Dünən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Hilton otelində "Çin-Azərbaycan münasibətləri" mövzusunda növbəti dəyirmi masa keçirilib. Bakıda keçirilmiş "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" konfransında iştirak etmək üçün ölkəmizə səfər etmiş Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin nazirinin müavini Çen Fensyan dəyirmi masada çıxış edərək, qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycan cəmiyyətində baş verən davamlı yeniliklər barədə məlumat əldə etmək, eləcə də, qlobal proseslərlə bağlı fikir mübadiləsi aparmaq baxımından olduqca əhəmiyyətlidir: "Azərbaycana növbəti dəfə səfər etməkdən məmnunam. Yeni Azərbaycan Partiyasının təşkil etdiyi tədbirlərdə həmişə iştirak etməyə maraqlıyıq".
Qonaq YAP-ın təşkilatçılığı ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətli olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Rüfət Quliyev Çin nümayəndələrinə ölkəmizin 20 illik müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. R.Quliyev inkişaf göstəricilərini konkret rəqəmlərlə diqqətə çatdırıb: "Lakin bu inkişafa Ermənistanın Azərbaycana qarşı təcavüzünün böyük maneədir".
Milli Məclisin analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə çinli qonaqlara bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gücləndirilib: "Ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir".
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında çinli qonaqlara ətraflı məlumat verib.
Görüşdə, həmçinin, Azərbaycan -Çin əlaqələri və bu əlaqələrin inkişafı ilə bağlı maraqlı fikir mübadilələri aparılıb. Xüsusilə vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq və müxtəlif sahələrdə təcrübə mübadilələri və münasibətlər daha da dərinləşdirilməlidir.
RÖVŞƏN NURƏDDİNOĞLU