Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiya sıralarına yeni daxil olan bir qrup mədəniyyət nümayəndəsinə üzvlük vəsiqəsinin təqdim olunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın qərargahının yeni üzvlər olan mədəniyyət nümayəndələri üçün çox doğma bir yer olduğunu bildirdi: "Düşünürəm ki, bu sözləri demək üçün kifayət qədər əsaslar var. Sizin hər biriniz Ulu Öndər Heydər Əliyev, ölkə Prezidenti İlham Əliyev haqqında böyük təbliğat kampaniyasının ən fəal iştirakçıları olmusunuz. Hesab edirəm ki, siz hər biriniz çoxdan YAP-ın üzvüsünüz, bu gün isə sadəcə bu üzvlüyü rəsmiləşdirirsiniz. Hər zaman partiyanın aktiv üzvləri kimi fəaliyyət göstərmisiniz və YAP-ın ideyalarının təbliğində iştirak etmisiniz. Sizlər cəmiyyətin seçilmiş insanlarısınız, çoxlu pərəstişkarlarınız, sizi sevənlər var. Bu mənada düşünürəm ki, seçiminiz həm də həmin insanların seçimidir".
Əli Əhmədov onu da vurğuladı ki, son 20 ildə Azərbaycan böyük uğurlara imza atıb, yeniləşib: "Dəyişən yalnız Azərbaycanın iqtisadiyyatı deyil, bütövlükdə, Azərbaycanın həyatı dəyişib. Bu dəyişikliklər hər birimizin həyatında özünü nümayiş etdirir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın durumu hər birimizin yaddaşındadır. O zaman Azərbaycanın mədəniyyətinin, incəsənətinin, bu sahədə çalışan insanların həyatının hansı vəziyyətdə olduğunu da xatırlayırıq. Yaradıcı insanlar öz potensiallarını nəinki nümayiş etdirə bilmirdilər, hətta onlar həyatlarını qurmaqdan ötrü Azərbaycandan kənara çıxmağa möhtac idilər. O zaman nə qədər ziyalı insanlar Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. Düşünürəm ki, bunlar Azərbaycanın o zamankı vəziyyətinin hansı səviyyədə olması barədə aydın təsəvvür yaradır. Bu gün isə Azərbaycanda yaradıcı insanlara fəaliyyətlərini yüksək səviyyədə qurmaları üçün hər cür şərait yaradılıb. Azərbaycanın ötən bu illər ərzində inkişafı yalnız iqtisadiyyatının yüksəlməsində özünü göstərmir. Digər sahələrdə də böyük uğurlar əldə olunub. İnsanların sosial rifah halı günbəgün yaxşılaşır. Dövlət başçısı İlham Əliyev bildirir ki, iqtisadi göstəricilər insanların gündəlik həyatında özünü göstərməlidir. Həyata keçirilən iqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır. Azərbaycanda sabitlik mövcuddur. Bu sabitlik ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İnsanların sərbəst yaşayışı üçün lazım olan şərait yaradılıb. Sərbəst yaşayış ona görə insanı məmnun edir ki, həyatının keyfiyyəti təmin olunub. Bütün bunların hamısı ölkədə həyata keçirilən siyasətin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın siması dəyişib. Bu gün paytaxt və bölgələrimiz arasında fərqin müəyyən mənada aradan qaldırılması uğurlu siyasətin ifadəsidir."
YAP Sədrinin müavini söylədi ki, Azərbaycanı dünya dövlətləri ilə müqayisə etdikdə, müasir ölkə olduğunun şahidi oluruq: "Dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışan Azərbaycan dövləti daim yeniliyin ölkəmizin həyatında öz əksini tapmasına çalışır. Ötən hər il əvvəlki ildən daha uğurlu, möhtəşəm olur. 2011-ci ili mühüm uğurlarla başa vurduq. Azərbaycanın sosial-iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlar yüksək dəyərləndirilir. İnsanların sosial rifah halının yaxşılaşdırılmasına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Bu uğurların 2012-ci ildə də davamlı olacağına əminik. Azərbaycan daha böyük uğurlara imza atacaq. Bu əminliyi yaradan, sözsüz ki, düzgün qurulan siyasətdir. Həyatımız inkişaf etməkdə davam edir. Ölkədə yaradılan sabitliyin, əmin-amanlığın bir səbəbi həyata keçirilən siyasətdirsə, digər səbəbi Azərbaycan vətəndaşlarının bugünkü reallığa, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyidir".
"Ölkəmizdə sabitliyi pozmaq üçün istər xaricdən, istərsə də daxildən nə qədər cəhdlər olub. Lakin onlar bu istəklərinə nail ola bilməyiblər" sözlərini söyləyən Əli Əhmədov vurğuladı ki, çünki Azərbaycan dövləti kifayət qədər güclü və qüdrətlidir, insanların rahat həyatını qorumağa qadirdir. Digər amil isə insanların bu sabitliyi qiymətləndirməsidir.
Partiyanın sıralarının günbəgün genişləndiyini deyən YAP Sədrinin müavini hazırda partiyanın üzvlərinin sayının 560 mindən çox olduğunu söylədi: "Güman edirəm ki, yaxın zamanlarda 600 min üzvün birləşdiyinin şahidi olacağıq. Bu, böyük rəqəmdir. Amma bu, sadəcə, bir statistika deyil. Bu, yarım milyondan çox insanın öz siyasi taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya qətiyyətlə bağlaması deməkdir. O insanlar qəti şəkildə Prezidentin həyata keçirdiyi siyasətin tərəfdarı olduğunu bildirirlər. Ona görə də biz partiyanın üzvlərinin sayının çox olduğunu qeyd edəndə, sadəcə, statistikanı nəzərə çatdırmaq istəmirik. Bu statistikadan daha çox önəm daşıyan inamdır, prosesin dəstəklənməsidir, cərəyan edən hadisələrin içində olmaq istəyidir. Bu mənada, çox hörmətli mədəniyyət xadimlərinin üzvlük vəsiqələrini almaq üçün YAP-ın qərargahında olmalarını yüksək qiymətləndirirəm. Əminik ki, vəsiqələrinizi aldıqdan sonra partiya ilə əməkdaşlığınız, əlaqələriniz daha da möhkəmlənəcək. Bu gün partiyanın həyatında əlamətdar hadisədir. Bu, sadəcə, bir qrup insanın partiyaya daxil olması kimi qiymətləndirilmir. Bu, nüfuzlu, dəyərli insanların partiya sıralarında birləşməsidir. Siz öz hörmətinizlə partiyanın artan nüfuzunu daha da artıracaqsınız. Partiyanın üzvü olmağınızdan qürur duyuruq. Partiyamızın sıralarının kəmiyyət, eyni zamanda, keyfiyyət baxımından daha da möhkəmlənməsi qürurverici hadisədir. 2012-ci ilə uğurlu addımla başlayırsınız. Uğurlu başlanğıc nailiyyətlərin davamlılığı üçün stimuldur."
Əli Əhmədov, həmçinin, Yeni Azərbaycan Partiyasına yeni üzv olunan sənətçilərə 2012-ci ildə yeni-yeni yaradıcılıq uğurları arzuladı: "Sizin hər birinizin yaradıcılıq uğurları bundan sonra həm də YAP-ın uğurları sırasına yazılacaq."
Sonra YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov partiyaya üzv olan sənətçilərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini və Prezident İlham Əliyevə həsr edilmiş kitabı təqdim etdi.
Partiyanın yeni üzvləri bu addımlarından qürur hissi keçirdiklərini bildirərək, üzərlərinə düşən məsuliyyəti daha yüksək səviyyədə yerinə yetirəcəklərini bildirdilər.
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iştirak etdi.
- Bu gün mənim üçün çox əlamətdar bir gündür. Bu gün rəsmən Yeni Azərbaycan Partiyasının sıralarına daxil oluram. Amma hər zaman özümü qəlbən Yeni Azərbaycan Partiyasının sıralarında hiss etmişəm. Səbəb budur ki, partiyanın həyata keçirdiyi siyasətin məqsəd və məramını dəstəkləyirəm. Ən əsası odur ki, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini göz önünə gətirəndə, onun yaratdığı partiyanın sıralarında təmsil olunmağın böyük şərəf olduğu şübhəsizdir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə gördüyü işlərdən hələ gənc vaxtlarımda böyük fərəh hissi keçirirdim. Ulu Öndər Sovetlər Birliyi dövründə iqtisadi baxımdan geridə qalan Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gördüyü işlər məhz hakimiyyətinin birinci dövründə Azərbaycanın bu günü üçün həyata keçirdiyi tədbirlərin davamı idi. Azərbaycanı güclü, qüdrətli dövlətə çevirmək Ulu Öndər Heydər Əliyevin əsas məqsədi, amalı olub. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük şərəfli yol keçmiş, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında gördüyü işlərlə nüfuzunu günbəgün artırır. Bu partiyanın sıralarında olmaqdan qürur duyuram.
Xalq artisti Zülfiyyə Xanbabayeva: "Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq mənim üçün şərəfdir"
- Bu gün mənim həyatımda, fəaliyyətimdə ən uğurlu, xoş günlərdən biridir. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq mənim üçün şərəfdir. Özümü hər zaman bu partiyanın sırasında hiss etmişəm. Amma bu gün rəsmi olaraq partiyanın üzvlük vəsiqəsinə sahib oluram. Bu mühüm addım, sözsüz ki, məsuliyyətimizi birə-on qat artırır. Partiyaya yeni daxil olan həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram.
Əməkdar artist Elza Qasımova: "Bu gün Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini almaqla üzərimə daha böyük məsuliyyətin düşdüyünü düşünürəm"
- Daim Yeni Azərbaycan Partiyası ilə birgə addımlamışıq. Biz incəsənət nümayəndələrinin üzərinə düşən əsas vəzifə mədəniyyətimizi, incəsənətimizi dünyada layiqincə təmsil etməkdir. Bu vəzifəni daim yüksək səviyyədə yerinə yetirməyə çalışmışam. Həyata keçirilən siyasətə dəstəyimizi öz fəaliyyətimizlə təsdiqləyirik. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini almaqla üzərimə daha böyük məsuliyyətin düşdüyünü düşünürəm. Birgə səylərimiz nəticəsində müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə öz töhfəmizi verə bilərik.
Əməkdar artist Lalə Məmmədova: "Yeni Azərbaycan Partiyasından güclü, xalqın dəstəyini və inamını qazanan partiya görmürəm"
- Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyirəm. Demokratiya yolunu seçən Azərbaycanımızda xeyli sayda partiyaların fəaliyyət göstərməsi fonunda Yeni Azərbaycan Partiyasından güclü, xalqın dəstəyini və inamını qazanan partiya görmürəm. YAP hər zaman siyasətində dövlətin, xalqın gələcəyini düşünmüş, bu yolda böyük uğurlar qazanmışdır.
Bu gün YAP-ın sıralarında təmsil olunmağımdan qürur hissi keçirirəm. Düşünürəm ki, intellektual səviyyəsi, dünyagörüşü, sağlam düşüncəsi olan hər bir insan özünü bu partiyanın sıralarında görür, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməkdən məmnunluq duyur. Mən də bu yolu seçməyimlə fəxr edirəm.
Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti, Prezident təqaüdçüsü Eteri Cəfərova: "Bu etimadı fəaliyyətimizlə doğrultmağa çalışacağıq"
- Bu gün mənim üçün çox əlamətdardır. YAP-ın üzvü olmaqdan fərəh duyuram. Bu etimadı fəaliyyətimizlə doğrultmağa çalışacağıq.
Əməkdar artist Cavanşir Məmmədov: "Hər kəs üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirsə, ölkəmizin daha da inkişafına, tərəqqisinə töhfə vermiş olar"
- YAP-ın dövlətimizə, xalqımıza xidmətləri hər birimizə məlumdur. Onların davamlılığını təmin etmək üçün birgə səylər göstərməli, birgə çalışmalıyıq. Hər kəs üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirsə, ölkəmizin daha da inkişafına, tərəqqisinə töhfə vermiş olar.
Müğənni Samirə Allahverdi: "Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın üzvü olmağımızdan şərəf duyuruq
- Bu gün Yeni Azərbaycan Partiyasının ofisində bizə təqdim olunan ölkənin lider və aparıcı partiyasının üzvü olmağımla qürur duyuram. Çünki bu partiya Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı və ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi partiyadır.
Aktyor Elməddin Cəfərov: "YAP sıralarına bu gün rəsmən qatılsam da, özümü hər zaman təşkilatın üzvü hiss etmişəm"
- Bildiyiniz kimi, sənət adamları bitərəf olurlar. Onlar siyasətlə məşğul olmaqdan uzaq olmağa çalışırlar. Amma nəzərə alsaq ki, mədəniyyətin özü də bir növ siyasətdir, Azərbaycan reallıqlarının təbliğində biz sənət adamlarının da üzərinə böyük məsuliyyət düşür. Təbii ki, biz də mövqeyimizi bir vətəndaş olaraq ortaya qoymalıyıq. YAP sıralarına bu gün rəsmən qatılsam da, özümü hər zaman təşkilatın üzvü hiss etmişəm. Bir gənc olaraq partiyanın gənc nəslə diqqət və qayğısını alqışlayıram. Partiyanın sıralarında gənclərin böyük çoxluq təşkil etməsi də, bu diqqətdən qaynaqlanır. Eyni zamanda, gənclər öz potensiallarından səmərəli istifadə etmək üçün onlara yaradılan şəraitdən məmnundular. Gənclərimizi fəal olmağa, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşməyə çağırıram. Öz fəaliyyətimlə üzərimə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışacağam.
Modelyer Gülnarə İbadova: "YAP-a üzv olmaq böyük məsuliyyətdir"
- YAP-a üzv olmaq böyük məsuliyyətdir. Biz işimizlə, fəaliyyətimizlə bu məsuliyyəti yüksək səviyyədə yerinə yetirəcəyik.
Müğənni Yaşar Yusifov: "YAP-ın üzvü olmaqdan yalnız və yalnız qürur duymaq olar"
- YAP-ın üzvü olmaqdan yalnız və yalnız qürur duymaq olar.
Rəssam Xəzər Nəbiyev: "Ölkənin ictimai-siyasi həyatında aparıcı partiya olan Yeni Azərbaycan Partiyasının üzvü olmağımla fəxr edirəm"
- Gənc rəssam kimi Azərbaycanı beynəlxalq aləmdə təmsil etməyimlə və ölkənin ictimai-siyasi həyatında aparıcı partiya olan Yeni Azərbaycan Partiyasının üzvü olmağımla fəxr edirəm. Həmkarlarımı uğurlu addımları münasibətilə təbrik edirəm.
Sonda YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasına yeni üzv olan sənətçilərlə birlikdə xatirə şəkli çəkdirdilər.
RƏFİQƏ KAMALQIZI