PDF Oxu

Əsas

  • 13

YAP Gənclər Birliyi uğurlu fəaliyyətini yeni ofisində davam etdirəcək

YAP Gənclər Birliyi uğurlu fəaliyyətini yeni ofisində davam etdirəcək

Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin təntənəli açılışı keçirilib. Açılış tədbirində Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri. millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, millət vəkilləri və bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov partiyanın Gənclər Birliyinin yeni ofisinin açılışının əlamətdar bir gündə baş verdiyini qeyd etməklə yanaşı, Prezident haqqında bəhs edən yeni kitab barədə də məlumat verib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür. Dövlətimizin başçısının 50 illik yubileyidir. Cənab Prezidentin 50 yaşı tamam olur. Biz də bu münasibətlə cənab Prezidentə ən səmimi arzularımızı çatdırırıq, cansağlığı diləyirik, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

Əli Əhmədov vurğulamışdır ki, YAP Gənclər Birliyinin yeni ofisinin açılması gənclərin uğurlu fəaliyyətlərinin daha da genişlənməsinə, uğurlu fəaliyyət sistemlərinin genişlənməsinə səbəb olacaq. O, həmçinin, arzulamışdır ki, YAP Gənclər Birliyinin yeni ofisi təkcə bu birliyə üzv olanların deyil, eləcə də, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bütün gənclərin birləşdiyi məkan olsun.

YAP İcra katibi çıxışında onu da bildirdi ki, Azərbaycanın gəncləri ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyir, Onun ətrafında sıx birləşiblər: "Gənclik, əslində, yenilik deməkdir və yeniliyin önündə gedən gənclərdir, bu mənada Prezidentimizin siyasətini qətiyyətlə dəstəkləyən gənclərdir. Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının ətrafında birləşiblər. Partiyanın gənclər təşkilatının yeni ofisinin əlamətdar günə təsadüf etməsini onlar həmişə xatırlayacaqlar. Bu da gənclərin üzərinə daha da böyük məsuliyyət qoyur. Onlar həm bu günün, həm də bu qədər dəyərli insanların iştirakı ilə yeni ofisin açılışının məsuliyyətini həmişə dərk edəcəklər".


Azad Rəhimov: "İnanıram ki, gənclər üçrəngli müqəddəs bayrağımızı, Ulu Öndər Heydər Əliyev adını, azərbaycançılığı dünyanın hər bir yerində layiqincə təmsil edəcəklər"


Gənclər və idman naziri Azad Rəhimov da çıxışında yeni ofisin açılışı münasibətilə YAP Gənclər Birliyinin üzvlərini böyük fərəh hissilə təbrik edib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyini ölkə gənclərinin böyük sevinclə qeyd etdiyini vurğulayıb: "Hamımız bir yerdə gözəl bir günü, anı yaşayırıq. İnanırıq ki, bu ofisdə gözəl, ölkəmizə səmərə verəcək layihələr həyata keçiriləcək. Bura gənclərin daimi məkanına çevriləcək. Onlar yeni-yeni ideyalarla, təkliflərlə çıxış edəcəklər. Biz də onları daim dəstəkləmişik və dəstəkləyirik".

YAP Gənclər Birliyinin həm də siyasi təşkilat olduğunu nəzər çatdıran Azad Rəhimov qeyd edib ki, Azərbaycanda 200-dən artıq gənclər təşkilatının fəaliyyət göstərməsinə rəğmən, məhz bu təşkilat YAP Gənclər Birliyi olaraq, bir liderlik məktəbidir: "Bizim ölkəmiz gənc bir ölkədir, 66 faizi 35 yaşına qədər olan insanlardır, 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı siyasi bir təşkilatdır. Bu, ilk öncə liderlik məktəbidir. Buraya toplaşan gənclərin işi siyasətlə bağlıdır, ictimai işlə bağlıdır və sözsüz ki, biz də nazirlik olaraq bunu dəstəkləyirik. İnanıram ki, gənclər üçrəngli müqəddəs bayrağımızı, Ulu Öndər Heydər Əliyev adını, azərbaycançılığı dünyanın hər bir yerində layiqincə təmsil edəcəklər".


Elnur Aslanov: " YAP Gənclər Birliyi Azərbaycan gənclər siyasətinin aparıcı qüvvəsidir"


Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da YAP Gənclər Birliyinin yeni ofisinin açılışı münasibətilə gəncləri təbrik edib. Elnur Aslanov bildirib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həmişə Azərbaycan siyasətində öz sözünü deyib və bu gün də bu birlik Azərbaycan gənclər hərəkatının önündədir: "YAP Gənclər Birliyi həm sayına, həm də keyfiyyətinə görə daim irəlidədir. Gənclər Birliyi Azərbaycan gənclər siyasətinin aparıcı qüvvəsidir".

Elnur Aslanov bir mühüm nüansa da toxunaraq, bildirmişdir ki, hazırda YAP Gənclər Birliyinin tərkibindən bir çox tanınmış rəhbər şəxslər çıxmış, onlar bu gün də ölkə quruculuğunda öz dəyərli töhfələrini verməkdədirlər: "Bu gün gənclərin formalaşmasını stimullaşdıran, istedadlı gəncləri ortaya çıxaran, müxtəlif sahələrə onları yönəldən rəhbər şəxslərin bir çoxu bu təşkilatın "şinel"indən çıxmış insanlardır. Gənclər Birliyinə uğurlar, mübariz, aktiv olmağı diləyirəm. Onlar Azərbaycanın haqq səsinin beynəlxalq arenada çatdırılmasında daha da fəal olaraq öz fəaliyyətlərini ortaya qoyacaqlar".

Daha sonra açılış mərasimində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin internet saytının təqdimatı olub. YAP Gənclər Birliyinin sədri Seymur Orucov sayt haqqında geniş məlumat verərək, onun əhəmiyyəti barədə danışıb. O, həmçinin, qeyd edib ki, YAP Gənclər Birliyi hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə yanaşı, Onun ətrafında daha sıx birləşərək, uğurlu fəaliyyətini davamlı şəkildə quracaq.

Açılış mərasimi iştirakçıları, həmçinin, YAP Gənclər Birliyinin yeni ofisinin iş şəraiti və müasir imkanları ilə tanış olublar.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər