Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin "Azərbaycanın epiqrafik abidələri" toplusunun beşinci və altıncı cildlərinin təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, tanımış elm adamlarının iştirakı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov tanınmış alim M.Nemətin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışmışdır.
Bildirmişdir ki, M.Nemət bu əsərlərdə qədim "İpək yolu" üzərində mövcud memarlıq abidələrini araşdırmış, ölkəmizin müxtəlif bölgələrində tarixi abidələr yaratmış neçə-neçə memar, bənna, xəttat və nəqqaşın adlarını ictimaiyyətə tanıtmışdır.
Alim Azərbaycanın tarixi ərazilərindəki epiqrafik abidələri tədqiq etməklə, ölkəmizin ərazi bütövlüyünü sübut edən tutarlı dəlillər ortaya qoymuşdur. A.Həşimov demişdir ki, Məşədixanım Nemət tarix elminin ən çətin sahəsi olan epiqrafika ilə məşğul olmuş və bütün mənalı ömrünü bu işə həsr etmişdir. Epiqrafika elmi üzrə mütəxəssisi heç bir universitet yetişdirmir. Bu elm sahəsi ilə məşğul olanlar dünyada barmaqla sayılır və M.Nemət də belə nadir mütəxəssislərdəndir. Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, Fəridə Məmmədova, Cəfər Qiyasi, akademik Ziyad Səmədzadə, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, professor Şahin Fərzəliyev, tarix elmləri doktoru Vəfa Quliyeva və başqaları çıxış edərək M.Nemətin mənalı ömür yolu və zəngin yaradıcılığından danışmışlar.
Vurğulanmışdır ki, Məşədixanım Nemət 60 ildən artıq bir dövrdə Azərbaycanı və onun tarixi ərazisini gəzmiş, xalqın maddi-mədəniyyətini təşkil edən 2500-dən artıq epiqrafik abidəni toplamış, tədqiq etmiş və onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi alimin 12-dən artıq monoqrafiyasını, 200 elmi məqaləsini və nəhayət, 6 cilddə planlaşdırılmış "Azərbaycan epiqrafik abidələri" toplusunu göstərmək olar.
Xüsusi olaraq qeyd edilmişdir ki, toplunun beşinci cildində Qərbi Azərbaycandakı, eləcə də hazırda ermənilərin işğalı altında olan ərazilərimizdəki yurd yerlərimizin daş kitabələrindən söz açılmışdır. Altıncı cilddə isə XVII-XIX əsrlərə aid mis qablar, silahlar, bayraqlar üzərindəki ərəb-fars dillərində olan kitabələrdən bəhs edilmişdir. Təqdimat mərasiminin iştirakçıları M.Nemətin bir alim kimi elmi axtarışlarını əks etdirən "Azərbaycanın epiqrafik abidələri" altıcildliyinin qiymətli bir toplu kimi müxtəlif dillərə tərcümə olunmasını tövsiyə etmişlər.