PDF Oxu

Əsas

  • 13

Heydər Əliyev: “Mən Ona özüm qədər inanıram”

Heydər Əliyev: “Mən Ona özüm qədər inanıram”

"İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Heydər Əliyev

Ümummilli Liderimiz Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin çözülməsində həlledici sözünü deyə bilən nadir siyasətçilərdən idi. Onun fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdir.

Heydər Əliyev fəaliyyəti və əməlləri ilə bütöv bir siyasət məktəbinin qurucusu oldu, onun sayəsində müasir dünyanın politoloji leksikonuna "Heydər Əliyev siyasəti" istilahı daxil oldu. Bu, tarazlı, bütün cəhətləri ölçülüb-biçilmiş və ən əsası, dövlətin təməl maraqlarını, onun perspektivini, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ehtiva edən, cəmiyyətdə ahəngdarlıq yaradan siyasətdir.

Tarixi təcrübənin təhlili zəminində etiraf etməliyik ki, varislik prinsipindən kənarda hər hansı bir ideyanın və ya ideyalar sisteminin xalqa xidmət etməsini təmin etmək qeyri - mümkündür. Eynilə o da şübhə doğurmur ki, varislik ideyası ayrılmaz şəkildə şəxsiyyət amili ilə bağlıdır. Özü-özlüyündə varislik ideyası cəmiyyət üçün nə qədər əhəmiyyətlidirsə, onun şəxsiyyət müəyyənliyi də o qədər vacib və diqqətiçəkəndir. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev siyasətinin varisliyi zəruriliyinə Azərbaycanda həmişə həm ideya, həm də konkret siyasət kontekstində yanaşılmışdır. İctimai fikirdə məsələnin sistem halında qavranılması onun taleyüklü məsələlər kateqoriyasına aid edilməsi ilə izah oluna bilər. Vaxtilə Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyəti Azərbaycanın perspektiv inkişafının həlledici amili sayıldığı kimi, Heydər Əliyev ideyalarının varisi məsələsi də mövcud inkişafın davamlılığının təmin edilməsi baxımından o qədər əhəmiyyətli hesab olunurdu.

Bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinin kontekstindən artıq danılmaz həqiqətə çevrilmişdir. Prezident İlham Əliyev böyük Öndərdən təhvil aldığı dövləti onun ideya və arzularına sadiq qalaraq, inkişaf etdirmək əzmindədir və bu yolda Azərbaycan xalqına, ondan aldığı etimada güvənir. "Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam". Bu bəyanatın müəllifi kimi İlham Əliyev prezidentliyinin ilk günündən etibarən vədini əməli fəaliyyəti ilə gerçəkləşdirməkdədir.

Ən mühümü isə odur ki, Heydər Əliyevin siyasi varisi təkcə mükəmməl idarəçilik sistemini və zəngin siyasi irsi deyil, həm də Azərbaycan xalqının mütləq əksəriyyətinin Heydər Əliyevə olan yüksək etimad və dəstəyini də təhvil alıb. Ümummilli Lider Heydər Əliyevin nəhəng seçici elektoratı Onun siyasi varisinin liderliyini qəbul etdi və 15 oktyabr 2003-cü ildə İlham Əliyevə səs verdi və 15 oktyabr 2008-ci ildə bu siyasətə sədaqətini növbəti dəfə təsdiqlədi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanı o vaxtkı iqtidardan, yəni indiki müxalifət liderlərindən hansı vəziyyətdə təhvil aldığını, bu illər ərzində Azərbaycan dövlətçiliyinin hansı sınaqlardan çıxdığını, möhkəmləndiyini yaxşı bilən, Heydər Əliyevin dövlətçilik xəttinin real, əməli nəticələrini bilavasitə görən, bu siyasətin ayrılıqda hər bir vətəndaşa və ümumilikdə, bütün xalqa firavanlıq, sabitlik və təhlükəsizlik təmin etdiyini gözəl dərk edən yüz minlərlə seçici bu yolun davam etdirilməsini istədi. İlham Əliyev də, öz növbəsində, Azərbaycan xalqına güvənir, bu xalqın dəstəyinə inanır və onun etimadını doğruldacağına söz verir, bu istiqamətdə ardıcıl siyasət yürüdür.

Ötən səkkiz illik zaman kəsiyində dövlət başçısı istər ölkəmizin sosial-iqtisadi qüdrətinin möhkəmləndirilməsi, istərsə də beynəlxalq aləmdə respublikamızın nüfuzunun artması ilə bağlı ciddi tədbirlər həyata keçirib. Belə bir siyasi düstur mövcuddur ki, ölkə rəhbərliyinə gəlmiş hər hansı şəxs tam gücü ilə fəaliyyətə başlamaq üçün ilk növbədə, mövcud ictimai-siyasi şəraitin aurasına uyğunlaşmaq üçün müəyyən vaxt mərhələsini keçməlidir. Lakin həmin simvolik təqvim ayrıntıları cənab İlham Əliyevin prezidentlik fəaliyyəti üçün xarakterik deyildir. Çünki əvvəla, hələ prezident seçkiləri dönəmində cənab İlham Əliyev birmənalı şəkildə Ümummilli Lider Heydər Əliyevin cəmiyyət tərəfindən alternativsiz hesab edilən siyasi xətti davam etdirəcəyini və Ulu Öndərin ölməz ideyalarının daşıyıcısı olacağını bəyan etmişdi. İkincisi, prezident seçkilərindən xeyli əvvəl cənab İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirak və ölkəmizin beynəlxalq qurumlarda təmsilçiliyini yüksək səviyyədə təmsil etmişdir. Üçüncüsü, İlham Əliyev siyasətə qədəm qoyduğu vaxtdan istər millət vəkili kimi, istər vətəndaş kimi, istərsə də ARDNŞ-in birinci vitse-prezidenti kimi xalqla təmaslarında onların problemlərinə diqqətlə yanaşmış və həmin problemlərin çözülməsini təmin etmişdir. Nəhayət, İlham Əliyev geniş əhali təbəqələri arasında "yox yerdən var etmək" kimi bir qədər mistik görünən, əslində isə, real həyat faktlarına söykənən bir imic də qazanmışdır. Cəmi bir neçə ilə Azərbaycan idmanını ayağa qaldırması, Olimpiya oyunlarında idmançılarımızın əldə etdiyi qələbələr, bütövlükdə, idmanımızın qazandığı uğurlar onun siyasi reytinqinə əlavə dividendlər gətirmişdi.

Ötən səkkiz il isə Azərbaycanın yeni rəhbərinin xalqa və dövlətə verdiyi hər bir anda sadiq qaldığını əyani şəkildə sübuta yetirib. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində dövlət başçısı statusunda ilk çıxışını edən cənab İlham Əliyev Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiqliklə səciyyələndirərək özünün əsas fəaliyyət prioritetlərini elan etdi: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün iqtisadi rifah. Cənab İlham Əliyev prezidentliyinin səkkiz ili ərzində bu prinsiplərə əməl olunması üçün ardıcıl, məqsədyönlü və ən əsası uğurlu fəaliyyət göstərib. Sözsüz ki, bu üç təməl prinsipin arxasında bir ümdə məqsəd də var-Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altında olan torpaqların azad edilməsi. Ötən səkkiz ildə Azərbaycan Ordusunun daha da gücləndirilməsi, ölkənin iqtisadi və hərbi qüdrətinin artırılması istiqamətində kompleks addımlar atılıb.

Ötən dövr ərzində tarazlı xarici siyasət kursunun davam etdirilməsi, ABŞ, Rusiya kimi böyük dövlətlərlə, Avropa Birliyinin aparıcı ölkələri ilə, qardaş Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi, habelə, qonşu İranla, Gürcüstanla, strateji tərəfdaşımız Ukrayna ilə, Xəzərin o tayındakı tərəfdaşlarımız Qazaxıstanla, Özbəkistanla əməkdaşlığın genişləndirilməsi-bütün bunlar nəticə etirabilə Azərbaycanın bir nömrəli probleminin ədalətli həllinə töhfə olacaq addımlardır. Azərbaycanın xarici siyasəti Ümummili Lider Heydər Əliyevin dövründə olduğu kimi, bu gün də qarşılıqlı əməkdaşlığa, dinc münasibətlərə və lazım gələndə gücə, Azərbaycanın milli maraqlarını ehtiva edən addımlara dayanır. Təbii ki, bu siyasəti uğurla davam etdirmək o qədər də asan məsələ deyil, gərgin enerji, bacarıq, siyasi fəhm tələb edir.

Bütün bunlara rəğmən, etiraf edilməlidir ki, 2003-cü il seçkiləri ilə milli dövlətçiliyimizdə yeni mərhələnin-İlham Əliyev mərhələsinin əsası qoyuldu. Ulu Öndərimiz Heydər Əliyevin zəngin və tükənməz siyasi irsinə, dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən cənab İlham Əliyev ötən illər ərzində özünü görkəmli, bacarıqlı və peşəkar dövlət xadimi kimi təsdiq etdi. Və sübut etdi ki, İlham Əliyevlə davam edən dövlətçiliyimiz Onun hakimiyyəti illərində daha ciddi uğurlar qazanacaq, uca zirvələrə yüksələcəkdir. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətini təhlil edərkən, bu dövrün Azərbaycan tarixində böyük əhəmiyyətə malik anlarla əks olunduğunu, xalqın və dövlətin taleyində əsaslı irəliləyişlərin əldə edildiyini aydın görmək olar. Hələ 2003-cü il oktyabr ayının 1-də Ümummilli Lider Heydər Əliyev bütün həyatını həsr etdiyi Azərbaycan xalqına müraciətində layiqli davamçısının xarakterik məziyyətləri və peşəkar dövlət xadimi keyfiyyətlərini xatırladaraq qeyd edirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ümummilli Liderin bu sözlərinin həqiqət əmsalını cənab İlham Əliyev hələ 2003-cü ilədək xalqın nəzərində tam təsdiq etmişdi. Prezident İlham Əliyev ona özü qədər inanan böyük şəxsiyyətin etimadını və 2003-cü ilin 15 oktyabrında misilsiz dəstəyini qazandığı xalqın ümidlərini ləyaqətlə doğrultdu. Andiçmə mərasimində "Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam, mən Azərbaycan üçün yaxşı prezident olacağam"- vədini verən ölkə rəhbəri fəaliyyətində bu sözlərinə daim sadiq oldu, həmişə "Əsil siyasət real, konkret iş görməkdən ibarətdir" - prinsipinə əsaslandı.

Prezident andiçmə mərasimində ölkə iqtisadiyyatının güclənməsi, iqtisadi islahatların davam etdirilməsi və cəmiyyətin ən həssas təbəqələrindən başlayaraq bütün əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bütün tədbirlərin görüləcəyini bildirmişdi. Dövlət başçısının 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərman onun ölkə əhalisinə verdiyi seçkiqabağı vədlərin yığcam, konkret istiqamətləri və realizə yolları göstərilmiş genişmiqyaslı tədbirlər toplusu idi. Dövlət başçısının sonrakı fərman və sərəncamları-regionların inkişafı, yeni iş yerlərinin açılması, çadır şəhərciklərində məskunlaşmış köçkünlər üçün yeni müvəqqəti qəsəbələrin və evlərin tikilməsi, qeyri-neft sektoruna investisiyaların stimullaşdırılması, aqrar sektorda islahatların dərinləşdirilməsi istiqamətində imzalanan bütün sənədlər həmin proqramın müddəalarına söykənib.

Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının ən mühüm müddəalarından biri də ölkənin sosial inkişafı ilə yanaşı, işsizliyin aradan qaldırılması və yaxın səkkiz il ərzində 900 min yeni iş yerinin açılmasıdır. Bu müddəa öz həllini Prezidentin 24 noyabr 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndiriməsi tədbirləri haqqında" Fərmanında və həmin Fərmana uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda tapmışdır. Etiraf edilməlidir ki, qısa vaxt ərzində ayrı-ayrı regionlar üzrə yüzlərlə yeni sənaye müəssisələri işə salınıb və bu müəssisələrdə yüz minlərlə iş yeri açılıb.

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətini səciyyələndirərkən, Onun Azərbaycanda milli barışığın daha da gücləndirilməsinə xidmət edən addımlarını xüsusilə qeyd etmək lazımdır. Dövlət başçısının indiyədək imzaladığı 11 əfv Fərmanının ümumi ruhu da bu məqsədə xidmət edir: "Mənim üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir".

Cənab İlham Əliyevin prezidentliyinin ilk günlərindən nümayiş etdirdiyi daha bir cəhəti qeyd etmək yerinə düşərdi. O, hakimiyyətin, dövlət qurumlarının fəaliyyətindəki nöqsanları, səhvləri açıq şəkildə etiraf edir, reallığı bəzək-düzəkli şəkildə deyil, olduğu kimi təqdim edir və cəmiyyətə bütün nöqsanların qəti şəkildə aradan qalıdırılacağının mesajını verir: "Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır".

Ötən illər ərzində Prezident İlham Əliyevin qarşısında duran ən mühüm məsələlərdən biri də Dağlıq Qarabağ probleminin ədalətli sülhlə həll edilməsi, erməni qəsbkarlarının işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərimizin doğma yerlərinə qaytarılmasıdır. Bu sahədə İlham Əliyev yorulmadan çalışır. Keçirdiyi bütün görüşlərdə dünya birliyinin nəzərlərini işğal olunmuş torpaqlarımıza və oradan erməni qəsbkarlarının çıxarılmasına yönəldir.

Prezident İlham Əliyev bütün bunlarla bərabər erməni işğalçılarının Dağlıq Qarabağdan və ona sərhəd olan rayonlardan kütləvi surətdə qovulan soydaşlarımızın on ildən bəri heç bir sanitar qaydalara və yaşayış normalarına sığışmayan çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsinin qeydinə də qalır və bu sahədə uğurlu işlər aparır. Onun təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq hər cür sosial şəraiti-məktəbi, xəstəxanası olan qəsəbələrin inşasına başlanmışdır və bu işlərin aparılması üçün Dövlət Neft Fondundan 200 milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır.

Prezident İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin memarı vıə qurucusu olduğu neft strategiyasının da uğurla həyata keçirilməsinə, dünyanın ən böyük neft ixrac boru kəmərlərindən olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin uğurla başa çatdırılması və ildə orta hesabla 30-40 milyon ton Azərbaycan neftinin bu kəmər vasitəsilə Aralıq dənizinə və oradan da dünya bazarlarına çıxarılması üçün bütün imkanlarını səfərbərliyə aldı və aparılan uğurlu siyasət nəticəsində BTC istismara verildi, Bakı-Ərzurum qaz kəmərinin tikintisinə başlanıldı, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasına qərar verildi.

Cənab İlham Əliyevin təhsil sisteminə və kadr hazırlığına da xüsusi diqqətlə yanaşması respublikamızda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlmişdir. Dövlət strukturları üçün savadlı, intellektual səviyyəli, müasir texnoloji yenilikləri dərindən mənimsəmiş kadrların hazırlanması dövlət başçısının ali təhsil müəssisələrinin rəhbərləri qarşısında müəyyənləşdirdiyi başlıca vəzifələrdən biridir. Təhsilə ayrılan xərclərin ildən-ilə artması, 2012-ci ilin dövlət büdcəsində böyük vəsaitin məhz təhsil sahəsi üçün ayrılması da təsadüfi deyil. Həmin vəsaitin müəyyən hissəsi regionlarda yeni məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilmişdir. Məktəblərdə əsaslı təmir-tikinti, yenidənqurma işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının istifadəyə verilməsi, təhsildə yeni informasiya texnologiyalarının tətbiq edilməsi Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" Fərmanında da mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.

Yeni məktəblərin tikintisi prosesi həm də Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə imkanları hesabına həyata keçirilir. YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ötən il 132 məktəb inşa edilmişdir.

Bütün bunlarla yanaşı, ötən illərin ən ümdə reallıqları sırasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə öz layiqli töhfəsini verməsi diqqətdən kənarda qala bilməz. Azərbaycan mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin bütün dünyada təbliğatının məsuliyyətini öz üzərinə götürən Mehriban xanım Prezidentin ən yaxın silahdaşı kimi artıq ictimai rəydə birmənalı olaraq qəbul edilir. Onun ardıcıl və yorulmaz fəaliyyəti cəmiyyətin müxtəlif təbəqlərində Prezidentin siyasətinə inamı daha da artırır. Bu baxımdan, mübaliğəsiz demək olar ki, Mehriban Əliyeva Prezidentin nüfuz göstəricisinin ictimai rəydə artmasında müstəsna rollardan birini oynmaqdadır.

Bütün bunlar İlham Əliyevin prezidentliyi dövründə gördüyü qlobal işlərin və həyata keçirdiyi uğurlu tədbirlərin yalnız çox kiçik hissəsidir. Təbii ki, İlham Əliyevin bütün bu işlərin öhdəsindən uğurla gəlməsi qanunauyğunluq idi. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev hələ zamanında İlham Əliyevin xeyirinə namizədliyini geri götürərkən, xalqa müraciətində qeyd edirdi: "Mənim hələ tamamlanmamış çox işlərim var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər imkan vermir ki, başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin köməyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Arxada qalan illər göstərir ki, xalq Heydər Əliyevin siyasi varisi İlham Əliyevin liderliyini birmənalı qəbul edir və onun rəhbərliyi altında işləmək əzmindədir. Bu fakt, həmçinin, Heydər Əliyevin siyasət və dövlət idarəçiliyi məktəbinin ən mühüm cəhətini ortaya qoydu. Ümummilli Lider elə bir mükəmməl idarəçilik sistemi yaradıb ki, o, bundan sonra da uğurla fəaliyyət göstərəcək. Ən mühümü isə odur ki, Heydər Əliyevin siyasi varisi təkcə mükəmməl idarəçilik sistemini deyil, Azərbaycan xalqının böyük əksəriyyətinin Heydər Əliyevə olan böyük etimad və dəstəyini də təhvil aldı. Heydər Əliyevin nəhəng seçici elektoratı onun siyasi varisinin liderliyini qəbul etdi və cənab İlham Əliyevə səs verdi. İndi bu yolun davam etməsi Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaşımız üçün zəngin və rahat həyat şəraitinin yaradılması deməkdir. Və bu yolun layiqli davamçısı Heydər Əliyevin başladığı işləri, nəhəng layihələri başa çatdırmaq əzmindədir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində hər zaman xalqa arxalanıb, onun dəstəyi ilə fəaliyyət göstərib. Onun davamçısı, Prezident İlham Əliyev də bu başlıca prinsipə sadiqdir. O da Azərbaycan xalqına güvənir, bu xalqın dəstəyinə inanır və onun etimadını doğruldacağına söz verir. İlham Əliyev prezident kimi təntənəli and içəndən dərhal sonra bəyan etmiş və Azərbaycanı Heydər Əliyev yolu ilə irəli aparacağını bildirmişdi: "Əlbəttə, çətinliklər olacaq. Amma mən çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim". Heydər Əliyev yolunun layiqli şəkildə davam etdirilməsi Azərbaycanı daha qüdrətli, zəngin və firavan dövlətə çevirmək, ölkənin hər bir vətəndaşı üçün arxa və dayaq olmaq deməkdir.

"Cəmiyyətə sabitlik lazımdır. İnsanlar iş, yaxşı maaş, uşaqlarını təhlükəsiz mühitdə böyütmək istəyirlər və bizim vəzifəmiz onlara bu şəraiti təmin etməkdir"-İlham Əliyev bu fikri prezident seçkiləri ərəfəsində, əhali ilə görüşlərdə bəyan etmişdi. Və fəaliyyətinin ilk günlərindən sübut etdi ki, O, prezident kimi ölkədə sabitliyə təminat, hər kəs üçün sosial rifahın qəti təminatçısıdır. Bu üç il ərzində qazanılan uğurlar 2003-cü ilin 15 oktyabr seçkilərində cənab İlham Əliyevin şəxsində Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisinə, Ümummilli Liderimizin siyasi kursuna, sülhə, sabitliyə, tərəqqiyə səs verən Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını göstərmişdir. Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi səkkiz il müddətində Heydər Əliyev yoluna, Ulu Öndərimizin banisi olduğu milli dövlətçilik ənənələrinə nəinki sadiq qalmış, daha böyük əzmlə davam etdirdiyi bu kursun Azərbaycanın dövlət müstəqilliyi qədər əbədiliyini, dönməzliyini təmin etmişdir.

Azərbaycan Prezidentinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son üç illik dövrünü səciyyələndirən ən xarakterik xüsusiyyətlərdəndir.


Bəhruz Quliyev,

"Səs" qəzetinin

Baş redaktoru

Digər xəbərlər