PDF Oxu

Əsas

  • 20

Heydər Əliyev: “Mən Ona özüm qədər inanıram”

Heydər Əliyev: “Mən Ona özüm qədər inanıram”

"İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət İlham Əliyev fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik dəyərlərə söykənən möhtərəm Prezidentimiz qısa zaman kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs verdi. Keçən illər ərzində yüz minlərlə yeni iş yerinin açılması, əlverişli biznes mühitinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki qloballaşma şəraitində dilimizin, dinimizin, adət-ənənələrimizin, bütövlükdə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər olunması ilə bağlı görülən işlər, o sıradan tarixi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin həyata vəsiqə alması, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinə start verilməsi dövlət başçısının fəaliyyətinin ana xəttini təşkil etmişdir. Dünyanın dərin iqtisadi böhranla üz-üzə dayandığı indiki şəraitdə Azərbaycanda ümumi daxili məhsulun artımı məhz görülən işlərin, çəkilən zəhmətin, ölçülüb-biçilmiş, düzgün iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. İndi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm qoymuşdur ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır. Təsadüfi deyil ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan hazırda onun enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməkdədir. Bu gün, sözün əsil mənasında, Azərbaycan dünyaya yenidən təqdim olunur.

Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır. Hazırda Azərbaycan təhsili maddi-texniki bazanın gücləndirilməsi baxımından özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. "İqtisadiyyatda, mədəniyyətdə, elmdə, həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir", - deyən Ulu Öndər Azərbaycanın gələcəyinin təhsilin vəziyyətindən çox asılı olduğunu dönə-dönə vurğulamışdır.

Biliklər əsri olan XXI əsrdə inteqrasiya və qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yolu elmdən və təhsildən keçir ki, onun da konturları, bu sahə ilə bağlı strateji hədəflər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəqiqliklə müəyyənləşdirilmişdir: "Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik".

Şübhəsiz ki, keçən dövr ərzində təkcə təhsillə bağlı on altı Dövlət Proqramının təsdiq edilməsi, onlarca fərman və sərəncamın imzalanması intellekt dünyasında bu sahəyə olan diqqət və qayğının təzahürüdür.

Təsdiq edilmiş proqramlardan bir neçəsi üzərində ayrıca dayanmaq, onların təhsilimiz üçün, xalqımız üçün nə demək olduğunun mahiyyətinə varmaq, əlbəttə, yerinə düşərdi. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, öz inkişaf səviyyəsi və həyat tərzinə görə informasiya cəmiyyətinin şərtlərinə cavab verən yeni nəslin yetişdirilməsi, ilk növbədə, ümumtəhsil sisteminin informatlaşdırılmasından keçir. Artıq respublikamızda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və ondan istifadə dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə təhsillə bağlı olan 21 avqust 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" bu siyasətin əyani göstəricisidir.

Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı adi bir iş deyil, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə, bütövlükdə, qlobal informasiya məkanına inteqrasiya olunması deməkdir. Məktəblərin İKT ilə təminatının əhəmiyyəti barədə ölkə Prezidenti demişdir: "İndi kompyuterləşmə proqramı həyata keçirilir. Bütün məktəblərdə kompyuter sinifləri yaradılacaqdır və əminəm ki, təhsil sahəsində ciddi irəliləyiş olacaqdır. Qarşıya belə bir vəzifə qoyulubdur ki, bütün məktəblərdə kompyuter sinifləri yaradılsın və uşaqlar bilavasitə internetə çıxış əldə etsinlər, dünyada gedən proseslərlə tanış olsunlar. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini aparır və dünyada gedən bütün hadisələr, yeniliklər, yaranan yeni texnologiyalar - bunların hamısı internet, kompyuter vasitəsilə bizim uşaqlarımızın ixtiyarında olmalıdır".

Başlanmış işlərin davam etdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" hazırlanmış və Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda təhsil sisteminin bütün pillələrinin şəbəkə infrastrukturunun inkişafı və sürətli internetlə təmin olunması; təhsil sisteminin bütün pillələrində İKT-nin inteqrasiyasını təmin etmək üçün metodiki, texniki və digər növ xidmətləri göstərmək məqsədilə məlumat və resurs mərkəzləri şəbəkəsinin yaradılması, innovativ və yaradıcı müəllimlər üçün qiymətləndirmə və motivasiya sisteminin təşkili, məktəbəqədər, texniki-peşə və orta ixtisas təhsil müəssisələrinin müasir İKT ilə təmin olunması, habelə, təhsildə innovasiyaları dəstəkləmək və gücləndirmək məqsədilə "elektron məktəb" pilot layihələrinin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.

Bircə misal gətirmək istərdik: klassik kitabxana sistemində lazımi ədəbiyyatı tapmaq üçün saatlarla vaxt itirilir, bəzən kitabın axtarışına sərf olunan vaxt onun oxunmasına sərf olunan vaxtdan çox olurdu.

Əminliklə demək olar ki, informasiya texnologiyalarının tətbiqi və inkişafı zaman-zaman bu problemlərin aradan qaldırılmasına səbəb olacaq, hər bir təhsil ocağında tədris prosesi kompüter texnologiyası üzərində qurulacaq, internet-məktəb, məsafədən təhsil günümüzün reallığına çevriləcək, milli təhsil sistemində öz layiqli yerini tutacaqdır. Buna Azərbaycanımızın sürətli iqtisadi inkişafı, gücü və qüdrəti tam imkan verir.

Ölkəmizdə kosmik sənayenin inkişafı məqsədilə süni telekommunikasiya peykinin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma işlərinin görülməsi onu göstərir ki, yaxın gələcəkdə Azərbaycan İKT sahəsində regionun aparıcı dövlətinə çevriləcəkdir. Dövlət başçısı tərəfindən təsdiq edilmiş təhsillə bağlı proqramlar sırasında "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)" xüsusi yeri vardır.

İctimai tərəqqinin təmin olunmasının milli intellektual potensialdan nə dərəcədə səmərəli istifadə olunması ilə üzvi surətdə bağlı olduğunu nəzərə alsaq, məqsədi respublikanın ümumtəhsil məktəblərində mövcud istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər hayata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarət olan bu proqramın indiki müstəqillik şəraitində hansı əhəmiyyət kəsb etdiyini, şübhəsiz ki, təsəvvür etmək çətin deyil. Proqramda istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının optimal yollarının müəyyənləşdirilməsi, respublikanın hər bir bölgəsində istedadlı uşaq və gənclər üçün yeni tipli təhsil müəssisələrinin açılmasına nail olunması, hazırda fəaliyyət göstərən yeni tipli təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi kimi konkret vəzifələr öz əksini tapmışdır.

İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsinin təməl daşı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hələ ötən əsrin 70-ci illərindən etibarən bu iş diqqət mərkəzində olmuşdur. "Təhsil millətin gələcəyidir", "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır", "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir" deyən Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə respublikamızdan kənarda - o zamankı SSRİ-nin qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlərində təhsil alan azərbaycanlı balaların sayı 1247 nəfərə çatdırılmışdı. Həmin azərbaycanlılar ki, bu gün onlar Azərbaycan dövlətinin və dövlətçiliyinin yükünü öz çiyinlərində daşıyırlar.

Bu gün ölkələrin inkişaf səviyyəsi təbii resurslar və istehsaldan daha çox insan kapitalından - elmi, intellektual sərvətlərdən asılıdır. Dünya Bankının apardığı tədqiqatların son nəticələrinə görə, ABŞ-da milli sərvətin 76 faizini insan kapitalı, 19 faizini istehsal, yalnız 5 faizini təbii resurslar təşkil edir. Avropada da təqribən eyni mənzərədir: insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar 2 faiz. Bütün bunlar onu göstərir ki, təhsil cəmiyyətin inkişafının təməl daşıdır. İntellektual potensialın reallaşdırılması, mütəxəssislərin, peşəkar kadrların yetişdirilməsi məhz təhsildən keçir. Son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək üçün yeni tipli tədris müəssisələri şəbəkəsinin xeyli genişləndirilməsi, lisey və gimnaziyalarda təlimin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni tədris planlarının və proqramlarının hazırlanaraq tətbiq edilməyə başlanılması bilavasitə möhtərəm Prezidentimizin müvafiq Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır.

Möhtərəm Prezidentimizin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi ilə təhsil sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi üçün əlverişli şərait yaranmışdır. Heç şübhəsiz ki, bu tarixi sənəd yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasında həlledici rol oynayacaqdır. Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin ümumi sayının 5000 nəfərə çatdırılması nəzərdə tutulmuşdur ki, bu da ölkəmizin nadir ixtisas sahibi olan kadrlarla təminatında tarixi hadisə olacaqdır. Bu ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, İsveç kimi inkişaf etmiş ölkələr üstünlük təşkil edir. Hazırda xarici ölkələrdə müxtəlif təhsil pillələri üzrə dövlət hesabına 1000-dən çox azərbaycanlı gənc təhsil alır.

Azərbaycanlı tələbələrin xaricdə - dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil ocaqlarında təhsil almağa göndərilməsi, onların yeni, müasir texnologiyalara yiyələnməsi "qara qızıl"ın "insan kapitalına" çevrilməsi prosesinin əsas tərkib hissəsidir, Azərbaycanın sabahına - gələcəyimizə yönəldilmiş sərmayədir, sabahımıza bu gündən olan təminatdır. Bəli, möhtərəm Prezidentimizin təhsilin inkişafına göstərdiyi sərhədsiz və misilsiz xidmətlərin mərkəzində məhz işıqlı sabah, xoşbəxt gələcək dayanır.

"Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatan olması, kadr təminatının yaxşılaşdırılması, bütövlükdə, məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi istiqamətində də xeyli işlər görülmüş, dünya təcrübəsinə uyğun olaraq, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi nəzərdə tutulmuşdur.

Ali təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması, bu təhsil pilləsinin inkişafı üçün lazımi şəraitin yaradılması, ölkənin ali təhsilinin Avropa ali təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prinsiplərinə uyğunlaşdırılması, bütövlükdə, səmərəli ali təhsil sisteminin yaradılması baxımından dövlət başçısının "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli Sərəncamı tarixi önəm daşıyır. Bu Sərəncamla, sözün əsil mənasında, təhsilin ali pilləsinə yeni nəfəs verildi, indiki yeni dövrdə rəqabət qabiliyyətli ali təhsil sisteminin yaradılmasının əsası qoyuldu.

Azərbaycanda həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi çox mühüm tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri qısa müddət ərzində, həm də poliqrafik cəhətdən müasir tələblərə cavab verən bir biçimdə latın qrafikalı yeni əlifba ilə nəşr edilərək, ölkə kitabxanalarına, o sıradan məktəb kitabxanalarına verildi. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, şagirdlərin dərsliklərlə, məktəblərin bədii ədəbiyyatla pulsuz təmin edilməsi məsələsini tamamilə həll etmişdir. Həmin siyasət bu gün də uğurla davam etdirilir. Dövlət başçısının tapşırığı və xüsusi Sərəncamı ilə 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına başlanılması da xalqımızın tarixində böyük bir hadisədir. Hazırda onun, bütövlükdə, Azərbaycan Respublikasına həsr olunmuş "Azərbaycan" adlanan cildi işıq üzü görmüş və geniş oxucu kütləsinə təqdim edilmişdir.

Respublikamızda məktəb tikintisi sahəsində görülən işlər dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər. Təkcə son bir neçə il ərzində istər büdcə vəsaiti hesabına, istərsə də Heydər Əliyev Fondu xətti ilə respublikamızda 1600-dən çox yeni məktəb binası və korpuslar tikilmiş, mövcud məktəblər əsaslı təmir olunmuş, ümumilikdə, 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Hazırda təlim-tərbiyə müəssisələrinin, xüsusilə, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bakı şəhərinin 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi, yüzlərlə tədbirin paytaxtımızda keçirilməsi, həmçinin, "VI Beynəlxalq Elm Olimpiadası"nın məhz Bakı şəhərində baş tutması Prezident İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə göstərdiyi sonsuz diqqət və qayğının sayəsində mümkün olmuşdur. Fondun fəaliyyət coğrafiyasını daha da genişləndirərək, hətta ölkə hüdudlarından kənarda müasir təlim-tərbiyə müəssisələri inşa etməsi, Azərbaycan gerçəklikləri ilə bağlı çoxsaylı tədbir və proqramlar həyata keçirməsi hər bir azərbaycanlıda qürur hissi doğurur.

Azərbaycanın təhsil sektorunda islahatın əsas məqsədi məktəbəqədər, orta ümumtəhsil, orta peşə-ixtisas, ali, ali təhsildən sonrakı təhsil pillələrində toplanmış potensialı inkişaf etdirərək, təhsil sistemini tənzimləyən yeni normativ-hüquqi baza yaratmaq, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasəti həyata keçirməkdən ibarətdir ki, bu istiqamətdə də işlər uğurla davam etdirilir.

Təhsil sahəsindəki mövcud problemlərin əksəriyyəti, bilavasitə, təlim prosesi ilə bağlıdır. Odur ki, indi qarşımızda duran başlıca vəzifə daha əzmlə çalışmaqdan, əməli işimizlə Prezidentimizə dəstək olmaqdan ibarətdir.

Bütün digər sahələrlə bərabər, təhsildəki uğurların da təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası dayanır. O strategiya ki, bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən qətiyyətlə inkişaf etdirilir. Artıq Azərbaycan təkcə qara qızıl akademiyası deyil, həm də təbii qaz yataqlarının kəşf edilib Avropa və dünya bazarlarına çıxmasında həlledici söz sahibinə malikdir. Ulu Öndər Heydər Əliyevin ideyalarını çağdaş formada və çevikliklə həyata keçirən Möhtərəm Prezident İlham Əliyevin daha firavan gələcəyə hesablanmış hərtərəfli strategiyası, sözsüz ki, ölkəmizi dünyanın ən öncül və qüdrətli dövlətinə çevirəcəkdir.


Məmməd Əliyev,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Digər xəbərlər