PDF Oxu

Əsas

  • 11

Yeni Azərbaycan Partiyası növbəti ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyası növbəti ağacəkmə aksiyası keçirib

Dünən Yeni Azərbaycan Partiyasının və Bakının Nərimanov rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət İqtisad Universitetinin Nərimanov rayonundakı filialının arxasında reallaşan növbəti ağacəkmə aksiyası da bu məqsədə xidmət edən tədbirlər sırasındandır. Keçirilən aksiyada YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak edib.

Ulu Öndər Heydər Əliyev ekoloji problemlərin həllinə ciddi yanaşıb və bu istiqamətdə əsaslı təməllər qoyub. Bu gün ölkə Prezidenti İlham Əliyev bu sahənin daha da təkmilləşdirilməsi üçün əhəmiyyətli işlər görməkdədir. Buna misal kimi, 2010-cu ilin "Ekologiya ili" kimi elan etməsi bu mühüm tədbirlər planının mərhələli reallıqlarından biridir. Ulu Öndər Heydər Əliyevin "Təbiəti qorumaq bizim müqəddəs vəzifəmizdir" tezisini davamı olaraq Prezident İlham Əliyev demişdir: "Ekoloji vəziyyətin yaxşılaşdırılması ölkəmizin uğurlu inkişafı və əhalinin sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyır".


Əli Əhmədov: "İlham Əliyevin Prezidentlik etdiyi 8 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib"


Yeni Azərbaycan Partiyası ilə Nərimanov rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında jurnalistlərə açıqlama verən YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, YAP ənənəvi olaraq, belə yaşıllaşdırma aksiyaları keçirib: "Hesab edirəm ki, bu, dövlət başçısı İlham Əliyevin respublikamızın abadlaşdırılması, yaşıllaşdırılması işinə partiyanın göstərdiyi dəstəklərdən biridir. Bugünkü kampaniya çərçivəsində 2012 ağacın əkilməsi nəzərdə tutulub. Bu, simvolik bir rəqəmdir. Aksiya bundan sonra da davam etdiriləcək. Düşünürəm ki, yaxın zamanlarda Bakının bu guşəsi yaşıl zolağa çevriləcək. Beləliklə, şəhərimizin gözəlləşməsinə, abadlaşmasına, ekologiyasının daha da yaxışılaşmasına bir töhfə vermiş oluruq. Bu partiyanın çağırışı ilə olan bir aksiyadır. Partiya fəalları kampaniyada fəal iştirak edir. Bir neçə il keçəcək, əkilən ağaclar böyüyəcək, bura yaşıllıq zonasına çevriləcək. Ətraf mühitin mühafizəsi yüksək səviyyədə təmin ediləcək. Yaşıllıqların genişləndirilməsi ilə havanın sağlamlaşdırılmasına nail olacağıq. YAP bununla, eyni zamanda, abadlığa və quruculuğa önəm verən bir siyasi təşkilat olduğunu təsdiqləyir."

Əli Əhmədov 2011-ci ilin uğurlarından da danışdı. Bildirdi ki, Azərbaycanın nailiyyətləri, uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin fəaliyyəti, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlıdır: "Bu gün Azərbaycanda hər bir vətəndaş birmənalı şəkildə dərk edir ki, Azərbaycanın nailiyyətləri, uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin fəaliyyəti, Onun həyata keçirdiyi siyasətlə bağlıdır".

Əli Əhmədov bu ilin ən mühüm uğurlarından danışaraq, onu da vurğuladı ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Eurovision-2011" müsabiqəsində qalib olması Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz ifadəsi kimi qeyd olunmalıdır: "Bu mahnı müsabiqəsi əlli ildən artıqdır ki, keçirilir. Bu müddət ərzində elə ölkələr var ki, müsabiqədə dəfələrlə iştirak etsələr də, amma qalib gələ bilməyiblər. Azərbaycan isə cəmi 4 dəfə iştirak edib, sonuncu dəfə birinciliyi əldə edib. Əvvəlki müsabiqələrdə də ölkəmiz əhəmiyyətli yerləri qazanıb. Bu, onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edib. İnkişaf edən yalnız Azərbaycanın iqtisadiyyatı deyil. Bütövlükdə, Azərbaycan cəmiyyəti inkişaf edir. Azərbaycan dövlətinin qüdrəti artır və beynəlxalq aləmdə yeri və rolu möhkəmlənir. Bütün bunlar ölkəmizin uğurlarıdır. Düşünürəm ki, 2011-ci il ölkəmizin qarşıdakı illərdə inkişafı üçün yaradılan fundamentin möhkəmlənirilməsi baxımından əhəmiyyətli bir mərhələ kimi qeyd edilə bilər. Bu kontekstdən baxanda, əlbəttə, 2011-ci ilə çox ciddi, optimist hisslərlə nəzər salırıq. 2011-ci ildə əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyinə əminəm. Azərbaycan dövləti daha da qüdrətlənəcək, əhalinin sosial rifah halı daha da yaxşılaşacaq. 2012-ci ildə yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində daha ciddi, qətiyyətli və əhəmiyyətli nəticələri olacaq addımlar atılacaq."


Siyavuş Novruzov: "Hər bir insan bacardığı qədər ağac əkmək, su çəkmək və digər bu kimi işlərdə fəallıq göstərməlidir"


YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd etdi ki, yaşıllaşdırma aksiyası partiyanın daim diqqətindədir: "Hər bir insan bacardığı qədər ağac əkmək, su çəkmək və digər bu kimi işlərdə fəallıq göstərməlidir. Yeni Azərbaycan Partiyası da mövsümə uyğun olaraq ağacəkmə kampaniyası keçirir, bu iş mütəmadi olaraq davam edir. Bəzi siyasi çevrələr isə xeyirli deyil, ziyanlı işlərlə məşğuldurlar".

Siyavuş Novruzov onu da vurğuladı ki, YAP-ın ağacəkmə kampaniyaları keçirməsi fonunda özünü "müxalifətçi" adlandıran bəzi şəxslər əkilən ağacları qırmaq, vətəndaşların mülkiyyətlərinə ziyan vurmaq, pəncərələrini qırmaq kimi ziyanlı işlərlə məşğul olur: "Onların keçirdiyi aksiyalar zamanı görürük ki, aksiyaların sonu ziyanla başa gəlir. Belələri bu və digər gəncləri öyrətmək, yoldan çıxarmaqla onları cinayətə sövq edirlər, vətəndaşların mülkiyyətinə və şəxsiyyətinə ziyan vurmağa, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya səsləyirlər. Yaxşı olardı ki, onlar da ziyanlı işləri görməkdənsə, ciddi, vacib, xalqın maraqlarına söykənən işlərlə məşğul olsunlar".

YAP İcra katibinin müavini Siyavuş Novruzov 2011-ci ilin uğurlarından da bəhs edərək, bildirdi ki, ölkəmiz bu il bütün sahələrdə əhəmiyyətli uğurlara imza atıb: "Onlar arasında ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Evrovison-2011" Mahnı Müsabiqəsində qalib gələrək, gələn il bu yarışmaya ev sahibliyi statusunu qazanmasıdır. Bu da Azərbaycanın inkişafına, həyata keçirilən islahatlara verilən qiymətdir. Ən başlıcası Azərbaycanın xarici siyasətinin, diplomatiyasının təntənəsidir. Azərbaycanın qüdrəti günbəgün artır, demokratiya yolunda inamla irəliləyir".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər