edirəm. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyi bu yaxınlarda qeyd olundu. Yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdirlər. Müasirləşmək və yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir. Azərbaycanın "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar. İnanıram ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönələn səylərə əhəmiyyətli dəstək ola biləcək. Konfrans iştirakçılarına faydalı müzakirələr, can sağlığı və xoş əhval- ruhiyyə arzulayıram".

YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov tədbir iştirakçıları adından Prezident İlham Əliyevə xoş sözlərə görə minnətdarlığını bildirərək, dövlət başçısına doğum günü münasibətilə təbriklərini çatdırdı.


Valdis Zatlers: "Konfransın məhz Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətlidir"


Latviyanın sabiq prezidenti, Latviya Seyminin üzvü, "Zatlersin İslahatlar Partiyası"nın sədri Valdis Zatlers çıxışında bildirdi ki, konfransın məhz Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətlidir: "Mən Azərbaycanın Bayraq Meydanını ziyarət etdim və bu məndə çox böyük təəssürat yaratdı. Sadəcə, ona görə yox ki, dünyanın böyük bayrağı orda yerləşdirilmişdir. Bu, eyni zamanda, Azərbaycan əhalisinin potensialının nümayişi idi. O potensialın ki, onlar arzularını həyata keçirmək iqtidarındadırlar. Bu, o deməkdir ki, bu ölkənin xalqı, dövləti düzgün şəkildə təsəvvür edir ki, hansı addımları atmalı, hansı tədbirləri həyata keçirməlidir ki, ümumilikdə, dünyanın rifahı yaxşılaşsın. Bu prosesdə hamının iştirakı vacibdir. Son üç ildə dünyada qlobal iqtisadi və maliyyə böhranı baş verdi. Dünyada baş verən proseslərin şahidi olduq. Bu gün bu vaxt bir saniyəyə bərabərdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bu prosesə öz müsbət təsirini göstərir. Bu baxımdan biz biliyi, elmi-texniki tərəqqini bir-birimizlə paylaşmalıyıq".


V.Zatlers bildirdi ki, elmin inkişafı hər bir dövlətin rəhbərinin qarşıya qoyduğu bir vəzifəyə çevrilmişdir. Çünki iqtisadiyyatı inkişaf etdirmək üçün mütləq islahatlar həyata keçirməliyik: "Hər bir dövlətin üzləşdiyi müxtəlif problemlər vardır. Çünki cəmiyyətin inkişafı texnoloji tərəqqi qədər sürətlə baş vermir. Məhz buna görə də, dövlət başçılarının qarşıya qoyduğu əsas məqsəd cəmiyyətin inkişafını yüksək səviyyədə təmin etməkdir. Hər bir ölkənin özünün spesifik keçmişi vardır. Bu, ənənələrə və mədəniyyətə əsaslanır. Bu mənada da, inkişafı davamlı etmək üçün iqtisadi islahatları müasirləşdirmək gərəkdir. Buna görə də, belə vacib konfransın keçirilməsi alqışlanmalıdır".


Filippin parlamentinin sabiq spikeri, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesia bildirdi ki, təsisçisi olduğu qurum 32 ölkədən 330 siyasi partiyanı özündə birləşdirir: "Konfransda belə bir qurumu təmsil etməkdən məmnunam. Düşünürəm ki, hər bir ölkə üçün ən mühüm çağırış ondan ibarətdir ki, yoxsulluğa qarşı necə mübarizə aparmaq olar və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında, eləcə də, Yeni Azərbaycan Partiyasının iştirakı ilə bu məqsədə yüksək səviyyədə nail olub. Belə ki, ölkəniz yoxsulluqla mübarizədə qalib gəlmişdir. Bu münasibətlə ölkənizi təbrik etmək istəyirəm".

Xose de Venesia daha sonra qeyd etdi ki, modernləşmə siyasətinin başlanğıcı II Dünya müharibəsindən əvvəl qoyulmuşdur: "Mən sizinlə təcrübəmizi bölüşmək istərdim. Şərqi Asiyada inkişaf etmiş ölkələri qeyd etmək istərdim. Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya, İndoneziya, Çin, Vyetnam və s. ölkələrdə çox fövqəladə inkişafın şahidi oluruq. Dünya Bankı öz tədqiqatı ilə bu nəticəyə gəlmişdir ki, Şərqi Asiya ölklərinin iqtisadiyyatı insan resurslarından düzgün istifadə nəticəsində mümkün olmuşdur."

Bu modelin üç əsas komponentdən ibarət olduğunu qeyd edən Xose de Venesia bildirib ki, birinci dövlət institutlarının inkişafıdır. İnkişaf güclü dövlətin olmasını tələb edir. İnvestisiyaların yatırılması üçün əlverişli şəraitin yaradılması, üçüncüsü isə, ədalət prinsipinin qorunmasıdır. Yəni ölkənin hər bir vətəndaşı inkişafı özünün sosial rifah halında hiss etməlidir: "Azərbaycanın inkişaf modelinin bu gün dünya ölkələrinə nümunə göstərilməsi də ölkənizin biri-birindən əhəmiyyətli uğurlara imza atmasından irəli gəlir. Qüdrətli iqtisadiyyat güclü sosial siyasət üçün əsas yaradar. Azərbaycanda qeyd etdiyimiz kimi, əhlinin sosial müdafiəsini gücləndirilməsi yönümündə atılan addımlar təqdirəlayiqdir".

Filippinli qonaq inkişafın davamlılığının təmin edilməsində elmi-texniki tərəqqinin rolunu xüsusi olaraq vurğuladı: "Müasirləşmə heç bir dövlət üçün asan deyil. Bu proses uğurlu islahatların aparılmasını tələb edir. Azərbaycanın uğurlu iqtisadi islahatları beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən də yüksək dəyərləndirilir".

Xose de Venesia ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də diqqət yönəltdi: "ATƏT fəaliyyətini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında davam etdirməlidir. Həmin qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyir. Münaqişənin bu prinsip əsasında sülh yolu ilə həllini istəyirik".

Natiq çıxışında bir daha qeyd etdi ki, müasir dövrün çağırışlarına cavab vermək, birgə addımlar atmaq, təcrübə mübadiləsini genişləndirmək lazımdır: "Bu, mənim şəxsi fikrimdir. Mənim təklifim ondan ibarətdir ki, sosializm və kapitalizm dəyərlərini bir araya gətirək. Azərbaycan bu sahədə nümunə ola bilər. Ölkəniz bu dəyərlərin vəhdəti şəratində böyük uğurlara imza atır. Düşünürəm ki, bu konfrans əlaqələrimizin daha da inkişafına öz müsbət təsirini göstərəcək".

Müzakirələr dörd plenar iclasda davam etdirildi


Birinci plenar iclasa rəhbərlik edən Polşa Seyminin deputatı, keçmiş xarici işlər naziri xanım Anna Elzbieta Fotuqa konfransın əhəmiyyətindən geniş bəhs edərək, bildirdi ki, bu gün mövzu ətrafında ətraflı fikir mübadiləsinin aparılması ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək.


Şahin Mustafayev: "Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən milli iqtisadi inkişaf modeli formalaşmışdır"

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı sosial-iqtisadi uğurlarından geniş bəhs etdi. Bildirdi ki, ötən dövrdə həyata keçirilən uğurlu islahatalar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmışdır: "İnzibati planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yeni inkişaf mərhələsinin əsas məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür. Modernləşmə siyasətinin səciyyəvi xüsusiyyətini ölkənin uzunmüddətli iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyaların tətbiqinin sürətləndirilməsi, innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması təşkil edir. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi zərurəti və onun əsas istiqamətləri həm də dünya iqtisadiyyatının inkişaf meyillərində qaynaqlanan ciddi sosial-iqtisadi çağırışlarla şərtləndirilir. Bu baxımdan, qeyd etmək istərdim ki, dünya iqtisadiyyatının gələcək inkişafı istiqamətində ciddi risklər kimi dünyanın inkişaf etmiş ölklərində borc problemi, kapital, əmlak və əmək bazarındakı mövcud vəziyyət göstərilir. Diqqəti çəkən digər problem enerji təhlükəsizliyi ilə bağlıdır. Dünyada əhalinin sayının və yaşayış standartlarının yüksəlməsi və enerji tutumlu sənaye sahələrinin inkşafı nəticəsində qolobal miqyasda enerji istehlakı dəfələrlə artmışdır".

İqtisadi inkişafın əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdıran nazir bildirdi ki, son 20 ildə planetin hər bir sakininə düşən milli gəlir 2 dəfədən çox artaraq, 1990-cı ildəki 4079 dollardan 2010-cu ildə 9116 dollara yüksəlmişdir: "Lakin buna baxmayaraq, yoxsuluq problemi hələ də aradan qaldırılmamış, aktual olaraq qalmaqdadır.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən aparılmış son araşdırmaya əsasən, dünyada aclıq həddində yaşayan insanların sayı son bir neçə ildə artaraq, 925 milyon nəfərə çatmışdır. Dünya səhiyyə təşkilatı tərəfindən verilən məlumata əsasən isə dünyada təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Dünya həm də ekoloji çağırışlarla üzləşir. İqlim dəyişkənliyi, sənaye fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi, ozon qatındakı ciddi dəyişikliklər və s. kimi ekoloji problemlər dünya iqtisadiyyatının dayanıqlı inkişafına əlavə risklər yaradır. Dünya təcrübəsi göstərir ki, beynəlxalq, o cümlədən, regional iqtisadi əməkdaşlıq sosial-iqtisadi problemlərə qarşı dayanıqlığı gücləndirən əsas amillərdəndir. Bunu nəzərə alan ölkəmiz beynəlxalq əhəmiyyətli enerji layihlərinin təşəbbüsçüsü və fəal iştirakçısıdır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda iqtisadi əməkdaşlığa böyük maneədir".

Ş.Mustafayev onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən milli iqtisadi inkişaf modeli formalaşmışdır. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılmış, makroiqtisadi sabitlik təmin edilmişdir. Son 7 ildə ÜDM 3 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 29 dəfə artmış, ölkəmiz investisiya ixrcatçısına çevrilmiş, inflyasiya birrəqəmli idarə olunan səviyyədə saxlanılmışdır. Ölkəmizdə ticarət əlaqələrini qurulmasında maraqlı olan dövlətlərin sayı 147-yə çatmış, xaric ticarət dövriyyəsi 5,4 dəfə, ixrac 8,2 dəfə artmışdır.

Azərbaycanın sosial-iqtisadi uğurlarından, bu nailiyyətlərə geniş yol açan dövlət proqramlarının yüksək səviyyədə icrasından geniş bəhs edən nazir bildirdi ki, Azərbaycanın innovativ inkişafı, ilk növbədə, ölkə şirkətlərinin müasir texnologiyaları mənimsəməsi, rəqabətqabiliyyətli yeni məhsulların istehsalının təmin edilməsi bunların davamlığından xəbər verir. Müasir texnologiyaların tətbiqi ilə sənayedə yeni məhsul istehsalı 2007-ci illə müqayisədə 2010-cu ildə 5 dəfəyə yaxın artıb.

Nazir onu da vurğuladı ki, uğurların davamlığını təmin edilməsində əsas amillərdən biri iqtisadi tərəqqinin kadr hazırlığı prosesi ilə uyğunlaşdırılmasıdır. Ş.Mustafayevin sözlərinə görə, dövlətimiz kadr hazırlığına xüsusi diqqət yönəldərək, hazırda təhsilin forma və məzmununun yeniləşdirilməsi istiqamətində addımlar davam etdirilir: "Dövlət başçısı İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" siyasəti çərçivəsində qəbul edilmiş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölklərdə təhsili üzrə Dövlət Proqramına uyğun olaraq yüzlərlə azərbaycanlı gənc dünyanın tanınmış ali məktəblərində təhsil alır".

Ş.Mustafayev qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, həyata keçirilən siyasətin ana xəttini vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması təşkil edəcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz güclənəcək, möhkəmlənəcək. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaq.


Andras İnotay: " Əldə olunan təcrübəyə əsasən, qeyd olunur ki, müasirləşmə siyasətini şərtləndirən əsas amillərdən biri insan kapitalının inkişafına xüsusi diqqətin göstərilməsidir"


Macarıstan Elmlər Akademiyası Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andras İnotay çıxışında əldə olunan təcrübənin bölüşdürülməsi üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə və Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirdi: "Biz öncə modernləşmənin tərifini verməliyik. Bura iqtisadi, siyasi, hüquqi və psixolji elementlər daxildir. İqtisadi nöqteyi-nəzərdən, deyə bilərik ki, bu, davamlı inkişafı təmin etmək, rəqabətədavamlığı inkişaf etdirmək məqsədilə qiymətləndirmək mümkündür. Sosial nöqteyi-nəzərdən, bu, o deməkdir ki, dünya qütbləşmədən kənarlaşmağa çalışır. Bəzi ölkələrdə təbəqələşmə prosesi yüksək səviyyədədir. Elə ölkələr var ki, onlarda varlıların sayı artmaqdadır. Bu uçurumun hansı səviyyədə həlli hökumətin siyasətindən asılıdır. Ənənəvi olaraq, modernləşmənin müxtəlif üsulları olmuş və müxtəlif uğurlar əldə edilmişdir. Əldə olunan təcrübəyə əsasən, qeyd olunur ki, müasirləşmə siyasətini şərtləndirən əsas amillərdən biri insan kapitalının inkişafına xüsusi diqqətin göstərilməsidir. Təhsilə, elmə, səhiyyəyə yönəldilən investisiyaların həcmində artımlar müşahidə olunur. Bu, müasir dövrün ən mühüm çağırışlarından biridir".


Raşida Dati: " Bu gün Azərbaycan

Avropa üçün önəmli ölkədir"



Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri Raşida Dati isə çıxışında bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünyanın siyasi məkanındakı mövqeyi üçün böyük əhəmiyyət kəsb edir: "Mən bu gün Bakıda olduğum üçün şərəf hissi duyuram. Azərbaycan bu gün Avropa Birliyinin ən mühüm əməkdaşlarından biridir və bu əməkdaşlığa böyük ehtiyac var. Azərbaycan zəngin sivilizasiyaya malik güclü dövlətdir və son iki onillikdə Azərbaycan, sözün əsil mənasında, sabit, oturuşmuş, güclü ölkəyə çevrilib. Mən burada xüsusi olaraq Prezident İlham Əliyevin uğurlu fəaliyyətini, eləcə də, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın beynəlxalq aləmdəki fəaliyyətini vurğulamaq istərdim. Xatırlatmaq istərdim ki, Mehriban xanım Əliyeva Fransada da bir çox əhəmiyyətli, qlobal layihələr həyata keçirib".

Raşida Dati qeyd etdi ki, Azərbaycan bu gün elə bir inkişaf yolu keçib ki, bu ölkəyə dünyada yaşanan qlobal böhran təsir göstərmədi: "Bu gün Azərbaycan Avropa üçün önəmli ölkədir. Avropa Azərbaycana ehtiyac duyur".


Çen Fensyan: "Çin Kommunist Partiyası 600-dən çox partiya ilə əlaqə yaradıb, o cümlədən, Yeni Azərbaycan Partiyası ilə də ikitərəfli əməkdaşlıq mövcuddur"

Çin Mərkəzi Komitəsi Xarici əlaqələr şöbəsinin nazirinin müavini Çen Fensyan isə öz çıxışında hazırda modernləşmə siyasəti istiqamətində Çin Xalq Respublikasında aparılan uğurlu işlərdən bəhs etdi. O, eyni zamanda, xatırlatdı ki, Çin Kommunist Partiyası bir çox siyasi partiyalarla da yaxın əməkdaşlıq əlaqələri qurur: "Çin Kommunist Partiyası 600-dən çox partiya ilə əlaqə yaradıb, o cümlədən, Yeni Azərbaycan Partiyası ilə də ikitərəfli əməkdaşlıq mövcuddur".


Duşan Petroviç: " Bu gün Serbiya ilə Azərbaycan arasında daha yaxın əlaqələr yaradılmışdır"

Serbiyanın kənd təsərrüfatı, ticarət, meşə və su təsərrüfatı naziri Duşan Petroviç çıxışında bildirdi ki, iqtisadi uğurlara geniş yol açan amillərdən biri bölgədə və dünyada sabitliyin qorunmasıdır. Bu istiqamətdə bütün dövlətlər birgə səylər göstərməli, mövcud prbolemlərin həllinə öz töhfələrini verməlidirlər: "Bu yöndə xarici siyasət daha da aktivləşdirilməlidir, yeni elementlər əlavə edilməlidir. Əməkdaşlıq potensialı genişləndirilməlidir.Bütün ölkələr üçün bu, belədir. Ona görə də modernləşmə siyasəti vacib və əhəmiyyətlidir. Lakin vurğulamaq istərdim ki, bu gün Serbiya ilə Azərbaycan arasında daha yaxın əlaqələr yaradılmışdır".


Mixail Maçavariani: "Gürcüstan öz qonşuları ilə, xüsusilə, Azərbaycanla davamlı əməkdaşlığa böyük önəm verir"

Gürcüstan parlamentinin birinci vitse-spikeri Mixail Maçavariani isə öz çıxışına başlamazdan öncə, konfrans təşkilatçılarına Qafqaz qonaqpərvərliyinə görə, dərin təşəkkürlərini bildirdi. Gürcüstanlı qonaq çıxışında qeyd etdi ki, ölkələrdə islahatlar davam etdirilməlidir : "Bu gün Gürcüstanda da genişmiqyaslı islahatlar aparılır ki, bunun nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsi daha da yaxşılaşır. Və bu gün bu islahatlar Azərbaycanda da uğurla həyata keçirilməkdədir. Ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü siyasət bir daha təsdiq edir ki, Azərbaycan modern və islahatçı respublikalar sırasında ilk yerlərdən birini tutur. Gürcüstan öz qonşuları ilə, xüsusilə, Azərbaycanla davamlı əmkdaşlığa böyük önəm verir".


Mustafa Kabakçı: "Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusundakı beynəlxalq konfrans çox vacib məsələlər ətrafında aparılan müzakirələri özündə birləşdirir."

Türkiyə parlamenti adından Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına təşəkkürlərini bildirən Mustafa Kabakçı öz çıxışında vurğuladı ki, Azərbaycan son illərdə böyük dəyişikliklər, inkişaf və tərəqqi yaşayır: "Bir çox dövlətlərə Azərbaycanda gedən inkişafı, yenilikləri nümunə göstərmək lazımdır". Mustafa Kabakçı modernləşmə siyasətinin vacibliyini vurğulayaraq, qeyd etdi ki, bu əhəmiyyətli amil ölkələrin iqtisadi, sosial, təhsil, səhiyyə və digər sahələrinin inkişafında mühüm faktor kimi dəyərləndirilməlidir: "Bu xüsusda Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusundakı beynəlxalq konfrans çox vacib məsələlər ətrafında aparılan müzakirələri özündə birləşdirir."

Mustafa Kabakçı çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etdi və Azərbaycanda olduğundan qürur hissi keçirdiyini vurğuladı: "Azərbaycanda olmağımdan və Azərbaycanın inkişafından qürur duyuram". Bununla "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın I plenar iclası başa çatdı. Günün ikinci yarısında konfrans öz işini ayrı-ayrı sessiyalar şəklində davam etdirib. Plenar iclasın II, III, və IV iclaslarında çıxış edənlər- Çexiya Nümayəndələr Palatasının sədr müavini Lyubomir Zaoralek, Polşa Seyminin deputatı, keçmiş xarici işlər naziri Anna Elzbieta Fotuqa, Avropa Parlamentinin İtaliyadan olan üzvü Provera Fiorello, Avropa Parlamentinin üzvü Lord Ahmad of Vimbledon, Patas Universitetinin Yunanıstandan olan rektoru Corc Panayiotaksis, İspaniya Kral Akademiyasının rektoru Xayme Xill Aluxa, Belçika Senatının fəxri sədri Anne-Mariye Lizin, Ukrayna Milli Nəqliyyat Universitetinin rektoru Mikola Dmitriçenko, Kanada parlamentinin üzvü Russ Hiebert, Serbiya əmək və sosial siyasət naziri Rasim Lyayiç, İndoneziya parlamentinin nümayəndələr palatasının deputatı, Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun sədr müavini Nabiel Fuad Almusava, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun katibi, Ümumyunan Sosialist Hərəkatı Partiyası (PASOK) nümayəndəsi Əhməd Hacıosman, Kamboca Kral Hökumətinin baş katibinin müavini Say Samal, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru müavini, əməkdar elm xadimi, iqtisadi elmlər doktoru, professor Qorodetski Andrey Yevgeniyeviç, Tallin Mərkəzi inzibati rayonunun rəhbəri Mixail Korb, Vyetnam Kommunist Partiyası xarici əlaqələr şöbəsinin müdiri, İCAPP-DK üzvü Vuong Tua Fonq, Rumıniya sənaye sahələrinin inkişafı agentliyinin prezidenti Marçel Hoara, Misirin "Əl-Cümhuriyyə" qəzetinin redaktor müavini Xəttab Məhəmməd, Bolqarıstan parlamentinin üzvü, Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri Rəmzi Durmuş oğlu Osman, Türkiyənin Qazi Universitetinin dosenti və İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Kafedrasının müdir müavini Mehmet Seyfəddin Erol, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Voleta İvanov, Pakistanın Qayd-i Əzəm Universitetinin professoru Taraq Vahiq, Koreya Milli Tədqiqatlar Akademiyasının professoru Çunq Yun-Cen, İordaniyanın Milli Cərəyan Partiyasının baş katibi Saleh Ruşeidat, Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Latipov Asror Kurbonoviç, Bolqarıstan Prezidentinin Qara Dəniz Məsələləri üzrə müşaviri Peter Kinev, Plexanov adına Rusiya İqtisad Universitetinin dekanı Denisov İqor Vladimiroviç, Küveyt İctimai xadim, "Ali təhsil üzrə Toni Bleyer Komitəsi"nin üzvü Taiba Sadeq, Özbəkistan Prezidenti Yanında Strateji və Regionlararsı Araşdırmalar İnstitutunun elmi işçisi Axmatov Şuxrat Maxmudoviç və Birləşmiş Ərəb Əmirliklərinin Strateji Araşdırmalar Mərkəzinin strateji araşdırmalar departamentinin tədqiqatçısı Məhəmməd İsa Məhəmməd Əhməd Əl-Ənsari öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını ifadə edərək, vurğuladılar ki, Bakıda keçirilən "Modernləşmə siyasəti: Yeni iqtisadi və sosial çağırışlar" konfransı bir çox mövzuları qlobal şəkildə əhatə etdi və gələcəkdə də beynəlxalq aləmdə bu cür konfransların keçirilməsini zəruri hesab etdiklərini bildirdilər. Çıxışlardan sonra konfrans öz işini yekunlaşdırdı.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər